İki həftə əvvəl Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin İdarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlu saxlanılmışdı. Onlar Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almaqda günahlandırılıb.
Ötən gün isə Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edilən vergi məmurlarının, xüsusilə də Eldəniz Əhmədovun tutduğu vəzifə, vergi orqanında öz ranqına və statusuna görə heç də sıradan bir “ikinci, üçüncü dərəcəli” vəzifə sayıla bilməz. Ona görə də vergi orqanında bu cür əhəmiyyətli postlarda təmsil olunan şəxslərin korrupsiya və rüşvətdə ittiham olunmaları, bu quruma aid strukturlarda nə baş verdiyi, hansı mühitin hökm sürdüyü barədə haqlı suallar yaradır.

Əlbəttə ki, xüsusilə də 2000-ci illərdə, ən çox sabiq nazir Fazil Məmmədovun vaxtında Azərbaycanın vergi orqanı, yumşaq desək, qətiyyən şəffaflığı və dürüstlüyü ilə seçilməyib. Lakin onun gedişindən sonra tədricən bu qurumda “sular durulmağa” başladı və Məmmədovun dövründəki “açıq bazar” yığışdırıldı. İnsafən, sahibkarlara qeyri-qanuni haqq qoyulması, rüşvət tələb olunması, əsassız operativ yoxlamaların aparılması və s. kimi vergi özbaşınalıqları böyük ölçüdə aradan qaldırıldı.
Lakin təəssüf ki, vergi orqanı ilə sahibkar arasındakı problemlər bununla bitmədi, həll olunmadı. Bu gün şahidi olduğumuz həbslər də birbaşa olmasa belə, dolayısı ilə bu problemlərdən xəbər verir. Ondan xəbər verir ki, sahibkarla, biznes mühiti ilə vergi orqanı arasında kommunikasiya, qarşılıqlı münasibətlər hələ də tam tənzimlənməyib, sağlamlaşdırılmayıb, arzuolunan səviyyədə deyil. Ən əsası isə vergi orqanının sahibkara, sahibkarın, vətəndaşın da vergi orqanına baxışı, ondan gözləntiləri müsbət istiqamətdə ciddi olaraq dəyişməyib.
Bu həbslərə, bəlkə də bir-iki vergi məmurunun fərdi tamahkarlığının nəticəsi kimi də baxmaq olar. Lakin təəssüf ki, problemin kökü daha dərin görünür.
Əgər rüşvət alan varsa, demək ikinci tərəf - rüşvət verən və bunda maraqlı olan da var. Rüşvət təklif etməsi bir çox hallarda sahibkarın bir növ özünü, öz biznesini qoruma instintiktinin təzahürüdür. Sahibkar bu halda ya qanunla öz hüququnu təmin edə bilmədiyindən rüşvət verməyə məcbur olur, ya da real olaraq vergidən yayınır və hesab edir ki, vergi orqanı ilə rüşvət verməklə “anlaşmaq” olur. Bunların heç biri rüşvət verən sahibkara haqq qazandırmır. Lakin eyni zamanda da bu halların heç biri vergi orqanının aktivinə, xeyrinə yazıla bilməz və hər ikisi ciddi problemlərdən xəbər verir…
Əslində, təəssüf ki, sahibkarlar bir çox hallarda vergi orqanının haqsız qərar və cərimələri ilə üz-üzə qalırlar. Xüsusilə də kameral yoxlamalar əsasında əlavə vergi hesablanmasından, cərimələrdən, eləcə də kütləvi şəkildə 1-2 il əvvəlki tarixlərlə məcburi ƏDV qeydiyyatına qoyulma, üstəlik aralıq dövrə ƏDV və mənfəət vergisi hesablanma halları ilə bağlı çoxlu sayda şikayətlər var.

Sahibkarlar səhv, real olaraq əsaslandırılmamış kameral hesablamadan sonra bu səhvi aradan qaldırmaq üçün də min cür əziyyət çəkirlər. Çox vaxt bu işlər məhkəmələrə qədər gedib çıxır. Məhkəmələr isə aylara və illərə qədər uzanır.
Səhvlərin aradan qaldırılması məqsədi ilə verilən dəqiqləşdirilmiş bəyannamələrə, yaxud şikayətlərə isə həmin müracətlərin qanunla nəzərdə tutulan son günündə (30-cu və ya 60-cı iş günü) cavab verilir. Bu da sanki məqsədli şəkildə edilir. Üstəlik, bir çox hallarda sahibkarlar, yaxud onların mühasibləri dəqiqləşmiş bəyannamə təqdim etməyə tərəddüd edirlər. Çünki vergi orqanı öncəki kameral hesablamasını silmək, yaxud azaltmaq əvəzinə, əksinə, artıra bilər…
Yaxud, vergi borcuna görə bütünlükdə bank hesablarının dondurularaq, biznes fəalyyətinin iflic edilməsi problem olaraq qalır. Baxmayaraq ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsi bu problemin həllinə xidmət etməlidir. Reallıqda isə belə deyil…
Yeri gəlmişkən, Vergi Məcəlləsinin həddindən artıq böyük həcmli və mürəkkəb olması, üstəlik, demək olar hər il çoxsaylı dəyişikliklərə məruz qalması da başqa bir uzun söhbətin mövzusudur.
Bir sözlə, qüsurlar və aradan qaldırılmalı olan istər texniki, istərsə də sırf vergi orqanının sahibkara münasibətinin fəsləfəsindəki problemlər qalmaqdadır. Vergi orqanı fəaliyyətini ümumi inkişafa hesablanan müasir, mütərəqqi iqtisadi siyasətin tərkib hissəsi yox, yalnız plan doldurmaq istiqamətində qurduqda, bu cür problemlər ortaya çıxır…
Vergi orqanındakı bu həbslərin ardı gələcəkmi, daha iri vergi məmurları da istintaqa cəlb olunacaqmı? Bunu zaman göstərəcək. Görünür ki, hökumət bu sahəyə xüsusi önəm verir və onun korrupsiyalaşmasına imkan verməməyə çalışır. Ancaq bir məsələ mübahisəsizdir ki, vergi orqanının sahibkara, biznes mühitinə münasibətində ciddi dəyişikliklərə, yeniliklərə ehtiyac var və bunlar olmayınca, belə korrupsiya cinayətləridə, həbslər də qaçılmaz olacaq…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər