"Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər" - Elman Rüstəmov

“Bu gün xalqımız, dövlətimiz öz tarixinin ən şanlı səhifəsini yazır. Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız Vətən müharibəsində milli iqtisadiyyatımızın olduqca böyük rolu var”. “Report” xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədriElman Rüstəmov deyib.

"Bütün bu addımlarımızın arxasında böyük bir iqtisadi güc dayanır. Xüsusilə son dövrlərdə 3 dəfədən çox artan iqtisadi potensialımız, maliyyə imkanlarımız ordu quruculuğu həyata keçirməyimizə imkan verib. Azərbaycan və Ermənistan iqtisadiyyatlarını nəinki kəmiyyət, həm də keyfiyyət baxımından müqayisə etmək mümkün deyil. Ermənistan iqtisadiyyatı resurssuz, nəqliyyat-logistika imkanları baxımından təcrid olunmuş bir iqtisadiyyatdır. Bu cür iqtisadiyyat böyük inkişaf perspektivinə malik olmur. Cəmi 3 milyon əhalisi olan ölkənin əmək resursları da çox ola bilməz. Belə vəziyyətdə onların taleyi başqa ölkələrin əlavəsi olmaqdır. Onların qonşusu Türkiyədir ki, 83 milyon əhalisi var, amma bu gün Ermənistan həmin ölkəyə qarşı saxta soyqırımı iddiası irəli sürür. Onlar bunun üçün bütün dünyanı gəzirlər və Türkiyə ilə diplomatik münasibətləri yoxdur, - o qeyd edib.

"Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti onu ölkəmizin həyata keçirdiyi nəhəng transmilli layihələrdən kənarda qoyub. Son nəticədə təbii olaraq gedib hardansa, təyyarələrlə brilyant gətirib, onu cilalayıb ixrac edə bilərsən və yaxud fiks iqtisadi məhsulla ixrac potensialı yarada bilərsən. Ancaq bunun heç bir iqtisadi prespektivi yoxdur", - deyə baş bankir əlavə edib.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov daha sonra deyib: “Azərbaycan və Ermənistan iqtisadiyyatları arasında kəmiyyət müqayisəsi aparsaq, deyə bilərik ki, bizim dövlət büdcəmiz Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) dəyərindən çoxdur, o cümlədən bizim xarici valyuta (qızıl) ehtiyatlarımız onların ehtiyatlarından 30 dəfə çoxdur”.

"Ermənistan xarici dövlət borcuna nəzarət edə bilmir, bu borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 60%-ə çatıb. Azərbaycanda isə bu nisbət 20%-dən aşağıdır. Bu gün Ermənistan əhalisinin 1/5 kasıblıq həddindən də aşağı səviyyədə yaşayır, ancaq Azərbaycanda kasıblıq radikal olaraq həll edilib. Bu gün iqtisadiyyatın hər bir sahəsində biz onlardan üstünük. Bu cür maliyyə imkanları ilə müharibənin bir neçə ay uzanması Ermənistan iqtisadiyyatını, maliyyə sistemini çökdürər, kollapsa gətirib çıxara bilər", - o qeyd edib.

Mərkəzi Bankının sədriElman Rüstəmov deyib ki, bu ilin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklarla üz-üzə gəldik.

"Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı OPEC+ sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminologiya ilə desək, milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir”, - o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar