“DEDİYİMİZ "BEŞİNCİ KOLON" ELƏ BELƏ İNSANLARDIR...” – "Yadınıza salın, Primakovun yubileyi Bakıda necə keçirildi?..."

İlham İsmayıl: “Media və vətəndaş cəmiyyətində çalışanların üzərinə qoyulan vəzifə cəmiyyəti rusiyayönümlü etməkdir...”

“Bakı Slavyan Universiteti faktiki olaraq Rusiya üçün münbit agentura mənbəyidir”

Rusiya kəşfiyyat orqanlarının Cənubi Qafqaz ölkələrindəki fəaliyyəti, qurduğu agentura şəbəkəsi ilə bağlı dossier.center (https://dossier.center) saytında yerləşdirilən materiallar Azərbaycan cəmiyyətində geniş rezonans doğurub.

Materiallarda Rusiya Prezidentinin xarici ölkələrlə bölgələrarası və mədəni əlaqələrinə rəhbərlik edən kəşfiyyat generalı Vladimir Çernova məxsus sənədlərin arasından əldə edildiyi iddia olunan və Moskvanın Azərbaycandakı “yumşaq gücü” kimi xarakterizə edilən 76 nəfərlik siyahı da yayımlanıb.

Vladimir Çernov və Əli Həsənov

Ölkənin vətəndaş cəmiyyəti institutlarında və mediasında çalışan, içərisində tanınmış saytların baş redaktorları, jurnalistlər və politoloqların adlarının da olduğu siyahıdakı şəxslərin Rusiya dövlətinin maraqlarına xidmət edə biləcəyi vurğulanıb. Hətta bəziləri haqda sənədlər də yayımlanaraq Rusiya Baş Kəşfiyyat İdarəsindən təlimat aldıqları iddia olunub.

Qeyd edək ki, adıçəkilən sayt Rusiyanın Gürcüstanda və Ermənistandakı casus şəbəkəsi ilə bağlı daha geniş və təfsilatlı materiallar yayımlayıb. Həmin materiallarda agentlərə ödənilən pullar, qoyulan tapşırıqlar, verilən tezislər açıqlanıb. Bu da hər iki ölkədə ciddi müzakirələrə səbəb olub, siyasi qalmaqal yaradıb.

Ancaq Rusiya kəşfiyyatının Azərbaycanda işbirliyi qurduğu iddia olunan şəxslərlə bağlı isə belə geniş informasiyalar verilməyib. Sadəcə adlar və onlardan alınan bəzi məlumatlar dərc olunb.

Adları siyahıda qeyd olunanların bəziləri mətbuatda açıqlama verərək, Rusiyanın maraqlarına xidmət etdiklərinə dair iddiaları təkzib edib, müxtəlif izahlar veriblər.

Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də açıqlama yayaraq, məlumatların həqiqətə uyğun olmadığını, Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı təxribat olduğunu bəyan edib. 

"Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq", – DTX-nın açıqlamasında bildirilib.

DTX-nın belə aydın və kəskin tonda verilmiş bəyanatından sonra sözügedən materialın və yayılan siyahının təxribat xarakterli olduğuna əksəriyyətin şübhəsi qalmadı. Lakin bu material istər-istəməz Rusiya kəşfiyyatının postsovet məkanında, o cümlədən Azərbaycanda fəaliyyəti mövzusunu yenidən aktuallaşdırıb. Hansı ki, belə bir fəaliyyətin mövcudluğu şübhə doğurmur, əksini düşünmək sadəlövhlük olar. 

Aydındır ki, Rusiya keçmiş ittifaq ölkələrində, o cümlədən Azərbaycanda özünün “yumşaq gücü”nü formalaşdırmaq istiqamətində ciddi fəaliyyət göstərir. İmperiya maraqlarından imtina etməyən Moskva, öz təsir dairəsini genişləndirmək üçün bu ölkələrdə tanınmış, az-çox ictimai rəyə təsir gücü olan insanları ələ alaraq, onlarla sıx əlaqə qurur. Yəni, kəşfiyyat generalı Çernovda və başqalarında mütləq hansısa siyahılar var, əsl həqiqətdə o siyahılarda kimlərin adının olduğunu isə, necə deyərlər, bir Allah bilir.  

Xüsusi xidmət orqanlarının istefada olan zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da məsələyə bu prizmadan baxılmalı olduğunu bildirir. 

O, "AzPolitika.info”-ya açıqlamasında DTX-nın belə bir məlumat yaymasının başadüşülən olduğunu bildirməklə yanaşı, sözügedən materialda qeyd olunan məsələlərin və adların ciddi şəkildə araşdırılmasını da zəruri hesab edir.

İ.İsmayıl, belə məxfi materialın ələ keçirilərək yaymasının mümkünlüyü ehtimalına dair sualımıza cavab olaraq bildirdi ki, bu, çətin olsa sa, mümkünsüz deyil: “Əvvəla onu deyim ki, Rusiya Baş Kəşfiyyat İdarəsinə məxsus olan informasiyalara çıxışda həddindən artıq məxfilik mərhələləri var. Bu məlumatların sızdırılması çox çətindir. Amma burada qarşıya qoyulan məqsədləri aydınlaşdıranda, məram tamamilə uyğun gəlir. Çünki Baş Kəşfiyyat İdarəsi, əsasən, QHT, media istiqamətində işləyir, müxtəlif ölkələrdə Rusiyaya meyilliləri seçib öz işlərinə cəlb edir. Bu, onların əsas fəaliyyət istiqamətlərindən biri olduğuna görə, Azərbaycanda da, Gürcüstanda da kimlərləsə əlaqə yaratmaq istəmələri və ya yaratmaları mümkündür. Müəmmalı qalan məsələ informasiyanın sızdırılmasıdır...”

İlham İsmayılın fikrincə, bu da iki variantda ola bilər: “Əməkdaşlar arasında ixtilaf baş verir, biri digərini zərbə altında qoymağa çalışır. Fikir vermisinizsə, yayılan məlumatlarda iki nəfərin adı çəkilir. İkinci variant odur ki, regionda maraqları olan başqa xüsusi xidmət orqanları bu məlumatları ələ keçirib, yayır. Rusların bu informasiyaları qəsdən sızdırmaları ehtimalını ciddi hesab etmirəm. Mən siyahıda çəkilən adlara, onların çalışdıqları sektorlara baxıram, tamamilə Baş Kəşfiyyat İdarəsinin işinə, məqsədlərinə uyğun gəlir. Yəni, hədəflər doğru seçilmiş kimi görünür...”

İ.İsmayıl adıçəkilən saytda postsovet məkanında Rusiya kəşfiyyatının fəaliyyətinə dair materialların yayılmasını həm də bu ölkənin məxfi əməllərinin ifşası kimi də dəyərləndirilə biləcəyini vurğulayır: “Burada başqa dövlətlərin kəşfiyyat xidmətinin maraqları və imkanları olduğu da istisna deyil. Yəni, Rusiya ilə maraqları üst-üstə düşməyən kəşfiyyat orqanlarından söhbət gedir. Məsələn, ABŞ-ın, İsrailin, Türkiyənin və digər Qərb ölkələrinin maraqları ola bilər. Onlar bu məlumatları yaya bilərlər ki, məsələn, Azərbaycanda rusiyayönümlü insanların olması səbəbsiz deyil. Bu, Rusiya kəşfiyyatının kimlərinsə vasitəsilə cəmiyyətdə apardığı işin nəticəsidir.”

İ.İsmayılın fikrincə, media və vətəndaş cəmiyyətində çalışanların Rusiya kəşfiyyatına xidmətləri də, əsasən, bu istiqamətdə ola bilər: “Əlbəttə, onlar məxfi informasiya daşıyıcıları deyillər. Bu sfera tamamilə başqadır. Media və vətəndaş cəmiyyətində çalışanların üzərinə qoyulan vəzifə isə, cəmiyyəti rusiyayönümlü etməkdir... Vətəndaş cəmiyyətində Rusiyaya məhəbbət yaratmaq, onu bütövlükdə cəmiyyətə aşılamaq və başqalarını qəbul etməmək. Bu da elə Vətənə xəyanət kimi bir şeydir. Məşhur "beşinci kolon" deyirik, onlar elə belə insanlardır. "Beşinci kolon" o demək deyil ki, kiməsə informasiya daşısın. Sən öz jurnalist, QHT fəaliyyətinlə Rusiyanı, onun dilini, mədəniyyətini təbliğ elə, Qərbi, xüsusən Türkiyəni qəbul etmə, birbaşa və ya dolayı yollarla əleyhinə iş apar...”

Təhlükəsizlik zabitinin fikrincə, buna görə də məsələyə ciddi yanaşılmalıdır: “Mən demirəm ki, onların hamısını çağırıb sorğu-sual etməlidirlər. Hərçənd ki, lazım gəlsə, bunu da edə bilərlər. Hətta yayılan məlumat dezinformasiya olsa belə, bu istiqamətdə işin aparıldığı ortadadır. Bu qədər adam adları çəkilir. Siyahıdakı 5-10 nəfər barədə nəsə demək çətindir, yerdə qalanların hamısı birmənalı rusiyayönlü fəaliyyət göstərən insanlardır. Onların fəaliyyətinə ciddi nəzarət olmalıdır. Vacib deyil ki, güc strukturları əməliyyat keçirsin, elə media adları çəkilən adamların fəaliyyətini monitorinq etsin, jurnalist tədqiqatları aparılsın. Baxsınlar, onların fəaliyyətində nə dərəcədə rusiyayönümlülük və anti-Qərb mövqeyi var. Bütün hallarda, bu, çox ciddi məsələdir, bu fəaliyyətlərin qarşısı alınmalıdır. Bundan əlavə, dövlətin öz proqramı olmalıdır. Amma təəssüf ki, bəzi dövlət orqanlarının da fəaliyyətində rusiyayönümlülük müşahidə olunur. Rusiyanın ali məktəblərinin filialları, rusdilli məktəblər açılır. Bax, indi baş verənlər də məhz rusdilli məktəblərin nəticəsidir...”

Bu cür əməkdaşlıqların hansı əsaslar üzərində qurulduğuna dair sualımıza cavab olaraq İ.İsmayıl bildirdi: “Məsələn, QHT-lər xaricdən maliyyələşdirilə, onlara konkret mövzular verilə bilər. Yadınıza salın, Primakovun yubileyi Bakıda necə keçirildi? Bakı Slavyan Universiteti faktiki olaraq Rusiya üçün münbit agentura mənbəyidir. Ola bilsin, vəsait ayrılıb, yaxud, başqa qarşılıqlı fəaliyyətin nəticəsində bu işlər görülüb. Bir daha qeyd edim ki, onların fəaliyyəti hansısa məxfi informasiyalar toplamaqdan ibarət deyil. Cəlb edirlər, hərdən görüşürlər, ola bilsin, onları heç "verbovka" edib, ləqəb də seçmirlər. Sadəcə, maliyyə alıb onların xəttini yeridirlər. Bu xətt də rusiyayönümlülüyü təbliğ etməkdən ibarətdir”.

İ.İsmayılın fikrincə, bu cür fəaliyyətin çox böyük mənfi nəticələri olur: “Məsələn, görülən işlərin nəticəsi olaraq insanlar arxa planı fikirləşmədən rusdilli məktəbləri seçirlər, Rusiyaya meyl göstərirlər. Türkiyəni qəbul etmirlər, aşağılayırlar, Qərbi düşmən bilirlər və s. Bunların bir qismi sovetdən qalanlar olsa da, təəssüf ki, bir hissəsi də yeni nəslin nümayəndələridir.”

Bu siyahının Türkiyə-Azərbaycan münasibətlərində önəmli yaxınlaşmanın baş verdiyi, iki ölkə arasında hərbi təlimlərin keçirildiyi, Media Platformasının yaradılmasının razılaşdırıldığı bir vaxtda ortaya çıxması təsadüfdürmü?

Bu suala cavab olaraq İ.İsmayıl qeyd etdi ki, bu məlumatların ortaya çıxmasında başqa maraqlı xüsusi xidmət orqanlarının rolu ola bilər: “Yenə deyirəm, hətta dezinformasiya da olsa, onun kifayət qədər əsasları var.”

İ.İsmayıl daim imperiya maraqlarından çıxış edən Rusiyanın dövlət strukturlarında, siyasi partiyalarda və başqa sahələrdə agentura şəbəkəsi qurmağa çalışmasını, kimlərləsə əməkdaşlıq etdiyini istisna etmir: “Agenturaların fəaliyyəti müxtəlifdir. Birindən hərbi sirlərə aid məlumatlar istəyirlər, başqasına cəmiyyətin əhval-ruhiyyəsini öyrənmək tapşırılır, digərindən etnik münasibətləri qızışdırmaq tələb edirlər və s. Burada isə məqsəd cəmiyyətdə Rusiyaya məhəbbət oyatmaq, Qərbə, Türkiyəyə nifrət yaratmaqdır. İlk baxışdan, bəlkə də, zərərsiz görsənir. Amma bunun ölkəmizə çox böyük zərərləri var...”

Elçin

AzPolitika.info

635x100

Şərhlər

Amin 2020-09-22 15:07:09

Mana halada çatmlr ki RİMAKOVUN NA üçün 9o illiyi Bakida keçirilibdir?

RT 2020-09-22 08:50:38

Satqinlik en bôyûk felaketdi , millet ûcûn !!! Millet satqinlardan yaxa qutarmasa , axri sonu olmayacaq milletin .

Səlim 2020-09-22 01:01:56

Turkmenistan rus bölmələrini və məktəblərini bağladı. Amma indiki 15-18 yaşlı rus dilli gənclərdən nə vaxtsa öz mənafeyi naminə istifadə edə bilər. Təbii ki, hamısından deyil. Ona görə hələ Türkmənistana onilliklər lazım olacaq ki, Rusiya meyilli vətəndaşlarını nəzarətdə saxlasın. Və biz buna nə vaxt başlayacayıq ki, onilliklər sayaq? Təbii ki bu butun rus bölmələrində olan vətəndaşlarımıza aid deyil.

Səlim 2020-09-22 00:59:54

Turkmenistan rus bölmələrini və məktəblərini bağladı. Amma indiki 15-18 yaşlı rus dilli gənclərdən nə vaxtsa öz mənafeyi naminə istifadə edə bilər. Təbii ki, hamısından deyil. Ona görə hələ Türkmənistana onilliklər lazım olacaq ki, Rusiya meyilli vətəndaşlarını nəzarətdə saxlasın. Və biz buna nə vaxt başlayacayıq ki, onilliklər sayaq? Təbii ki bu butun rus bölmələrində olan vətəndaşlarımıza aid deyil.

Fərman 2020-09-21 23:27:20

Rusiya universitetləriin rektorları kimlərdir: Slavyan unversiteti və MoskvaLomonosov unuversitetinin filiallarını araşdırın.Sonra sonuncun axtarın.lbimke

AMIN 2020-09-21 22:16:57

Məhlələrdə,marketlərdə valideyinləri ilə rus dilində danışan azyaşlıları görəndə fikirləşirsən ki,10-15 ildən sonra 5-ci kolon deyil 6-cı kolon da yaranacaq.keçən əsrin 60-cı illərində ağazalarda yalnız rus dilində cavab verirdilər.Kim təminat verə bilər ki,həmin məqam yetişməyəcək. ə f10-15 ildən sonra 5-ci yox 6-cı kolon da yaranacaq.keçən əsrin 60 ıcı illərindəkənddən gələn gənclər hansı mağazadan nə soruşurdularsa cavab rus dilində olurdu.Həmin

Xalq 2020-09-21 20:08:26

Bizim ölkəmizdə qardaş Türkiyəyə rəğbət oyadılmalıdır rusiyaya yox. Bu dövlət, yəni rusiyadır bizi bu günə salan. Ona görə də bütün rus agentləri aşkarlanaraq adları açıqlanmalıdır. Bunu bütün millət tələb edir sizdən. Agentlərə qarşı heç bir güzəşt olunmadan adları açıqlanmalıdır, ədalət naminə

Ali 2020-09-21 19:40:41

4. Ona qalsa Azərbaycanın ali məktəblərində ən azı 30 imgilis dili və ədəbiyyatı kafedrası var. Sən demə onlar hamısı anqlo=-amerikan agentutra hazırlayan mərkəzlər imiş! Ən böyük agent isə ingilis dili mütəxəssisləri olan S. Seyidov və S. Qafarovadırlar. Onlar isəm superagentdirlər!

Ali 2020-09-21 19:35:27

2. Məmmədhəsən əmi fars dilini, ədəbiyyatını, Hafizi, Firdovsini oxuyub qatı İran agenti olur, Həsənqulu da alman dilini, ədəbiyyatını öyrənib alman agenti olur.

Eli 2020-09-21 15:47:33

Men şexsen insanlar tanıyıam ki 15-20 il bundan qabaq doğma dilinde danışmağı özüne ar bilidi indi çox yüksek vezifede işleyir ve Ana dilinde bülbül kimi ceh ceh vurur ancaq qanında ayrı şeydir.Demek isteyirem ki ne qeder kş genc neslin terbiyyeçileri sobet döneminde bir kelmede doğma dilinde danışmayanlardır heç neden söhbet gede bilmez bunun üçüm yeni nesil yaratmaq meqsedile doğum evlerine be mekteblere sifarişler verilmelidir

Eli 2020-09-21 15:35:39

Amerika elim ve alimleri beşeriyyete verdiyi töhvrleri hamı bilir.Bu ölkenin elm aleminin zemanesinin dahi alimi kimi qiymet verdiyi Lütfuzafe kimi bir İnsanın özüne varis seçdiyi Rafiq Eliyev kimi dahi bşr alimi bizim elm alemi qebul etmek istemir nece ki, rehmetlik Azad Mirzecanzadeni qebul etmirdiler.Ancaq dünyanın qanaqcıl ölkelerinin heç birinin qebul etmediyi institutların filşalları bizde açılır buna sade vetendaş bedbext neyledin.

Eli 2020-09-21 15:26:03

İkincisi eger Dövlet ve milletin inkişafı üçün bu filiallar açılırsa qoy qoy dünyaca meşhur ve birinci yüzlüye ve yaxud heç olmasa minliye düşen meşhur Avropa,Amerika institutlarının gilialları be yaxud heç olmasa qardaş Türkiyyenin institutlarını filialların açsınlar ki qat qat rus unuversitetlerinden öndedirler.Ona göre açmırlar ki onların-bu işin teşkilatçılarının seviyyesi iRusiya seviyyesinden yuxarı deyıl .Bedbextçilik de mehz ondador ki bu işin yeşkilayçıları kim ve kimlerdir.

t.ədalət 2020-09-21 15:20:35

Primakov əsasən terrorçu kürdlərin hazırlanmnasında iştirak edirdi.O zamanlar Sovet höküməti bu çirkin işdə Azərbaycan vətəndaşlarından da istifadə edirdi.Əlbəttə,kürd kökənlilərdən istifadə olunurdu.Belə bir adamlardan biri də posolluqda işləmək adıyla İrağa göndərilmiş Qəzənfər Paşayev idi.Ərbildə və Süleymaniyədə Rusiyanın tapşırıqlarını icra edən Q.Paşayev kimi adamların Primakovla bağlı fəaliyyəti bü gün araşdırılmalıdır.Qardaş Türkiyəni kürd terrorçularının əli ilə dağıtmağa yönəlmiş fəaliyyət iştirakçılarının hamısı faş edilməlidir.Bu gün ən ağır günümüzdə bizə yeganə dəstək göstərən qardaş Türkiyənin düşmənləri aşkar edilməlidir.Türkiyəyə qarşı xəyanət işində iştirak edənlər layiqli cəzalarını almalıdırlar.

Eli 2020-09-21 15:11:09

Çox doğru fikirlerdir .En maraqlısı ise Rusiya ali mekteblerinin filiallarının ve rusfilli mekteblerin açılması ve bu işin durmadan davam etmesidir .Maraqlıdır nu filialların ve rusdilli mekteblerin açılmasının vetendaşa heç bir aidiyyatı yoxdur bu konkret bu saheye rehnerlik eden ve onların ağslarının sifarişidir araşdırın görun bu filiallar ve mektebler hansı naziri vaxtında açılıb be meqsed nedir

Son yazılar