Menu

“Qələbəmizin addım səsləri daha aydın şəkildə eşidilir” – DEPUTAT

20.10.2020, 12:20
“Qələbəmizin addım səsləri daha aydın şəkildə eşidilir” – DEPUTAT

“Oktyabrın 17-də gecə saatlarında erməni faşistlərinin Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması, nəticədə dinc sakinlərin - qadınların, qocaların və uşaqların həlak olması bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir”. 

Bunları yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov deyib.

O, xatırladıb ki, gecə saatlarında erməni faşistlərinin Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması nəticəsində 14 dinc sakin, o cümlədən 4 qadın, 5 azyaşlı uşaq həlak olmuş və 50-yə yaxın dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Beləliklə, döyüş meydanlarından çox-çox uzaqlarda öz gündəlik mülki qayğıları ilə yaşayan zaman qətlə yetirilmiş vətəndaşlarımızın sayı 60-a çatmışdır. Bu qanlı əməllərlə Ermənistanın azğın rəhbərliyi növbəti dəfə hərbi cinayət törətmiş, öz vəhşi, cəllad xislətini bir daha təsdiqləmişdir. Gəncə şəhərinin, eləcə də digər şəhər və kəndlərimizin raket-artilleriya atəşinə tutulması nəticəsində yüzlərlə ailə evsiz-eşiksiz qalmışdır.

Oktyabrın 16-da Naxçıvanın Ordubad rayonuna və bir gün sonra da Gəncəyə və digər rayonlarımıza edilən raket hücumları bir daha göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hazırda faciəvi məğlubiyyət və qorxunc bir son ərəfəsində olduqları üçün müharibənin miqyasını hər vasitə ilə böyütməyə çalışır. Nəhayət, oktyabrın 18-də əldə olunmuş atəşkəs rejiminin cəmi bir neçə dəqiqə sonra pozulması, Ermənistan haqqında olan ən pis fikirləri bir daha təsdiqlədi.

Millət vəkili əlavə edib ki, bu xain hücumlarla Azərbaycan xalqını qorxutduqlarını düşünən qorxaq, miskin erməni işğalçıları, son dövrlərdə dəfələrlə olduğu kimi, yenə də səhv edir, yanılırlar. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyildir. Bu cür quldur metodları ilə Azərbaycanı sarsıtmaq, onu haqq yolundan döndərmək qeyri-mümkündür və bu sonsuz inamın nəticəsini onlar qısa zaman kəsiyində bir daha yəqin edəcəklər.

Millət vəkili bildirib ki, dinc əhaliyə əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq müharibə cinayətidir və erməni quldurları bu cinayətə görə məsuliyyət daşıyacaqlar. Onların cavabı döyüş meydanında artıqlaması ilə verilir və veriləcək. Füzuli, Cəbrayıl şəhərlərinin, Hadrut qəsəbəsinin və 60-a yaxın kəndin işğaldan azad edilməsi, Xudafərin üzərində yenidən Azərbaycan bayrağının dalğalanması, düşmənin vahimə və panika içərisində döyüş meydanından qaçması böyük Qələbəmizin addım səslərini daha aydın şəkildə eşitdirir.

Qarabağ Azərbaycandır!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol