"Prezident sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir" - Vüqar Rəhimzadə

«Bu gün Azərbaycan dövlətinin qətiyyətli mövqeyinin, ordumuzun gücünün, xalqımızın iradəsinin fonunda beynəlxalq münasibətlərdə hüquq probleminin yaşandığı bir daha dünyaya bəlli olur. Azərbaycan bir daha sözünün imzası qədər əhəmiyyətli olduğunu, ədalət deyilən məfhumun varlığını təsdiqlədi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə ikitərəfli, eyni zamanda, çoxtərəfli çərçivədə əlaqələrini beynəlxalq hüquq normaları əsasında quran Azərbaycan, dünyaya bu günədək etdiyi bu çağırışı reallıqda nümayiş etdirdi: Beynəlxalq hüquq zamana və məkana görə tətbiq edilməməli, onun icrasının vahid mexanizmi olmalıdır. İşğalçının başına sığal çəkdikcə o, daha da azğınlaşır, qudurur, özünü beynəlxalq hüquqdan xəbərsiz aparır. Dövlətimiz ötən 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail olsa da, təəssüflər olsun ki, yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dünya birliyi bəyanatlardan konkret əmələ keçmək barədə düşünmür. Halbuki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş beynəlxalq hüququn sarsılmaz prinsipidir. Bu gün Azərbayan Ordusu məhz beynəlxalq səviyyədə tanınan ərazilərimizdə döyüşür, işğalçı Ermənistana layiq olduğu yeri göstərir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dünyanın ikili siyasəti fonunda beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilmədiyini, işğalçı dövlətə sanksiyaların tətbiq olunmadığını önə çəkərək münaqişənin həlli prosesinin indiyədək uzanmasında bu amilin rolunu xüsusi vurğuladı. «Biz böyük qayıdışın astanasındayıq» söyləyən cənab İlham Əliyev dünyanın erməni təxribatlarına, beynəlxalq hüququn normalarına məhəl qoymaması fonunda Azərbaycan Ordusunun sentyabrın 27-dən bügünədək böyük tarix yazdığını, işğalçı dövlətin hərbi texnikasına sarsıdıcı zərbələr vurduğunu xüsusi qeyd etdi. Məhv edilən və qənimət götürülən Ermənistan hərbi texnikasının statistikasına diqqət yetirdikdə kasıb, dilənçi dövlətə havadarları tərəfindən böyük maddi dəstəyin göstərildiyini aydın görmək mümkündür. Məhz bu dəstəklər Ermənistanın təxribatlarının miqyasının genişləndirilməsinə, yeni ərazilər uğrunda müharibə planları hazırlamasına səbəb olur. Lakin Azərbaycan Ordusu bu cəhdlərin qarşısını böyük qətiyyətlə alır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bu məqamı da xüsusi qeyd etmişdir ki, düşmən layiq olduğu yerdə oturduldu. Biz buna yumruğumuzla nail olduq. Bu yumruq düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəyliyimizdir”. 

«Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində böyük ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin qətiyyətli siyasi xadim kimi müdrik fəaliyyətinin, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalqın ona inamının nəticəsidir» söyləyən V.Rəhimzadə bildirib ki, xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də möhtərəm Prezidentimizin hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır.

Baş redaktor dövlətimizin başçısı İlham Əliyevin xalqa hər bir müraciətində işğal olunmuş yaşayış məntəqələrimizin adlarını açıqlayır, xalqımızı daha da qürurlandırır: «Oktyabrın 20-də işğaldan azad olunan Cəbrayıl, Füzuli şəhərlərinin sırasına Zəngilan da daxil oldu. Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edildi. Möhtərəm Prezidentmiz bu reallığı böyük sevinc və qürur hissi ilə vurğulayır ki, müzəffər Azərbaycan Ordusu uğurlu hücum əməliyyatlarının gedişində düşmənləri torpağımızdan qovur və qovacaqdır. Öz xoşları ilə torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bu qələbələr rəşadət rəmzidir. Bizim qisasımız döyüş meydanındadır. İşğal olunmuş bütün ərazilərimizdə üçrəngli bayrağımız qaldırılacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq. Qarabağ bizimdir, Qarabağ Azərbayandır!»

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar