“Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
H. Hacıyev bildirib ki, bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi: “Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır. Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar addımlarla bağlı atəşkəsə sadiqdir. Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub.
Ermənistanın davam edən hərbi hücumları nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24000-ə yaxın mərmi atılıb, 1046 ev dağılıb, 1063 ev zərər çəkib, bir sıra digər mülki obyektlər də dağıdılıb”.
Hikmət Hacıyev deyib ki, beynəlxalq humanitar hüquq hərbi və mülki obyektlər arasında fərq qoyulmasını tələb edir.
O qeyd edib ki, lakin Ermənistan tərəfinin addımlarında bu fərq görülmür: “Beynəlxalq humanitar hüquqa əsasən, hərbi hücumlar təkcə hərbi obyektlərə və orduya qarşı həyata keçirilə bilər. Bu qanunla bütün dinc sakinlər müdafiə olunur. O ana qədər ki, bu dinc sakinlər birbaşa döyüşlərdə iştirak edir. Bu, həmçinin, şəhərlərin, kəndlərin, evlərin və digər mülki obyektlərin bombardman edilməsi və digər vasitələrlə dağıdılmasını qadağan edir”.
"Azərbaycan Prezidenti artıq bir neçə dəfə bəyan edib ki, bizim Ermənistanın mülki əhalisi ilə, dinc əhalisi ilə heç bir problemimiz yoxdur. Dağlıq Qarabağın azərbaycanlı icması, azərbaycanlı əhalisi erməni əsilli əhali ilə birgə yaşamağa hazırdır” - deyə, Hikmət Hacıyev bildirb.
H. Hacıyev qeyd edib ki, Azərbaycan sülh yolu ilə addımlar atmağa hazır olub: “Çox təəssüf ki, Ermənistan tərəfi Azərbaycan icmasının mövcudluğunu belə inkar edirdi. Biz bir daha Ermənistan tərəfini çağırırıq ki, erməni və Azərbaycan icmalarının dialoqu istiqamətində addım atsınlar”.


Şərhlər
MDB dövlətləri və KTMTyə, lider Kremlə müraciət gərəkdir ki, Ermənistandan tələb etsinlər ki, Təhlükəsizlik məramını Hərbi-texniki terrorla əvəzləməsin, 27 il qeyri-qanuni işğalda saxladığı əraziləri dərhal (bir həftəyə) tərk etsin.
"Humanitar atəşkəs" və s. Rusiyanın leksikona gətirdiyi fırıldaq terminidir.Müharibənin iki qzq var,ya döyüş,ya da sülh.Aradakı söz-söhbət Putinin uydurmalarıdır. Türkiyə olmasa zalım Putin Azərbaycanı doğram-doğram edər.Təəssüf edirəm ki,bu qədər dəhşətlərdən sonra hələ də dilini rus üfunəti ilə danışdıranlarımız var.İTV kanalı hələ də radiosundan cəbhədə bizi qıran rusların musiqisindən ayrıla bilmir.