“Neftin qiyməti aşağı düşüb və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir” – prezident İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasına yekun vurarkən belə deyib.
Dövlət başçısı hökumətin qarşısında duran vəzifələrdən söz açarkən deyib ki, gələn ilin büdcəsində hərbi xərclərə xüsusi diqqət göstərilməlidir: “Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq atəşkəs rejimi yaradılıb. Ona görə yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik.
Bununla bərabər Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilib. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərilib. Həm Azərbaycan öz hərbi məhsullarını təqdim edib, həm də dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdiriblər. Demək istəyirəm ki, dövlət büdcəmizdə yerli hərbi istehsala diqqət göstərilməlidir”.
“Media forum” saytının məlumatına görə, dövlət investisiya layihələrindən söz açan prezident büdcənin müəyyən hissəsinin Neft Fondunun transfertləri hesabına təmin edildiyini xatırladıb: “Neftin qiyməti aşağı düşüb və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın.
Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranıb ki, inanmıram neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq”.


Şərhlər