“Ermənistan tərəfi humanitar atəşkəsdən öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.
“Ermənistan ordusu eynilə Füzuli, Ağdərə istiqamətlərində də hücuma keçdilər. Ermənilər Azərbaycan Ordusunun Cəbrayılın işğaldan azad etdiyi ərazilərini yenidən zəbt etməyə cəhd göstərdilər, lakin onlar döyüş meydanından qaçmalı oldular”, - deyə MN-in İdarə rəisi qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub: “Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin "SU-25" təyyarəsini məhv edib. Hazırda bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni tərəfinin hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbiləşməsini göstərdi”.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç zaman dinc ermənilərə qarşı hər hansı hücum edilməyib: “Lakin Ermənistan tərəfi bunun tam əksini edir. Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Gəncədə baş verənlər tarix kitablarına düşəcək”.
Azərbaycanın erməni əhaliyə humanitar dəhlizlə bağlı müraciətini xatırladan H. Mahmudov qeyd edib ki, Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir.
“Azərbaycan Ordusu bu günə qədər Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib” - deyə Hüseyn Mahmudov bildirib.
H. Mahmudov deyib ki, 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib: “Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”.


Şərhlər