Menu

Rusiya prezidenti 700 jurnalistin qabağına çıxmağa hazırlaşır – Bu dəfə sərt suallarla üzləşəcək

17.12.2020, 11:00
Rusiya prezidenti 700 jurnalistin qabağına çıxmağa hazırlaşır – Bu dəfə sərt suallarla üzləşəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün ənənəvi ilsonu mətbuat konfransını keçirəcək.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, COVID-19 pandemiyasına görə Putin konfransa Novo-Oqaryovodakı iqamətgahından qoşulacaq. Yerli və xarici media təmsilçiləri Moskvadakı Dünya Ticarət Mərkəzində olacaq, region mediası ilə videolink vasitəsilə əlaqə yaradılacaq.

Kremlin məlumatına görə, Rusiya və xaricdən 700-dən çox jurnalist tədbirə akkreditə olunub. Bu mətbuat konfransı adətən bir neçə saat çəkir.

Media mənsublarının iştirakıyla yüksək səviyyədə idarə olunan bu tədbir Rusiyayla bağlı bəzi şübhələrin gücləndiyi dönəmə düşür. Rusiyanın Birləşmiş Ştatlarda böyük kiberhücumun arxasında durduğu bildirilir. Digər tərəfdən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Kremlin tənqidçisi Aleksey Navalnını zəhərləməsinə dair dəlil ortaya qoyulub.

Putin ildə bir neçə belə tədbir keçirərək imicini düzəltməyə çalışır, rusiyalıları əmin edir ki, onların taleyi yaxşı əllərdədir, Birləşmiş Ştatlara və dünyanın qalan hissəsinə ismarıclar göndərir.

Xatırladaq ki, Birləşmiş Ştatlarda Daxili Təhlükəsizlik Departamenti daxil olmaqla hökumət agentliklərinə böyük kiberhücumun arxasında Rusiyanın durmasıyla bağlı şübhələr var.

Dekabrın 13-də açıqlanan kiberhücumlar Maliyyə və Kommersiya departamentlərini də hədəfə alıb. “The New York Times” Müdafiə Departamentinin bəzi hissələrinin, “Washington Post” isə Dövlət Departamenti və Milli Səhiyyə İnstitutunun da haker hücumuna məruz qaldığını bildirib. Moskva bu məlumatları təkzib edib.

Putin dekabrın 15-də, 3 noyabr seçkisindən altı həftə sonra Co Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib. Baydenin Prezident Donald Trampdan fərqli olaraq Kremlə qarşı daha sərt mövqe tutacağı gözlənir.

Bu arada “Bellingcat” araşdırma portalı Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsinin arxasında FSB əməliyyatçılarının durduğunu bildirən birgə araşdırma yayıb. Xarici işlər naziri Sergey Lavrov dekabrın 16-da bu hesabatı “məzəli” adlandırıb, amma birbaşa təkzib də etməyib. Putin isə hələlik hesabatı şərh etməyib. Sözçüsü Dmitri Peskov dekabrın 15-16-da jurnalistlər üçün gündəlik brifinqləri təxirə salıb.

Bu günlərdə "Levada" Mərkəzinin açıqladığı yeni rəy sorğusu son bir ildə gənc rusiyalıların Putinə dəstəyinin yarıbayarı azadlığını üzə çıxarıb.

Bu il neftin ucuzlaşması və koronavirus pandemiyası Rusiya iqtisadiyyatına zərbə vurub. Rusiya dünyada koronovirus yoluxmalarına görə dördüncü yerdədir. Avqustda COVID-19-a qarşı ilk vaksinin hazır olduğunu bildirib. Ancaq vaksinin əsas üçüncü mərhələ sınaqları bundan sonra keçirilib.

68 yaşlı Putin 20 ildir siyasətdə dominant roldadır, 1999-cu ildən ya prezident, ya da baş nazir postunda olub. Bu ilin əvvəlində təsdiqlənmiş konstitusiya dəyişiklikləri keçmiş KQB zabitinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol