Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev dünya birliyinin, xüsusilə yaxın qonşularımızın Azərbaycan Ordusunun işğalçı erməni qoşunlarına endirdiyi əks-zərbəyə reaksiyaları ilə bağlı suala cavab verib. Partiya sədri deyib:
- İlk növbədə xalqımızı, Ali Baş Komandanı, zabit və əsgərlərimizi torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə etdiyimiz uğurlar münasibətilə təbrik edirəm. Son aylar Azərbaycan diplomatiyası uğurla beynəlxalq ictimaiyyəti regionda baş verənlər, həmcinin Ermənistanın hücuma hazırlaşdığı və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Azərbaycan Respublikası Prezidentinin BMT Baş Məclisinin 75-ci sesiyasındakı çıxışı son dərəcə təsirli və əhəmiyyətli idi. Birinci vitse-prezident Mehriban xanımın, çoxlarının zamanında başa düşmədiyi, Qərb ölkələrində, Pakistanda apardığı uzunmüddətli humanitar iş bu gün öz müsbət nəticəsini göstərməkdədir. Bu istiqamətdə MM-in sədri Sahibə Qafarovanın Moskvaya səfərini, xüsusilə Rusiya Federasiya Şurasındakı çıxışını da çox yüksək qiymətləndirirəm. Onun Qarabağın tarixi və mövcud vəziyyət barədə rus senatorlarına ünvanlanan çıxışı erməni lobbisinin təsiri altında olan rus ictimaiyyəti üçün bir yenilik idi. Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin yeni rəhbərliyinin səylərini də qeyd etmək lazımdır. Məhz ayr-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla görülmüş işlərin nəticəsidir ki, dünya birliyinin Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətindəki fəaliyyətinə ilkin yanaşmasını pozitiv qiymətləndirmək olar.
Bizim üçün müstəsna əhəmiyyət kəsb edən böyük qonşularımızın münasibətinə gəldikdə isə, qardaş Türkiyənin reaksiyasının necə olacağı bəlli idi. Biz qardaş ölkənin cəsur və müdrik lideri Ərdoğana, Çavuşoğluna, Hulisi Akara, Mustafa Şentopa və bütövlükdə Türk hökumətinə, qardaşlarımıza son dərəcə minnətdarıq. Biz qardaş Pakistan Respublikasına da tutduğu ədalətli və prinsipial mövqeyinə görə təşəkkür etməliyik. Yaxın qonşularımız və tarixi əlaqələrimiz olan çoxmillətli ölkələr olan Rusiya və İranın ilk bəyənatlarını müsbət qiymətləndirmək olar. Onlar işğalçı ölkəyə dəstək verməyəcəkləri təqdirdə öz dövlətlərini möhkəmləndirəcək, qonşu Azərbaycan xalqının sevgi və ehtiramını qazanacaq, regionda öz mövqelərini gücləndirəcəklər. Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları heç zaman yaddan çıxarmayacaq. Onların beynəlxalq hüququ müdafiə etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaması hər iki ölkənin beynəlxalq nüfuzunu da artırmış olardı. Hazırda ordumuzun qarşısında duran əsas vəzifə ondan ibarət olmalıdır ki, qarşıya qoyulmuş vəzifəni qısa müddətdə yerinə yetirsin. Müharibə uzanarsa, ona müdaxilə edənlərin sayı da artacaq.


Şərhlər
Azərbaycan daxili terror(işğal) dəstələrini 27 il gözlədikdən sonra ya silahı yerə yoxmağı, ya da sonu seçməyə çağırıb! Buna hər hansı bir dövlətin, elə Ermənistanın da qatılması İKİQAT HƏRBİ CİNAYƏTdir!?
Rusiyaya Azərbaycan xalqının ehtiramı lazımdırmı?Zatən,ruslar bu ehtiramı iki yüz ildən çoxdur ki,hərrəmirlər
Qüdrət Həsənquliyev-“Rusiya və Iran işğalçı ölkəyə dəstək verməyəcəkləri təqdirdə öz dövlətlərini möhkəmləndirəcək, qonşu Azərbaycan xalqının sevgi və ehtiramını qazanacaq”. Bizcə belə səviyyəsiz çıxışlar, söz xatirinə danışmaqdan başqa bir şey deyildir. Ölkə Başçısı bütün vəziyyəti nəzərə alaraq bu addımı atdı. Lütfən, bu cür sözlərlə nə dövləti nə də xalqı küçük düşürməyin.