Professor Qulu Məhərrəmli: “Üçüncü ölkə bu məsələyə müdaxilə etsə, Türkiyə də mütləq qarışacaq” 

İndiki şəraitdə hər kəsdə tamamilə əsaslı təəssürat var ki, ATƏT-in Minsk Qrupu bu illər ərazində demək olar ki, heç bir şeyə nail olmayıb. Yəni onun qarşıya qoyduğu məqsəd – tərəflərin mövqelərini yaxınlaşdırmaq, münaqişənin həllinə nail olmaq kimi missiyalar yerinə yetirilməyib”.

“Azpolitika.info” xəbər verir ki, bu sözləri siyasi icmalçı, professor Qulu Məhərrəmli Qarabağ münaqişəsi ilə bağlı vasitəçilərin fəaliyyətini pressklub.az-a dəyərləndirərəkən bildirib.

“İndi ərazilər geri alındıqca, biz nələrin şahidi oluruq? Ermənistan silahlı qüvvələri burada necə möhkəmlənib, necə istehkamlar, mühəndis-texniki qurğuları yaradıblar… Bütün bunları həmin vasitəçilər görmürdülər?! Bunu Kasprşik hərbi monitorinqlər apararkən görmürdü?! Yəni bu dərəcədə ikiüzlü, bu dərəcədə riyakar siyasət Minsk Qrupunun niyyətlərini çox aydın şəkildə göstərir. Hətta ölkə prezidenti də dedi ki, Minsk Qrupunun həmsədrləri eşitdirirdilər ki, “belə bir reallıq yaranıb, Ermənistan bu torpaqları zəbt edib, siz güzəştə getməlisiniz” və.s”-deyə professor vurğulayıb.

Q. Məhərrəmlinin sözlərinə görə, Minsk Qrupunun təbirincə biz öz ərazilərimizi, xüsusən də ermənilərin işğal etdikləri yeddi rayonu alver predmetinə çevrməli idik ki, Dağlıq Qarabağın ölkə tərkibindən çıxmasına razılıq verək: “Ona görə də, müharibə çox şeylərin üstünü açdı. Minsk Qrupunun bundan sonra danışıqlar təşkil etməsinin hər hansı effekt verəcəyinə inanmıram. Amerikanın xırda istisnalıq təşkil etməsi ilə, Minsk Qrupu həmsədrlərinin hər üçü, xüsusilə Fransa və Rusiya Ermənistanın tərəfindədirlər. Rusiya onun hərbi müttəfiqidir, onlara külli miqdarda, təmənnasız silah verir. Ermənistanın bütün hərbi sistemi Rusiyanın əlindədir. Ona görə, Minsk Qrupunun fəaliyyətini çox yarıtmaz hesab edirəm. Onların ümumiyyətlə, bu danışıqları hansısa istiqamətdə irəlilətmək üçün nə bacarığı var, nə iradəsi, əslində heç mənəvi haqqı da yoxdur. Onların atəşkəs çağırışı birmənalı şəkildə Ermənistanın marağına, onu indiki hərbi, siyasi böhrandan çıxarmağa xidmət edir. Ona görə də, heç bir atəşkəsdən söhbət belə gedə bilməz! Düşünürəm ki, hərbi əməliyyatlar qoyulan məqsədin gerçəkləşdirilməsinə qədər davam etməlidir”.

Rusiyanın hazırda tutduğu mövqeni şərh edən siyasi icmalçı Moskvanın regionda böyük güc, nüfuz sahibi olduğunu deyir.

“Onun tərəflərə təsir imkanları var. Əslində mahiyyət etibarilə həm tarixi, həm siyasi baxımdan Qarabağ problemini də yaradan məhz Rusiyadır. İndi də ona təsir imkanı olan əsas dövlət Rusiyadır. Niyə? Çünki Rusiyanın böyük hərbi gücü var, regionda söz sahibidir, geosiyasi savaşda özünün mövqelərini qoruyub, saxlamağa çalışır”-deyə professor bildirib.

Ekspert indiki şəraitdə Rusiyanın rolunun Azərbaycana və Azərbaycanın maraqlarına uyğun olduğunu da vurğulayıb: “Yəni onun şərti mənada bitərəfliyi bizim maraqlarımıza cavab verir. Amma sizə bunu da deyim ki, Rusiya həm də gözlənilməz ölkədir. Hadisələrin gedişatında Moskvadan hər şey gözləmək mümkündür. Mənə elə gəlir ki, hadisələrin o şəkildə inkişafı ssenarisinə də Azərbaycanda müəyyən hazırlıqlar var. Digər tərəfdən, Türkiyə bəyan edib ki, üçüncü bir ölkə bu məsələyə qarışsa, Türkiyə də mütləq qarışacaq. Görünür, Rusiya da bu barədə düşünür və açıq müdaxilədən hələlik çəkinir”.

AzPolitika.info