DEMOQRAFİK FƏLAKƏT – Qız uşaqlarının sayı kəskin azalır...

Azərbaycan dünyada Çindən sonrakı yeri tutur...

BMT-nın Əhali Fondunun iki il əvvəl təqdim etdiyi hesabata görə, 50 il sonra Azərbaycanda qız uşaqlarının sayı kəskin azalacaq. Bu da ölkədə demoqrafik vəziyyəti kritik hala gətirəcək. Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan, doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra 2-ci yeri tutur.

Belə ki, 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb. Bioloji normaya görə 100 qıza 105-107 oğlan düşməlidir.

Hazırda bu nisbət 100-112-dir. Mənfi tendensiya 2018-ci ilin statistikasında da özünü qabarıq şəkildə göstərir. Belə ki, həmin ilin 11 ayı ərzində (yanvar-noyabr) 127 681 uşaq dünyaya gəlib. Körpələrin 53,4 faizini oğlan, 46,6 faizini isə qız uşaqları təşkil edib.

“Oğlan uşaqlarına üstünlüyün verilməsi, qız uşaqlarının selektiv abort yolu ilə yox edilməsi davam edərsə, gələcəkdə cins nisbəti balansına mənfi təsirini göstərəcək”, - deyə hesabatda qeyd olunub.

Demoqrafik balansın pozulması artıq ölkənin ən vacib problemlərindən birinə çevrilib. Statistik rəqəmlər göstərir ki, oğlan və qız uşaqları arasında say fərqi sürətlə böyüyür. 

Məsələn, Təhsil Nazirliyinin 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, respublikanın ümumi təhsil müəssisələrində 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. Onların 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Normal demoqrafik vəziyyətdə hər iki cinsin nümayəndələri say etibarı ilə təxminən bərabər olmalı idi, amma rəqəmlərdən görünür ki, qızların sayı bərabərlikdən 107.6 min nəfər azdır.

Milli Məclisin üzvü Musa Quliyev bildirir ki, dünya təcrübəsində oğlan və qız uşaqları arasında faiz nisbəti 49-51 olmalıdır. Deputat qeyd edib ki, Azərbaycanda faiz nisbətində belə fərqlənmə subyektiv amillərin, yəni konkret insan müdaxiləsinin göstəricisidir.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində bu problem mövcuddur: "Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada şübhəsiz ki, tədbirlər görülməlidir, amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var".

Qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulmasının mənfi təsirləri haqqında danışan M.Quliyev bildirib ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olacaq: "Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var".

“Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova problemin səbəblərini mətbuata şərh edərkən bildirib ki, qız uşaqlarının azalmasının səbəbi selektiv abortlardır: “Son zamanlar abort məsələsi də kənarda qalıb. İnsanlar hesablama, yaxud da mayalanmayla oğlan uşaqlarını dünyaya gətirirlər. Düzdür, bunu daha çox böyük şəhərlərdə edirlər, amma az deyil.

Bu, qadına qarşı zorakılığın ən bariz nümunəsidir. Qız uşaqlarının ana bətnində öldürülməsi qadına olan münasibətin nümayiş etdirilməsidir. Düzdür, Səhiyyə Nazirliyi bu məsələylə bağlı kifayət qədər tədbirlər görür, amma buna baxmayaraq, qız uşaqlarının sayı hər il aşağı düşür. Səhv etmirəmsə, bir neçə il öncə qızlar yeni doğulan uşaqların 49, oğlanlar isə 51 faizini təşkil edirdi.

Tədbirlər təkcə Səhiyyə Nazirliyiylə bağlı olmamalıdır. Ümumi cəmiyyətdə qadınlara qarşı münasibətdə özünü göstərməlidir. Səhiyyə Nazirliyi selektiv abortların qarşısının alınmasıyla bağlı əlindən gələnləri edə bilər. Amma insanların şüurunda qız uşaqlarına münasibətin dəyişməsi ciddi fəsadlar törətməkdədir. Erkən nikahlar, qız qaçırtmalar, evdə qadınlara qarşı zorakılıq halları bu gün də davam edir. Bu baxımdan, qadın məsələləri, cinayətlərinin daha ciddi araşdırılması, ağır cəzaların verilməsi çox vacib şərtdir”.

Qeyd edək ki, bu problem Azərbaycanla yanaşı bir sıra dünya ölkələri üçün də aktualdır. 200 ölkədə 1970-2017-ci illər aralığındakı doğuş statistikasını araşdıran Amerika və Sinqapur alimləri bəzi anomaliyalar aşkar ediblər - ayrı-ayrı zaman kəsiklərində yeni doğulmuş körpələr arasındakı cinsiyyət nisbətləri kəskin şəkildə dəyişib.

Məsələn, 2005-ci ildə Çində hər yeni doğulan 100 qız uşağına 118 oğlan düşüb. 2018-ci ildə Hindistanda bu nisbət 111 olub.

Oğlan uşaqlarının sayındakı anormal artım daha doqquz ölkədə müşahidə edilib - Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Vyetnam, Tayvan, Tunis, Monteneqro və Cənubi Koreya.

Selektiv abortların kəskin artdığı ilk ölkə Hindistan olub. Oğlan uşaqlarının qeyri-proporsional artımı (1,1) orda hələ 1975-ci ildən start götürüb və bu tendensiya indi də davam etməkdədir.

1980-ci illərin əvvəllərində eyni hal Çində, Koreyada, Tayvanda, Tunisdə və Monteneqroda baş verib. Hələ də 100 qıza 114 oğlanın düşdüyü Çin istisna olmaqla, hazırda həmin ölkələrdə vəziyyət normallaşıb.

Üç keçmiş sovet respublikasında - Azərbaycan, Gürcüstan və Ermənistanda selektiv abortların kəskin artışı SSRİ-nin süqutundan sonrakı 1991-92-ci illərə təsadüf edir. Həmin illərdə bu ölkələrdəki ümumi doğuş sayı da azalıb.

Hazırda Gürcüstanda nisbət bərabərləşib, amma Azərbaycanda və Gürcüstanda selektiv abort təcrübəsi hələ də geniş miqyasda tətbiq edilməkdədir. 2017-ci ildə bu ölkələrdə hər yeni doğulmuş 100 qız uşağına 112-113 oğlan düşüb.

AzPolitika.info

635x100

Şərhlər

Aqil 2020-09-18 08:26:01

Bu t.ədaləti birdəfəlik jurnalist kimiişə götürün ki, özünün ətraflı ağıllı fikirlərini lap geniş yazsın.

Vətəndaş 2020-09-17 17:30:22

Əsas faciyə odur ki,cavanlar ağır iqtisadi durumdan ölkədən qaçır. Ölkədə ancaq məmurlar,klanlar onların ətrafları və qohum qudaları dolanır. Və bir neçə regiyonun nümayəndələri. Qalan əhaliə işləmək,işlə məşğul olmaq mümkün deyil. İndi hər 10 nəfər təhsilli cavan oğlan ya qızdan soruşsalar cavab verəcək ki, bir təhər xaricə gedə bilsən bilərdim ki heç olmasa işləyə biləcəm. Əsasən cavan əhali ölkədən qaçır. Bax əsl fəlakət budur

t.ədalət 2020-09-17 09:39:29

Hiss olunur ki,Milli Məclisdə mövzu tükənib.Təzə deputatların bəziləri də yazdıqları məqalələrlə hakimiyyəti aldatmaqla məşğuldurlar.Axı,onların cızma-qaraları heç Azərbaycanın sərhədlərini aşa bilmir.Bir də ki dünya oxucuları onların yazdıqları hədyanları oxumağa maraqlı deyillər.Yalançı ideyaları Azərbaycanda qəbul edən yoxdur.İmzaya baxan kimi səhifələri qapayırlar.O ki qaldı qızların azlığına,narahat olmasınlar.Oğlanların çoxluğu baş ucalığıdır.İrlandiyada qız ərə verməyə əli çıraqlı oğlan axtarışındadırlar.Elə qonşu Rusiyada da miqrasiya zamanı subay azərbaycanlı oğlanlara üstünlük verirlər.

Son yazılar