Qonşu sevdalıları, sözümüz sizədir...

Xeybər Göyyallı 

İndiyə qədər də hər şey bəlli idi. İranın asta-usta diplomatiyası da, Rusiyanın Pyotrdan bəri erməni dəstəyi də, fransızların hay sevgisi də.

Rusiya və Fransa bir anlıq geriyə qalsın, iranlılardan başlayaq, çünki onlar lap yaxındadırlar. Yaxın olsaq da, biz iranlılar kimi siyasət qura bilmərik, heç Allah bizə elə siyasət aparmağı da nəsib etməsin. Çünki bizlərin siyasəti də Allahlıdır. Allah adı çəkilən yerdə ədalət, insaf-mürvət olub həmişə. İranlılar həmişə olduğu kimi, yenə öz işlərindədir. Onları qınamalı deyil. Din qandan sonra yaranıb. İnsan (bu məqamda xalq məfhumunu da göz önünə gətirmək olar) bir varlıq olaraq içindən kənara çıxa bilmir, ürəyində-beynində nə fikirləşirsə, əlləri (əməlləri) ilə də onu gerçəkləşdirir.

Bilənlər bilirdi ki, qonşularımız başqa cür hərəkət edə bilməzdilər. Kaş indi gec də olsa qonşunun havasına oynayanlar göz önündə başverənlərdən nəsə başa düşə bilələr. İllərdi xaçpərəst (bu epiteti qonşu sevdalılarının diqqətini cəlb etmək üçün məqsədli olaraq işlədirəm) erməniləri yedizdirib- içizdirən kimlər idi? Qarabağda əsrlərlə yaşı olan islam mədəniyyət dəyərlərini vandalcasına dağıdan hayları halay çəkib qoruyan kimlər idi? Daha nələr etdiklərini sadalamağa ehtiyac duymuram. Rəsmi dövlət adında islam kəlməsini bəyan edənlərin qəsbkar, qaniçən ermənilərə hər cür, hətta silah-sursatla yardım etməsinin adının nə olduğunu “sevdalılar” özləri desinlər. Siyasətə, diplomatiyaya baxın. Silah-sursatla dolu avtomaşınlar cənublu qardaşlarımız tərəfindən günün günortaçağı yandırılır. Ancaq rəsmi dövlət qurumlarının nümayəndələri bunu danır. Bəsdirin, daha belə olmaz...

Artıq bizi yox, özünüzü aldadırsınız. Amma əfsuslar olsun ki, hələ də aldatdığınız, təsir dairənizə saldığınız bir qisim soydaşımız vardır.

Keçək Rusiyaya. İrandan fərqli olaraq, Rusiya indiyə kimi açıq-aşkar formada erməniləri hər cür müdafiə edib. Təsadüfən hər cür müdafiə edir yazmadım. Ruslar ermənilərin yerinə ölümə belə gedirlər. Rus xalqı gec də olsa anlasın ki, bu bihudə və havayı ölümdür. Birincisi, erməninin kim olduğunu, hansı əxlaq, hansı xislətə sahib olduğunu bütün dünya bilir (Təəssüf ki, hələ də dünyada onları müdafiə edənlər var). Erməni xalqının Rusiya sevgisi Paşiniyanın simasında bir daha gerçəkdən üzə çıxdı. Bu münasibət fərdi olaraq Paşiniyanın şəxsi keyfiyyətləri ilə yox, ümumən hay etnosunun xisləti, xarakteri ilə bağlıdır.

İkincisi, Azərbaycan torpaqları hesabına qurduğunuz Ermənistandan sizə vətən olmaz. Görəsən, Ermənistanda rus əsgərlərindən başqa, nə qədər mülki rus yaşayır? Olsa da, barmaqla sayılacaq qədər az. Rus xalqı gec də olsa anlasın ki, hayların yolunda ölməyə dəyməz.

Rusiyanın rəsmi dövlət qurumlarını təmsil edən şəxslərin açıqlamaları çox qəribədir. Qəribədir deyəndə, əslində, çox ziddiyyətlidir. Prezident Putin bəyan edir ki, qonşularımızın işinə qarışmırıq. Aradan bir neçə saat keçəndən sonra əvəzindən danışmağa vəkalətnamə (etibarnamə də yazmaq olar) verdiyi şəxs həyəcanla açıqlama verir ki, bütün prosesi izləyirik, lazım gələndə Putin məsələyə qarışacaq. Əvvəla, Rusiya Qarabağ probleminin yaradıcısıdır. Sovet dönəmində bu problem məqsədli olaraq yaradılıb.

İkincisi, 30 ildir ATƏT-in Minsk qrupunda Fransa ilə cütləşib. Fransanın adını çəkmişkən, Fransanın prezidentinin bəyanatına münasibət bildirək. Bəyanat dedim, əslində, bu, bəyanat deyildi. Dövlətinə hörmət edən bir şəxs (O ki qala prezident ola) dünya ictimaiyyətinin qarşısında bu cür ədalətsiz bir açıqlama verməzdi. Bu açıqlamanı azacıq saf-çürük edəndə adam Makronun mənşəcə fransız olduğuna şübhə edir. İnsanın bu qədər erməni sevgisi hardandır?! Pribaltikaya səfər etmiş Makron həyəcan və təlaş içərisində idi. Mən elə güman etdim ki, elə oradan Xankəndinə- Koçaryan və Sarkisyanın yanına gələcək. Nədənsə belə etmədi Ancaq tələm-tələsik ATƏT-in Minsk qrupunun üzvləri- Rusiya və ABŞ-ın prezidentləri ilə danışıq apardı və birgə bəyanatın verilməsinə nail oldu. Belə olan təqdirdə sizlərə və sizin nəzarətinizdə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna inanmaqmı olar? Onsuz da, indiyə kimi inanmırdıq, indi isə əyninizə geyindiyiniz kosmetik libasınız da sürüşüb düşdü. Bu astar, bu da üz, gizli heç nə qalmadı. Gedin işinizlə məşğul olun. Əgər işiniz fitnə-fəsad yaratmaq, ədalətsiz hərəkət etməkdirsə, farağat olun. Cənab Makron, Fransa xalqının böyüklüyünə, onun ədalətinə xələl gətirməyin. Ədalətin bərpasına kömək etmək istəmirsinizsə, heç olmazsa, sakit durun.

Ancaq onu da dəqiq bilirəm ki, fransızlar bütövlükdə Makron kimi düşünmür.Qarabağ məsələsində əsl həqiqəti bilən fransızlar Makrona müraciətlər ünvanlayıblar. İndi bilmirəm, Makron həqiqətin harada olduğunu öyrənə biləcək, ya yox? Həqiqəti öyrənmək gec də olsa ədalətin yanında olmağa gətirib çıxarır. Amma Makronun bir həqiqəti bildiyinə şübhə etmirəm. Makron bir çox Fransa şirkətinin Azərbaycanda çalışdığını, ölkəmizlə işbirliyində olduğunu bilməmiş olmaz.

Əminəm ki, bu yazını qonşularımızdan oxuyan olmayacaq. Heç bu niyyətlə də yazmamışam. Özümüzünkülər- qonşu sevdası ilə (hələ də “heyif deyildi sovet hökuməti" deyənlər çoxdur) yaşayanlar üçün yazdım. Bundan sonra qonşu sevdalılarının özləri bilər, qonşu sevdasını ürəklərində bəsləyərlər, ya fikirlərini dəyişərlər. Amma o da var ki, “ölülərdən başqa hamı fikrini dəyişə bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar