"FÜZULİ RAYONUNDAN ÇOX YAXŞI XƏBƏRLƏR GÖZLƏYİRİK” - "Strateji yüksəkliklər bizim nəzarətimizdədir" + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibə verib.

"Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük bir ərazini nəzarət altına almaqdır” - Prezidenti NTV kanalına müsahibəsində deyib.

“Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.

İlham Əliyev deyib ki, yaxın vaxtlarda növbəti sevincli xəbərlər gələcək: “Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcək”.

“Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib və Cəbrayıl şəhərinin kəndlərinin böyük qismi artıq bizdədir”, - ölkə başçısı vurğulayıb.

Prezidenti daha sonra qeyd ediv: “Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik”.

“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə Prezident İlham Əliyev bildirib.

Prezident bildirib ki, Ermənistan öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır: “Ermənistan öz təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır”.

“Çünki qan tökülməsin və bundan sonra sülh yolları ilə bu məsələ həll edilsin”, - deyə Prezident İlham Əliyev bildirib.

Prezidenti İlham Əliyev daha sonra qeyd edib: “Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistan bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaq”.

“Mən bu döyüşlərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təəssüf ki, Ermənistan buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistan ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi-siyasi rəhbərliyidir", - Prezident vurğulayıb.

Prezidenti İlham  Əliyev bildirib ki, erməni ordusunun texniki təchizatı indi çox sarsılıb: "Yəni, çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır”.

Prezident bildirib ki, yaxın vaxtlarda yeni olacaq açıqlamalar onları daha da sarsıdacaq: Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi eşitsin”.

“Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib” - deyə, Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü. Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur. 2 S-300 hava hücumuna qarşı müdafiə sistemi, 35 dənə “OSA” hava hücumundan müdafiə sistemi məhv edilib” , - Prezident vurğulayıb.

Prezident bildirib ki, Türkiyə münaqişənin həllində fəal rol oynamalıdır və oynayacaq: "Biz gərək mövcud reallıqları nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olub".

Dövlətimizin başçısı daha sonra deyib: “Bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər”.

Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini bir daha bəyan edən Prezident İlham Əliyev deyib ki, Türkiyə mütləq olmalıdır: “Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarı ilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil. Biz mövqeyimizdə qalırıq və əlbəttə ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır”.

635x100

Şərhlər

Allahqulu 2020-10-16 21:10:54

Allah ordumuzu qorusun! Düşmənləri məhv etsin!

t.ədalət 2020-10-15 19:58:36

Allah ordumuzu qorusun!

Səbuhi 2020-10-15 17:39:42

ALLAH ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ RƏHMƏT ELƏSİN AMİN. QƏBRİ NURLA DOLSUN. RUHU ŞAD OLSUN. AZƏRBAYCAN XALQI ÇOX XOŞBƏXT BİR XALQDIR Kİ, İLHAM ƏLİYEV KİMİ PREZİDENTI , AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI VAR, OLUB VƏ OLACAQ. YAŞA MƏNİM PREZİDENTİM YAŞA MƏNİM XALQIM YAŞA MƏNİM VƏTƏNİM. QARABAĞ AZƏRBAYCANDIR!!!!!!!

Son yazılar