ERMƏNİSTANDA DAXİLİ QARŞIDURMA GÜCLƏNİR – Nalbandyan Paşinyana cavab verdi

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın hazırda davam edən uğurlu hərbi əməliyyatından öncə onun hökumətinin Qarabağ danışıqlarından imtina etməsini müxtəlif səbəblərlə izah etməyə çalışıb. Bu səbəblərin arasında ən əsası Ermənistanın əvvəlki hakimiyyətinin Qarabağ danışıqları ilə bağlı ona qoyduğu mirasın ermənilərin maraqlarına uyğun olmadığına dair bəhanəsi idi. 

Hazırkı Baş nazir bildirib ki, həmin danışıqlarda müzakirə olunan prinsiplərə görə, əvvəlcə işğal olunmuş 5 rayon, daha sonra isə iki rayon Azərbaycana qaytarılmalı, Dağlıq Qarabağın statusu isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən olunmalıdır. Və bu şərtlər onun başçılıq etdiyi hökuməti qane etmədiyindən danışıqlar prosesi faktiki olaraq dayandırılmışdı. 

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında işğalçı ölkənin sabiq Xarici İşlər naziri Edvard Nalbandyanın Paşinyanın ittihamlarına cavab xarakteri daşıyan böyük məqaləsi dərc edilib. Nalbandyan həmin yazısında Paşinyanın dediklərini inkar edir və guya özünün rəhbərlik etdiyi erməni diplomatiyasının hazırkı baş nazirin söylədiklərinin əksinə olaraq, “böyük uğurlar” qazandığını bildirir.

Sabiq XİN rəhbəri məqaləsində qeyd edir ki, danışıqlar hər zaman 3 əsas prinsip - güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmə hüququ əsasında aparılıb. Lakin rəsmi Bakı ortaya maksimalist mövqe qoyaraq, Qarabağın yekun statusunun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşməsində israr edib: “Azərbaycan tərəfi problemin yalnız ərazi bütövlüyü prinsipi əsasında həllində israr etsə də, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri münaqişənin 3 prinsip əsasında həll olunmalı olduğunu bəyan ediblər. Ermənistan dəfələrlə bəyan edib ki, münaqişə “Dağlıq Qarabağ”ın iştirakı olmadan həll edilə bilməz. Bu, danışıqlar prosesinin bütün işçi sənədlərində öz əksini tapıb”.

Bundan sonra hər hansı “Lavrov planı”nın olmadığını iddia edən Nalbandyan bildirir ki, danışıqların heç bir müsbət nəticə verməməsinin əsas səbəbi Azərbaycan tərəfinin maksimalist mövqeyi olub. Hətta Azərbaycanın Minsk Qrupunun həmsədrlərindən narazılığını, danışıqlar formatının dəyişdirilməsi cəhdlərini də “Ermənistan diplomatiyasının uğuru” kimi təqdim edən sabiq XİN rəhbəri bildirib ki, onun təmsil etdiyi hökumət bu münaqişənin həllini “DQR”-in öz müqəddəratını həll etmə hüququndan kənarda görməyib: “Məhz bunlar – yuxarıda qeyd edilənlər 2018-ci ilin aprelində danışıqların davam etdirilməsi üçün miras qoyulub”. Bununla da işğalçı ölkənin sabiq XİN rəhbəri Paşinyanın mirasla bağlı şikayətinin əsassız olduğunu sübut etməyə çalışıb.

Yazısında 2016-cı ilin aprel döyüşlərini xatırladan Nalbandyan dolayısı ilə onun üzvü olduğu hökumətin Paşinyan hökumətindən daha üstün bacarıqla vəziyyətdən çıxdığına eyham vurub və bildirib ki, Ermənistan tərəfi o vaxt Moskvanın qısa müddətdə prosesə müdaxiləsinə və atəşkəsə nail ola bilib.

Göründüyü kimi, istər Paşinyanın əvvəlki hökumətin danışıqlar prosesilə bağlı qoyduğu miras barədə dediklərində, istərsə də Nalbandyanın gətirdiyi arqumentlərdə böyük yalan payı var. Çünki Nalbandyanın dediklərinin əksinə olaraq, artıq uzun illərdir qondarma rejimin danışıqlarda iştirakı məsələsi gündəmdə olmayıb və Azərbaycan bununla qətiyyən razılaşmayıb. Həmçinin, Azərbaycan heç zaman Dağlıq Qarabağın ölkəmizin ərazi bütövlüyündən kənar mövcudluğunun müzakirəsinə razı olmayıb.

Paşinyana gəldikdə isə, məhz onun avantürist hərəkətləri və açıqlamaları, “Qarabağ Ermənistandır” kimi sərsəm və həyasız bəyanatı, eləcə də danışıqlar prosesinin formatını dəyişməyə dair absurd mövqeyi danışıqların ümumiyyətlə dayandırılmasına səbəb oldu. İndi isə danışıqlardan imtinasını köhnə hökumətin qoyduğu mirasın üzərinə atır. Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqları görməzdən gəlməyin, saymaz və harınlamış münasibətin nə ilə nəticələndiyini isə artıq isterik duruma düşən və cəbhədəki məğlubiyyətlərini etiraf edən Paşinyan hökuməti öz dərisində hiss etməkdədir.

Burada ən önəmli məqamlardan biri də odur ki, Ermənistanın siyasi elitası hər nə qədər birlik göstərməyə, əvvəlki hakimiyyət təmsilçiləri Paşinyan hökumətini tənqid etməkdən yayınmağa çalışsa da, artıq açıq-aşkar məğlubiyyəti kiminsə ayağına yazmağın vaxtı çatmaqdadır. Bu səbəbdən Paşinyanın günahı əvvəlki hökumətin üzərinə atmaq cəhdinə sabiq XİN rəhbəri dərhal cavab verməyə məcbur olub. Bununla da erməni siyasi elitasındakı didişmənin bir növ “palaz altından çıxması” acı reallığa çevrilib. Və sözsüz ki, Azərbaycan əsgərinin cəbhədə göstərdiyi şücaət, vətən torpaqlarını addım-addım düşməndən azad etməsi xəbərləri artdıqca, Ermənistanın daxili siyasi səhnəsindəki didişmələr, qarşıdurmalar da artacaq. 

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

OXUCU 2020-10-16 02:44:08

Ay millət yaxşı yaxşı baxın bu iki erməni dığasının sifətinə,görün onlarda kişilikdən əsər əlamət varmı.hər ikisi kişi fahişəsinə oxşayırlar.

Xalq 2020-10-15 17:32:15

proqnoz belədir ki, paşik öz əcəli ilə ölməyəcək, nida işarəsi!

Son yazılar