Bu gün Bakıda 44 gün davam edən qalibiyyətli Vətən Müharibəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Ordusunun seçmə hissələri də iştirak etdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə müharibənin yekunlarını gələcəkdə görüləcək işləri "Turan" agentliyinə şərh edərkən deyib ki, Azərbaycan böyük nailiyyətlərə imza atıb: "Birincisi, indiyə qədər əldə etdiklərimizin nəticəsində biz qələbə qazandıq. İkincisi, Azərbaycanın bir dövlət kimi qüdrətini bütün dünya gördü və, ən əsası, biz milli birliyi, xalqın qətiyyətini gördük. Azərbaycan torpaqlarının böyük və əhəmiyyətli hissəsini işğaldan azad etdi. Bir hissəsini hərbi yolla, hərbidə qazandığı qələbələr hesabına isə üç rayonu bir güllə atmadan azad etdi. Ermənistanla sərhədimiz tamamilə nəzarətimiz altına keçdi və artıq ortada keçmiş Dağlıq Qarabağ bölgəsinin status məsələsi yoxdur".
A.Mirzəzadənin deməsinə görə, həmin Dağlıq Qarabağ bölgəsində bütün proseslər Azərbaycanın razılığı ilə həyata keçməlidir: "Bu günlərdə Rusiyadan Dağlıq Qarabağ bölgəsinə humanitar yardımla bağlı yüklər Azərbaycanın razılığı ilə Gəncə aeroportunda boşaldılaraq Ağdam vasitəsilə aparıldı. Bu baxımından hesab edirəm ki, problem, əsasən, həll edilib, digər məsələlər isə artıq siyasi yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mütləq həllini tapacaq".
A.Mirzəzadə qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarda bərpa işləri ilə bağlı bir neçə ölkə öz təkliflərini göndərib: "Azərbaycan burada hər şeyi sıfırdan başlamalıdır. Bunu, əlbəttə ki, Azərbaycan öz gücü ilə edəcək. Bununla belə, xarici ölkələrin şirkətlərinin burada iştirakı gözləniləndir və ilk təkliflər artıq Türkiyə şirkətlərindən gəlib, onlara razılıq verilib. Eyni zamanda, İran şirkətləri tərəfindən bu bərpa işlərində iştirak ilə bağlı təkliflər var. Azərbaycana İtaliya şirkətləri də öz təkliflərini göndərib və digər ölkələrlə belə əlaqələr olacaq. Orada çox böyük həcmdə bərpa və quruculuq işlərinin görülməsi planlaşdırılır. Burada iştirak etmək istəyən hər bir xarici ölkə şirkətinə yer tapılacaq".
Deputat hesab edir ki, Azərbaycana xarici investisiya qoyuluşu da əhəmiyyətli dərəcədə artacaq: "Çünki birincisi, investisiya üçün kifayət qədər böyük sahələr var. İkincisi isə, bu, həm Azərbaycan, həm investisiya qoymaq istəyən şirkətlərin xeyrinə olacaq. Böyük tikinti işləri gedəcək, kommunikasiyalar qurulacaq, yollar çəkiləcək, emal müəssisələrinin yaradılması, turizm obyektləri, müasir texnoloji avadanlıqlar olan müəssisələrin yaradılması gözlənilir və bura investisiya arzuolunandır. Eyni zamanda, qeyd edim ki, orada elm, təhsil, səhiyyə, istirahət sektorlarına da böyük investisiya qoyulacaq".


Şərhlər
bu mövqeyi millətimiz dəstəkləyir!