PREZİDENT DANIŞIQLARIN BİR HALDA BAŞLAYA BİLƏCƏYİNİ BƏYAN ETDİ - "İşğal olunmuş bütün rayonlar boşaldılmalıdır"

"Onlar bu əraziləri boşaldacaqlarına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə, o cümlədən Dağlıq Qarabağa və Şuşaya qayıtmalıdırlar. Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra danışıqlar başlayacaq".

Prezident İlham Əliyev bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Ermənistanla danışıqlar masasına oturmağın şərtlərini açıqlayarkən deyib.

“Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir”, - deyə dövlət başçısı əlavə edib.

Jurnalistin "Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı?" sualına cavab olaraq Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların başlanması üçün Azərbaycanın bütün rayonları boşaldılmalıdır: " Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır".

 Prezident İlham Əliyev bunun əvvəlcədən elan olunmalı olduğunu və bütün azərbaycanlıların öz qədim torpaqlarına qayıtmalı olduğunu da bəyan edib.

635x100

Şərhlər

Dadaş 2020-10-23 06:37:39

Düzdür düşmənlə Axırıncı erməni Qarabağı tərk edəndən sonra danışmaq olar

Son yazılar