Gənclər və idman nazirinin böyük biznesi və gizli siyasi hədəfləri
Dünən - oktyabrın 8-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov yubileyini - 50 yaşını qeyd etdi. Bu münasibətlə prezident İlham Əliyev onu Olimpiya Ordeni ilə təltif etdi. Yubiley yaşı insan üçün həm də bur növ hesabat xarakteri daşıdığından, biz də hörmətli nazirimizin fəaliyyətinə qısa nəzər salmağı qərara aldıq.
Öncə qeyd edək ki, 50 yaşını qeyd edən Azad Rəhimov həm öz yaşı, həm də vəzifə yaşı etibarı ilə ölkənin ən gənc nazirlərindən biridir. 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olan Rəhimovu, bəlkə də buna görə gənclər və idman naziri təyin ediblər...
Komsomoldan biznesə, biznesdən vəzifəyə

2006-cı ilin 7 fevral tarixindən nazir kreslosunda əyləşən Rəhimovun fəaliyyyəti haqda geniş danışmaq mümkün deyil. Çünki ortada böyük bir iş yoxdur.
Düzdür, bəzi nailiyyətlər var. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, son Olimpiadada uğurlu çıxışlar ediblər. Amma Rəhimovun nazir olarkən verdiyi vədlərlə müqayisədə, gördüyü işlər xeyli azdır.
Verdiyi vədləri reallaşdıra bilmədi

Bəzi idman növlərindəki uğurları isə Azad Rəhimovun adına yazmaq yanlışlıq olardı. Məsələ ondadır ki, Azərbaycandakı bir çox nazirlər və imkanlı iş adamları idmana maliyyə yardımı göstərir. Müəyyən sahələrdə idmançıların uğurlu çıxışları da məhz bu sahəyə pul yatıran konkret nazirin və ya iş adamının dəstəyilə bağlıdır.
Burda Azad Rəhimovun rolundan danışmaq yersiz olardı. Əksinə, Azad Rəhimov idmana maddi dəstək verən şəxslərin fəaliyyətini koordinasiya etməyi bacarmayıb. Digər tərəfdən, A.Rəhimovun özündənrazı davranışı bəzi iş adamlarını və vəzifə sahiblərini narazı salıb. Onlar Rəhimovla işləmək istəməyiblər. Bu şəxslərin yuxarı dairələrə şikayətlərindən sonra bəzi idman federasiyaları tam müstəqilləşib.
Azad Rəhimovun “gülənçilərdən” ibarət «siyasi komanda»sı

Əvəzində Azad Rəhimov özünə yaxın gənclərdən ibarət «siyasi komanda» yaratmaq istiqamətində xeyli səy və maliyyə sərf edib. Hətta bir ara iki gənclər təşkilatına nəzarəti həyata keçirən Gənclər və İdman nazirinin bununla siyasi fiqura çevrilmək istədiyinə dair məlumatlar yayıldı. Bu təşkilatlardan biri «İrəli» Gənclər Hərəkatı idi ki, hökumətdəki “nurçu-gülənci” təmizləməsindən sonra onun rəhbərliyində dəyişikliklər edildi.

Azad Rəhimovun “Gülənci şəbəkə” ilə bağlı olub-olmadığını bilməsək də, bir ara onun «siyasi komanda»sı kimi təqdim olunan gənclərin əksəriyyətinin “Hizmət” hərəkatına bağlılığı artıq təsdiqlənib. Hansı ki, bu gənclər yaradılması ideyası məhz Rəhimova məxsus olan «İrəli» Gənclər Hərəkatında cəmləşmişdilər. Təşkilatın rəhbərliyi də son aylara qədər məhz onların əlində idi. «İrəli»nin maliyyə xərclərinin böyük hissəsini nazirin üzərinə çəkdiyi də yayılan məlumatlar sırasında idi.
Gənclər naziri parlamentdə öz «fraksiyasını» yaratmaq niyyətindədir

Buna imkan verilib-verilməyəcəyinii söyləmək çətin olsa da, Azad Rəhimovun bununla bir neçə məqsəd güddüyünü ehtimal etmək olar. Əvvəla, gəncləri hakimiyyətin yanında tutmaq üçün ayrılan rəsmi və qeyri-rəsmi pullara nəzarəti tam ələ keçirmək.
İkincisi, gənclərdən ibarət ictimai-siyasi təşkilatları öz himayəsi altına almaqla, Azad Rəhimov bir növ öz qüdrətini artırmaq, hakimiyyətdəki mövqelərini gücləndirmək istəyir. Hətta tamamilə mümkündür ki, gələn il ciddi şəkildə gənclərin hesabına yeniləşdiriləcək parlamentdə öz «fraksiyasını» yaratmaq imkanı qazanmaq niyyətindədir.
Düzdür, «İrəli» Gənclər Hərəkatının onun nəzarətindən çıxarılması, təşkilatın “Gülənci şəbəkə”yə bağlı üzvlərinə hakimiyyətin etibarının itməsi bunu çətinləşdirib. Ancaq gənclər təşkilatlarına xeyli vəsait sərf edərək, onları təşkilatlandıran, önə çıxaran Rəhimovun da öz hədəflərindən asanlıqla imtina edəcəyini gözləmək doğru olmaz. Azad Rəhimovun Milli Məclisdə söz sahiblərindən birinə çevrilməsi həm gələcək karyerası, həm də biznesinin daha da genişləndirilməsi üçün ona əlavə imkanlar aça bilər.
Tikintidə, təmirdə "qənaət edilən" 100 milyonlar hara gedir?

Bu, özünü bir neçə istiqamətdə göstərir.
Birincisi, idmanın inkişafına, idman komplekslərinin yaradılmasına yönəldilən vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsində. Son 10 ildə Azərbaycanda idmanın inkişafına 2 milyard dollara yaxın vəsait ayrilsa da, onun təyinatı üzrə xərclənməsi ciddi şübhə doğurur.

Eyni vəziyyət Gənclər və İdman Nazirliyi tərfindən həyata keçirilən digər layihələrdə də müşahidə olunur. Belə ki, 2011-2012–ci illərdə Prezidentin Ehtiyat Fondundan T.Bəhramov adına Respublika Stadionunun əsaslı təmirinə 2 dəfəyə 50 milyon manat vəsait ayrılıb. Ancaq üstündən heç iki il keçməyib ki, bu stadionun yenidən təmirə ehtiyacı yaranıb. Halbuki, 50 milyon manata T.Bəhrəmov adına stadiondan yenisini tikmək olardı.
Gimnastika Kompleksinin tikintisinə 56,3 mln. manat xərclənib ki, mütəxəssislər bu rəqəmin də həddən artıq şişirdildiyi qənətindədir.
Rəhimovun gözə görünməyən «idman biznesi»

Olimpiya Komplekslərində idman növlərinin əksəriyyətilə bağlı kurslar mövcuddur. Bu kursların təşkili üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Federasiyalar və olimpiya komplekslərində çalışan idman müəllimləri, məşqçilər isə 150-200 manat məbləğində əməkhaqqı alırlar. Ancaq araşdırmalar göstərir ki, Gənclər və İdman Nazirliyinə məxsus idman komplekslərində, o cümlədən Olimpiya Kompleksində idmanla məşğul olmaq pulludur. Hətta idman kompleksindəki duş, geyim otaqlarından istifadə də ödənişlidir. Paytaxtda və regionda hər bir idmanın öz qiyməti var. Qiymətlər eyni zamanda qrup və fərdi halda məşqlərə görə də dəyişir. Ən bahalısı isə üzgüçülük hesab edilir. Ümumiyyətlə, hansı idman növünə maraq artırsa, qiymətlər bahalaşır. Paytaxtda qiymətlər aylıq bir nəfər üçün 50-100 manat arası, regionlarda 15-50 manat arası dəyişir. Hər ay idmanın müxtəlif növlərilə 10 minlərlə gəncin məşğul olduğunu nəzərə alsaq, il ərzində burda yığılan pulların milyonlarla manatla ölçüldüyünü söyləyə bilərik. Bu pullardan Azad Rəhimovun xəbərsiz olması isə inandırıcı görünmür. Baxmayaraq ki, nazir bunu inkar edir: «İstifadəyə verilən olimpiya komplekslərinin 90-95%-i dövlətdən maliyyələşir. Deməli, gəlirdən söz gedə bilməz». Bəs onda yığılan pullar hara gedir?
Nazirliyin divarları arasında bölüşdürülən pullar
Bundan əlavə hər il büdcədən müxtəlif idman növlərinin inkişafı üçün 10 milyonlarla manat vəsait ayrılır. Ancaq o da məlumdur ki, idman federasiyaları müxtəlif məmurların rəhbərliyi altında fəaliyyət göstərdiyindən, dövlətin ayırdığı vəsaitin böyük hissəsi nazirliyin divarları arasında bölüşdürülür.

Son vaxtlar isə Azad Rəhimov daha bir gəlirli sahədə böyük pay sahibi olub. Belə ki, Gənclər və İdman Nazirliyinin tərkibində yaradılmış “Azəridmanservis” Səhmdar Müəssisəsi vasitəsilə nazir ölkəmizdə totalizator oyunları, yəni futbol qumarından da, necə deyərlər, öz “payını” götürür.
Burdan gələn böyük pulların etibarlı əllərə toplanması üçün nazir totalizatorlara nəzarəti öz yaxın adamı Azər Məhərrəmova tapşırıb. Qeyd edək ki, bu sahədəki gəlirin 70 faizi Gənclər və İdman Nazirliyinə, 30 faizi isə AFFA-nın hesabına köçürülür.
Nazir olandan sonra biznesini daha da böyütdü

Bundan əlavə, «BAKI» Ticarət Mərkəzinin də gənclər nazirinin əmlakı olduğu bildirilir.
Eyni zamanda “Alternativa-Treyding” şirkətinin Azərbaycandakı filialının, “Mbask” şığorta şirkətinin də Azad Rəhimova məxsus olması haqda tam dəqiqləşdirə bilmədiyimiz məlumatlar var.
Ancaq məşhur «Buta» Şadlıq Sarayının, eləcə də şəhərin mərkəzində zinət əşyalarının, mebellərin satışı ilə məşğul olan bir neçə elit mağazanın ona məxsus olması dəqiqdir. Hansı ki, sonuncuları və bizim bilmədiyimiz daha neçə-neçə obyekti Azad Rəhimov nazir olduqdan sonra əldə edib. Məhz yüksək dövlət postunu böyük bizneslə birləşdirməsi sayəsində Azad Rəhimov ölkənin ən varlı oliqarxlarından birinə çevrilib.
Murad Məmmədov
AzPolitika.info

Şərhlər