Azərbaycanda hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi və aviabilet qiymətlərinin daha əlçatan olması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

Bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənəddə Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, uçuş tezliyinin artırılması, aviabilet qiymətlərinə əlçatanlığın yüksəldilməsi və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi kimi məsələlər yer alır. Bununla yanaşı, aviabilet qiymətlərinin əlçatanlığının artırılması, regionlarda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların cəlb edilməsi, eləcə də aşağıbüdcəli aviaşirkətlərin ölkəyə cəlb olunmasının təşviq edilməsi də planlaşdırılır.

Məlum məsələdir ki, ölkədə əsas uçuşların böyük əksəriyyəti "Azərbaycan Hava Yolları"nın (AZAL) kurasiyasındadır. Hazırda AZAL ölkəxarici 50 şəhərə, ölkədaxili isə 2 şəhərə müntəzəm uçuşlar həyata keçirir. Bu gün ava yolu ilə sərnişin daşımalarının 97 faizi AZAL-ın tabeliyindədir. Qiymətlərə gəlincə, sosial şəbəkələrdə edilən paylaşımlar, aparılan müzakirələr, tez-tez yerli KİV-lərdə dərc olunan məqalələr və ekspert şərhlərindən də aydın olur ki, AZAL-ın qiymət siyasəti əksər vətəndaşların ürəyincə deyil.

Orta və aşağı təbəqədən olan insanlar üçün bu cür qiymətlərlə bilet əldə etmək demək olar ki, mümkünsüzə bərabərdir. Digər tərəfdən,quru sərhədlərinin 6 ildir bağlı saxlanmasını da fürsətə çevirən, bunu lazımınca "dəyərləndirən" monopolist şirkət bahalı qiymətə təklif etdiyi aviabiletlərdən bu müddət ərzində milyonlarla əlavə vəsait əldə edib.

Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirləri aşağıdakı formada daha aydın şəkildə anlamaq olar:

- 2020-ci ildə 577,9 min nəfər sərnişin daşınıb - 343 milyon 383 min manat gəlir əldə olunub;

- 2021-ci il də1 milyon 132 min nəfər sərnişin daşınıb - 635 milyon 109 min manat gəlir əldə olunub;

- 2022-ci ildə 2 milyon 253 min nəfər sərnişin daşınıb - 1 milyard 261 min manat gəlir əldə olunub;

- 2023-cü ilğə 2 milyon 911 min nəfər sərnişin daşınıb - 1 milyard 473 min manat gəlir əldə olunub;

- 2024-cü ildə  4 milyon 44 min nəfər sərnişin daşınıb - 2 milyard 99 min manat gəlir əldə olunub.


Qeyd edək ki, hazırda da AZAL-ın təklif etdiyi beynəlxalq uçuşların qiyməti yüksək olaraq qalır. Apardığımız kiçik bir araşdırma zamanı da məlum oldu ki, AZAL ilə məsafədən asılı olmayaraq, hətta yaxın ərazilərə, qonşu ölkələrə belə tək səfərlik səyahətlərin qiyməti kifayət qədər yüksəkdir

Məsələn, elə 24 avqust tarixində AZAL ilə Bakı–Tbilisi 207 manat, Bakı–İstanbul isə 764 manat təşkil edir. Avropanın bəzi istiqamətlərində qiymətlər daha yüksəkdir - Paris 1124 manat, Barselona 1193 manat, Moskva 1167 manat, Sankt-Peterburq 1209 manat. Daha uzun məsafəli istiqamətlərdə isə qiymətlər belə dəyişir - Pekinə 2420 manat, Dohaya 1050 manat, Şarm əl-Şeyxə 1198 manat.

Bakıdan AZAL ilə ən yaxın tarixlər üçün qeyd olunan qiymətlər belədir:

İstiqamət       Tarix                 Qiymət

İstanbul         24 avqust           437 manat

Tbilisi             24 avqust          187 manat

Aktau             24 avqust          644 manat

Dubay            13 sentyabr       962 manat

Paris              25 avqust         1124 manat

Barselona       25 avqust        1193 manat

Moskva           24 avqust        1167 manat

Sankt-Peterburq 24 avqust     1209 manat

London              25 avqust       609 manat

Vyana                 25 avqust     661 manat

Minsk                1 sentyabr      781 manat

Praqa                26 avqust        639 manat

Batumi               25 avqust        237 manat

Doha                 11 sentyabr    1050 manat

Təl-Əviv             24 avqust       2247 manat

Milan                  25 avqust       549 manat

Təbriz                16 sentyabr    207 manat

Pekin                 25 avqust       2420 manat

Mumbay            24 avqust        364 manat

Yeni Dehli          24 avqust       478 manat

Şarm əl-Şeyx     26 avqust     1198 manat

Bakı-Paris 1124 manat, Tbilisi–Paris 330 manat…

Maraqlıdır ki, Bakıdan fərqli olaraq İstanbul, Tbilisi və İrəvan hava limanlarından uçuşlara nəzər saldıqda, daha ucuz qiymətlərlə qarşılaşırıq. Səbəb isə məlumdur - bu hava limanlarında dünyanın müxtəlif ölkələrinin onlarla aviaşirkəti uçuşlar həyat keçirir və yaranan rəqabət fonunda qiymətlər də sərnişinlər üçün daha əlçatan olur.

Məsələn, 24–25 avqust tarixləri üzrə İstanbuldan Moskvaya bir istiqamətli bilet təxminən 300 manatabaşa gəlir. Eyni şəhərdən Parisə uçuş üçün qiymət 87 manat, Milana uçuş üçün isə 103 manata biletlər təklif olunur.

İrəvandan uçuşlarda da fərqli qiymətlər görünür. İrəvan–Moskva istiqamətində bir istiqamətli bilet təxminən 468 manat təşkil edir.

İrəvan–Paris istiqamətində isə qiymətlər daha geniş diapazonda dəyişir. 5 sentyabr üçün qiymətlər 370 manatdan başlayır.

Tbilisidən Avropaya uçuşlarda da qiymətlər aşağıdır. 24 avqust üçün Tbilisi–Paris istiqamətində bilet 194 dollardan, yəni təxminən 330 manatdan başlayır. Tbilisi–Londoni stiqamətində isə bir istiqamətli biletlər təxminən 150 manatdan başlayır.

Tbilisi–Milan istiqamətində də müxtəlif qiymətlər mövcuddur. Bir istiqamətli ən aşağı tarif 71 dollar, yəni təxminən 121 manat göstərilir.

Bəs bazara yeni aviaşirkətlərin cəlb edilməsi həqiqətəndə digər müxtəlif istiqamətlərə biletləri daha əlçatan edə bilərmi?

İqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, nəzərdə tutulan tədbirlər həyata keçirilərsə, Azərbaycandan da 40-50 avroyauçuşların həyata keçirilməsi mümkün ola bilər.

Onun sözlərinə görə, hazırda İrəvan və Tbilisidən həyata keçirilən bir sıra uçuşlar həmin ölkələrin milli aviaşirkətləri tərəfindən deyil, Wizz Air, Pegasus, Ryanair və digər aşağıbüdcəli aviaşirkətlər tərəfindən həyata keçirilir. Bu aviaşirkətlər bir ölkəyə uçuş həyata keçirdikdən sonra sərnişinləri həmin hava limanından digər istiqamətlərə də daşıyırlar.

İqtisadçı qeyd edib ki, aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana cəlb olunması müəyyən nüanslarla bağlıdır və onların Bakı hava limanından istifadəsinin təmin edilməsi asan proses deyil.

“Amma bunu edə bilsələr, təbii ki, Azərbaycanda da yeni uçuş istiqamətləri yaranacaq. Hazırda bizdə də Abu-Dabi, Budapeşt, Roma kimi istiqamətlərə nisbətən ucuz biletlər mövcuddur. İndi özümüz də 50 dollara, 30 avroya, hətta 40 avroya müxtəlif şəhərlərə gedə bilirik. Aşağıbüdcəli aviaşirkətləri cəlb edə bilsək, onlara hava limanı xidmətlərini daha ucuz təqdim edə bilsək, bu, mümkün olar. Çünki aşağıbüdcəli aviaşirkətlərin əsas xüsusiyyəti təyyarə və hava limanı xidmətlərinin daha aşağı qiymətlərlə təmin olunmasıdır. Onlar üçün əlverişli şərait yaradılsa və müvafiq imkanlar təmin edilsə, daha münasib qiymətlərin formalaşması və rəqabətin yaranması mümkündür. Bu halda yerli aviaşirkətlər, o cümlədən AZAL da rəqabət şəraitində qiymətlərini daha ədalətli formalaşdıra bilər. Yəni, bu, nəzəri baxımdan mümkündür. Əgər bunun icrası da nəzərdə tutulan şəkildə həyata keçirilərsə, Tbilisi, Batumi və ya İrəvan bunu edə bilirsə, Azərbaycanın da bunu həyata keçirməsi mümkündür”, – deyə Xalid Kərimli bildirib.

Elvin Bəyməmmədli

"AzPolitika.info"