Oktyabrın 28-də “The New York Times” qəzetində yayılmış məqalədə qəzet əməkdaşlarının Bərdəyə raket zərbəsinə yaxalandığı bildirilir. Jurnalist Karlotta Qall yazır ki, ilk partlayış səsi onları avtomobili saxlamağa məcbur edib. Raketi xatırladan səs çox yaxından eşidilib və onlar maşından çıxaraq yaxınlıqdakı divara qısılıblar. “Sonra anladım ki, maşını saxlamasaydıq, düz partlayışın içinə düşəcəkdik”, – o qeyd edir.
Bərdəyə oktyabrın 27-də endirilmiş zərbələrdə biri 8 yaşlı qız olmaqla 4 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Bir gün sonrakı hücumda isə 20 nəfər həlak olub, 70 yaralı var. Azərbaycan Müdafiə Nazirliyi hücumların Rusiya istehsalı olan "Smerç" sistemlərindən atıldığını bildirir.
“Görürsüz ermənilər başımıza nə oyun açır. Burda hərbçi görürsüz? Bunu niyə edirlər, axı? Ancaq dinc sakinlər görürsüz. Onlar xaos yaratmaq istəyirlər”, – 55 yaşlı Kamil Kərimov belə deyib. 44 yaşlı kardioloq Yaqubiyyə Həmidova bu yaxınlarda Tərtərdən Bərdəyə köçübmüş. O, klinikanın zirzəmisində müxbirə danışıb. “Bizə kömək edin. Dünyada heç kəs başımıza gələnləri bilmir”, – o deyib. Müəllif müharibənin günü-gündən qızışdığını, itkilərin artdığını yazır. O, Bərdənin Qarayusifli kəndində oktyabrın 27-də öldürülənlərin dəfninə də qatılıb.
“Kəndimizə atəş açacaqlarına inanmazdıq. Çünki burda ordu yoxdur, ancaq dinc sakinlərdir”, – hücumda xəsarət almış 17 yaşlı Elnurə Kərimova belə deyib.
Karlotta Qall yazır ki, təhlilçilər Ermənistanın populist baş nazirinin vəziyyəti bu həddə çatdırdığını deyirlər. "İllər boyu Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağın statusu üzrə danışıqları təxirə salmağa razılaşıblar. “Bu yaz Ermənistanın populist baş naziri bu ərazini Ermənistan torpağı elan edincə hər şey dəyişdi”, – müəllif qeyd edir.
Prezidentin köməkçisi Hikmət Hacıyev qəzetə deyib ki, 2018-ci ildə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə Azərbaycan danışıqlarda irəliləyişə ümid edirmiş. Prezident İlham Əliyevlə ilk görüşündə o, vaxt istəyib, Dağlıq Qarabağ üzrə yeni siyasət vəd edib. “Ancaq bu siyasət heç hiss olunmadı. Bu il gərginlik daha da artdı. Təhlilçilər Paşinyanın və müdafiə nazirinin əraziylə bağlı populist bəyanatlar verməsinə, Şuşanı regionun paytaxtına çevirmək və avqustda parlamenti ora köçürmək planları cızmasına diqqət çəkirlər. Bu addımlar isə böyük yanlışlar idi”, – müəllif yazır.
Erməni əsilli amerikalı təhlilçi Jirayr Libaridiyan sentyabrda yazırdı ki, “biz mümkün olana fokuslanmaq əvəzinə öz arzularımıza aludə olduq”.
"AzPolitika.info"


Şərhlər