Menu

Aİ Qəzzanın bərpasına 450 milyon ayırıb

13.10.2014, 16:36
Aİ Qəzzanın bərpasına 450 milyon ayırıb

Oktyabrın 13-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vitse-prezident Ketrin Eşton bəyan edib ki, Avropa İttifaqı Qəzzada yenidənqurma işlərinə 450 milyon avrodan çox yardım ayıracaq.

Qahirədə keçirilən “Fələsin haqda, Qəzzanın yenidənqurulması” konfransında Eşton deyib: “Qəzzadakı vəziyyətin davamlı və hər kəsin marağında olan həllinin yeganə yolu siyasi yoldur. Qəzza üçün etdiyimiz səylərin uğuru Fələstinə daha geniş çərçivəli dəstəyin göstərilməsindən və sülh danışıqlarına daha böyük töhfəmizdən asılıdır.”

Qeyd edək ki, Avropa İttifaqı fələstinlilərə ən böyük maliyyə dəstəyi verən qurumdur. Son onillik ərzində Avropa İttifaqı Qəzza zolağında müxtəlif layihələr və proqramlar çərçivəsində 1,3 milyard avro xərcləyiblər.

Xanım Eşton Avropa İttifaqı adından bir daha təkrar edib ki, Fələstin hökumətinin Qəzza üzərində effektiv hakimiyyətini bərpa etməsi üçün yeni proqramlar tətbiq etmək və mövcud proqramları genişləndirməyə hazırdır. Bununla yanaşı, Qəzza zolağının blokadasının aradan qaldırılması prosesinə təsir etmək üçün yoxlama məntəqələrində mövcudluğunu artırmaq da Aİ-nin planlarına daxildir.

Həmçinin, Avropa İttifaqı Qərb sahili və Qəzza arasında yol bağlantısının qurulması ilə iki region arasında siyasi və iqtisadi əlaqənin güclənməsi üçün yolların axtarışına töhfə verməyə, Qəzza əhalisinin ictimai və iqtisadi potensialının dünyaya açılması üçün isə Qəzza və Avropa İttifaqı arasında dəniz yollarının açılmasına hazırdır.

Avropa İttifaqının yaydığı rəsmi bəyanatda isə deyilir ki, Aİ-nin yekun məqsədi iki dövlətin. İsrail dövləti və müstəqil, demokratik Fələstin dövlətinin sülh, təhlükəsizlik içində, bir-birini tanıyaraq qonşuluq etmələridir. “Yalnız bu halda israillilər və fələstinlilər ümid tapa biləcək, özləri və uşaqları üçün daha yaxşı gələcək tikməyə qadir olacaqlar”, - bəyanatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol