Yeni növ koronavirusla mübarizədə istifadə olunan bəzi dərmanlar Azərbaycandakı apteklərdə çətinliklə tapılır. Şikayətlərə görə, "əlaltından" tapılanda da onları real qiymətlərindən çox baha almaq mümkün olur...
Bu barədə "Azadlıq" radiosuna adlarının çəkilməsini istəməyən bir neçə şikayətçi də danışıb. Onların sözlərinə görə, koronavirusa yoluxan şəxsin 15 günlük müalicəsi minimum 400-500 manata başa gəlir.
"Bəzi dərman preparatlarına tələbat çox yüksək olur…"
Bakıda yerləşən bir neçə apteklərdə də şikayətçinin sözlərini qismən təsdiqlədilər. "Bəzi dərman preparatlarına tələbat çox yüksək olur ki, müraciət edənlərin hamısına çatmır. Firmalardan hər gün dərman gətirmirlər deyə, hərdən "yoxdur" deməli oluruq. Tələbat çox yüksəkdir", - apteklərdən birində vurğuladılar.
"Xəstə olmaya-olmaya dərmanları alıb yığır evə"

Amma bahalaşma ilə bağlı şikayətləri onlar düzgün saymırlar. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, apteklərdə dərmanların çatışmazlığı ilə bağlı məlumatı yoxdur: "Açığı, bilmirəm, doğrudan da belədir ya yox. Camaat təşvişə düşüb, üstəlik də, xəstə olmaya-olmaya dərmanları alıb yığır evə. Sanki aptekdən hər şeyi almaq istəyirlər. Koronavirus virus mənşəlidir və getdikcə mutasiya edir. İnsanların aldığı bəzi dərmanlar müalicə zamanı lazım deyil".
Deputat paytaxtda koronavirusla mübarizədə istifadə edilən dərmanların tamamilə olmadığını düşünmür: "...Çeşidlər çoxdur. Dərmanlar da elə dərmanlar deyil ki, tapmaq mümkün olmasın. Amma yenə də məsələ ilə bağlı hər hansı şikayətlər varsa, aidiyyəti qurumlar həmin məsələ ilə maraqlanmalıdır. Həmin qurumlar apteklərdə monitorinq edə bilərlər".
"Bunu təşvişlə qarşılamaq lazım deyil..."
M. İbrahimqızının vurğulayıb ki, elə dərmanlar var, onu xəstəyə vermək məsləhətli deyil: "Lakin adamlar yenə də həmin dərmanları alır, evə doldurur. Bütün dünyada bu xəstəlik gözlənilmədən peyda olub, hətta ən zəngin ölkələr buna hazır deyildi. Ona görə müəyyən xırda problem yaşanır. Dərman bu gün yoxdursa, sabah mütləq olacaq. Mənə elə gəlir ki, bunu təşvişlə qarşılamaq lazım deyil, amma yenə də hər ehtimala qarşı müvafiq qurumlar apteklərdə monitorinq etsələr, yaxşı olar".

Tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, koronavirusa yoluxmuş insanların sayı həddindən artıq çoxdur: "Üstəlik də, insanlar panikadadır, xəstəxanalarda yer yoxdur. Əvvəllər virusa inanmayanlar artıq görürlər ki, qonşuda, qohumda xəstəlikdən ağırlaşıb dünyasını dəyişənlər var. Bundan əlavə, görürsən ki, ordan-burdan reseptlər əllərdə gəzir. Bəlkə də bu reseptlərdə müəyyən dərmanları xüsusi yazıb ötürüblər ki, həmin dərmanlar satılsın".
"Çıxıb izahat da verən yoxdur..."
Professorun sözlərinə görə, Azərbaycanda ilk dövrlər koronavirusa aidiyyəti olmayan bəzi dərmanlar bu xəstəliyin müalicəsi üçün satılıb: "Çıxıb izahat da verən yoxdur ki, ay camaat, bu dərmanları alıb boş-boş işlətməyin, boş-boşuna orqanizmi zəhərləməyin. Bu pandemiya qurtaracaq, amma bundan sonra insanların aldığı bu dərmanlarının yan təsirləri qurtarmayacaq. Ona görə, hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar çıxıb izahat verməlidirlər, camaatın arasında maariflənmə işi aparmalıdırlar. Vəziyyət çox ciddidir və mən burada sabotaj elementlərini görürəm".
"Bu, biabırçılıq deyilmi?"
Həkim qeyd edib ki, Azərbaycanda dərman idxalı ilə məşğul olan şirkətlərin böyük əksəriyyəti gec-tez yaranmış vəziyyətə görə cavab verəcəklər: "Onlar bu vəziyyətdən sui-istifadə etdilər. Əvvəla, onlar buna cavabdehdirlərsə, niyə bu dərmanların təchizatını lazımi səviyyədə təmin etmirlər? Bunun monopoliyası bunların əlindədir axı və məsuliyyət onların çiynindədir. Bu qıtlığı yaradaraq bundan varlanmaq, müxtəlif korporativ maraqlarını təmin etmək məsuliyyət yaradır və bunu edən adamlar sorumludurlar. Çıxsınlar izahat versinlər, niyə dərmanın bir növünün bir ampulası 50 manatadır, digər növünün bir tabletkası 10 manata? Kim məqsədli şəkildə yaradır bu bahalığı? Bu, biabırçılıq deyilmi?".
Səhiyyə Nazirliyi nə deyir
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə "Turan" agentliyinə bildirilib ki, apteklərin dərmanla təchizatı onların səlahiyyətində deyil. "Səhiyyə Nazirliyi aptekləri dərmanlarla təchiz etmir deyə, apteklərdə dərman qıtlığı olub-olmadığını deyə bilmərik", - qurumdan qeyd olunub.
Azərbaycanda dərman idxalı və satışı ilə məşğul olan şirkətlərdən isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Şərhlər
Yalanlarla dolu məqalə virus əleyhinə dərpman tapılmır bu bir 2ci heç sahə həkimləri xəstələrlə maraqlanmır nəinki gəlib analiz götürmək.103 zəngi başınnan atır sahə həkiminə yönləndirir.1 ailə məhv olsa bəlkə onda maraqlanarlar
Respublıkanın ən məşur uşaq xəstəxanası - el arasında OMD deyilən! Rüşfəti koridorlarda,otaqlarında,palatalarda düz kameranın altında alırlar heç vecinə alanda yoxdur! Misal üçün mikropediatriya söbəsi.Bir körpənin 1 həftə qalması 700-800 manata basa gəlir.Mikropediya söbəsinin həkimi Leyla Quliyeva deyir bizlik deyil bu qanunu Baş həkim qoyub Nəsib müəllim.Açıq alver gedir özüdə neçə il.Kimdi fəhləni eşidən!
Yalan danismayin bizde dermanlarda pulsuzdu muayinede pulsuzdu.....
Adil Qeybulla - Səhiyyə Naziri????!!!! Yox artıq!!! Daha nələr!!? Adam Florance Nightingale Xəstəxanasının Covid 19 müalicəsində 2ci fazada effektli sayıb müalicə siyahısına daxil etdiyi və istifadə etdiyi Arbidola effektsiz deyir hətta camaata sırındığını iddia edirdi!!! Dünyadakı heç bir ciddi irəliləyişə xəbərdar deyil. Xüsusilə Covidlə əlaqəli irəliləyişlərə.
Sehiyye Nazirliyi ve TEBIB! ŞUP ELE BİLİR ŞAPDADIR, ŞAP ELE BİLİR ŞUPDADIR. Eslinde ise, heç birisi işe yaramır. Oktay Şireliyev illerle avtoritetini itirib, TEBİB ise gede-güde yiginidir, başi hechneden çıxmır
Ermənidən pusdilər
Nə 400-500 manat.Rəqəm cox yanlisdi.Azi 1000-2000. 3 dəfə analiz versen 500 manata yaxin olar.Hele tek analiz.
Dərman biznesinə rəhbərlik edənlərin əli hakimiyyətin ətəyindədir.Barı,indiki vəziyyətdə heç olmasa onları neyterallaşdırın!Dərmanla xalqı sınağa çəkənlərin üst-başından da qan yeyən heyvanların qoxusu gəlir.
ÖLKƏDƏ SƏHİYYƏNİN PROBLEMLƏRTİNİ HƏLL ETMƏK AN MƏSƏLƏSİDİR. OQTAY ŞİRƏLİYEVİ QOVYB YERİNƏ ADİL QEYBULLANI TƏYİN ETMƏKLƏ BÖYÜK İRƏLİLƏYİŞ ƏLDƏ ETMƏK OLAR. HAMI BU HƏKİMİ TANIYIR. ADAMIN VİCDANI NECƏ DEYƏRLƏR GÖZ QABAĞINDADIR. YƏNİ BUNU ETMƏK O QƏDƏRMİ ÇƏTİNDİR?
"Səhiyyə Nazirliyi aptekləri dərmanlarla təchiz etmir deyə, apteklərdə dərman qıtlığı olub-olmadığını deyə bilmərik", Halal olsun!! Belə səhiyyə nazirliyi olan xalq tibb sahəsində xarüqələr yaratmalıdır. Əgər bu karonavirusda bir zərrə ağıl varsa, vaxt var ikən qaçıb canını bizim səhiyyə nazirliyindən qurtarmalıdır.