Təxminən bir həftə əvvəl “AzPolitika.info”-da Yevlax şəhəri, İnşaatçılar küçəsi, ev 7-də qeydiyyatda olan və Bakı ş., Nərimanov rayonu, Əliyar Əliyev küç.ev 19/3, mən., 42- də yaşayan qazi əsgər anası Kərimova Aygün Rafiq qızı tərəfindən ölkə başçısına və digər müvafiq orqanların rəhbərlərinə ünvanlanan məktub dərc edilmişdi.
Məktubda deyilirdi ki, Vətən Müharibəsində ağır yaralanmış əsgər Məmmədov Amil Habil oğlu birinci əməliyyatdan sonra ciddi müalicə kursu keçməyə, daha sonra ikinci əməliyyata ehtiyacı olduğu halda, Müdafiə Nazirliyinin Mərkəzi Hospitalından çıxarılıb.
Ağır vəziyyətdə olmasına baxmayaraq, evdə köməksiz və imkansız şəraitdə qalmağa məhkum edilib: “Oğlum Məmmədov Amil Habil oğlu hərbi xidmətini yerinə yetirərkən sentyabrın 28-dən Füzuli istiqamətində döyüş zonasına göndərilib. Oktyabrın 7-də 1-ci dəfə yaralanıb. 10 gündən sonra onu sağaldıb yenidən cəbhəyə göndəriblər. Lakin noyabrın 3-də Şuşa istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb, bütün bədəninə çoxsaylı qəlpələr dolub. 10 gün Yevlax Hospitalında yatdıqdan sonra Bakıdakı MN-in Mərkəzi Klinik Hospitalına gətirilib. Birinci əməliyyat zamanı bədənindəki qəlpələrin bir hissəsi çıxarılıb. Hazırda hər iki ayağı gipsə qoyulduğundan yataq xəstəsidir. Hər iki ciyərində qalan digər qəlpələrin çıxarılması üçün həkimlər 2-ci əməliyyat qabağı ciddi rejimli müalicə təyin ediblər. Lakin Mərkəzi Hospitalın rəhbərliyi ağır yaralı oğlumu evdə müalicə olunması üçün xəstəxanadan çıxarıb.”
Bu gün redaksiyamıza yenidən müraciət edən qazi anası yazıb ki, həmin məktubun dərc olunmasından sonra Amillə maraqlanıblar və Mərkəzi Hospitalın rəhbərliyi qazimizin tezliklə əməliyyat olunmasına söz verib: “7 dekabrda Ali Baş komandana şikayət yazdım. Bir-iki yerdən zəng edib dedilər ki, sizə köməklik olunacaq. Dekabrın 9-da oğlumun vəziyyəti yenə ağırlaşdığından təcili xəstəxanaya apardım. Dedilər qazinin ağ ciyərlərinə su yığılır. Yenə borca düşüb iynə-dərman aldım. Bu gün isə MN-nin Hərbi Hospitalından zəng edib bildiridlər ki, biz Amil Məmmədovu qovmamışıq. Sadəcə, Yevlaxda Hospitalda müalicə alandan sonra onu bizə, Mərkəzi Hospitala yoxlanışa göndəriblər. Biz də yoxladıq.”
Qazi anası oğlunun dekabrın 15-də əməliyyat olunacağını qeyd edir və ölkə başçısından xahiş edir ki, onun sağlamlığının bərpası üçün müvafiq orqanlara tapşırıqlar versin: “Mərkəzi Hospitaldan mənə dedilər ki, oğlunuzu 15 dekabrda 2-ci dəfə əməliyyat edəcəyik, nə lazımdırsa ediləcək. Mən də razılaşdım ki, MN Mərkəzi Hospitalının həkimləri insafa gəliblər. Oğlumu 15 dekabrda müalicə və əməliyyat etməyə hazırdırlar. Ona görə də MN-nin Mərkəzi Hospitalından şikayətim yoxdur. Təki sözlərinin üstündə dursunlar. Mənə oğlumun həyatda qalması lazımdır. Doğrudur, mən Azərbaycan əsgərinin sağalması üçün borca-xərcə girsəm də bir ana olaraq bununla barışmalıyam.
Cənab Ali Baş Komandan, Sizdən çox xahiş edirəm ki, 2 dəfə ağır yaralanmış oğlumun müalicə olunması və ayağa qalxa bilməsi üçün MN-nin Mərkəzi Hospitalı rəhbərliyinə, Səhiyyə nazirinə, TƏBİB rəhbərinə göstəriş verəsiniz.”
Cəlal
“AzPolitika.info”


Şərhlər
heç bir yaralı əsgər müalicə üçün xəstəxanalara müraciət etməməlidir,müdafiyə nazirliyi bütün yaralı qazilərimizin dəqiq sayını,ünvanını,adlarını bildiyi üçün onların bütün ehtiyaclarını nəzarətdə saxlamalı,hər cür yardım ehtiyaclarını qarşılanmasını təmin etməlidir. Əks halda cavabdeh orqanlar ciddi cəzalanmalıdır ki,belə haqsızlıga yol verilməsin