Menu

“Düşünməsinlər ki, səsim heç hara çatmayacaq” - Xədicə İsmayıl

13.10.2014, 17:43
“Düşünməsinlər ki, səsim heç hara çatmayacaq” - Xədicə İsmayıl

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl oktyabrın 12-də Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb.

Oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, Xədicə İsmayılovanın hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaqı aparılan cinayət işi ilə bağlıdır: “Onun qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, həmçinin aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Bu səbəbdən də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub”.

Bu il fevralın 17-də Xədicə İsmayılova “Feysbuk” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona 2011-ci ildə hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin ötürdüyünü deyir. Həmin materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Eldar Sultanovun APA-ya açıqlamasından sonra “Media forum” saytına danışan Xədicə İsmayılova vurğulayıb ki, ölkədən çıxmasına yasaq qoyulması barədə öncədən məlumatı olmayıb: “Bakının beynəlxalq hava limanında mənə bildirdilər ki, Baş Prokurorluq ölkədən çıxmağınıza qadağa qoyub. Oktyabrın 13-də Baş Prokurorluğa məktub yazdım ki, qadağanı hansı əsasla qoyduqlarını mənə izah etsinlər. Artıq prokurorluğun mətbuat katibi agentliklərə açıqlama verib ki, mənim sərbəst hərəkətim şahid qismində cəlb edildiyim istintaq işinə görə məhdudlaşdırılıb.

Bildiyim qədər mən dövlət sirrinin yayılması iddiası ilə istintaqı aparılan cinayət işinə şahid qismində cəlb olunmuşam. İş üzrə bu ilin fevral ayında beş dəfə dindirilmişəm və məndən ölkədən çıxmamaq barədə iltizam alınmayıb. Sadəcə, ölkədən gedəndə onlara məlumat verməliydim və mən o vaxtdan hər dəfə xaricə yollananda prokurorluğa məktub yazıb bunu bildirirdim. İndiyədək heç bir səfərimi gizlətməmişəm. Onu da qeyd edim ki, mənim məktublarıma prokurorluqdan heç bir cavab, reaksiya da olmayıb.

Ölkədən çıxmamaq barədə iltizamım yoxdur və mənə hansısa istintaq hərəkətində iştirakımla bağlı çağırış da gəlməyib. Ölkədən buraxılmamağıma heç bir hüquqi əsas yoxdur. Baş Prokurorluqdan rəsmi açıqlama istəyirəm. Yəqin ki, sonra rəsmi qaydada şikayətlərimi edəcəm.

İşimi davam etdirirəm. Oktyabrın 13-ü Çexiya paytaxtı Praqada keçirilən “Forum 2000”də çıxış etməliydim. Bu forum çərçivəsində mənim iki gün ərzində üç çıxışım nəzərdə tutulub. Çıxışlarımdan birini artıq internet vasitəsilə - “Skayp” la etmişəm, digərlərini də bu yolla edəcəm. Düşünməsinlər ki, məni harasa getməyə qoymayıblarsa, deməli, səsim heç hara çatmayacaq. Əksinə, elə “Forum 2000”də əsas mövzulardan biri mənim ölkədən buraxılmamağım olub”.

Xədicə İsmayılova fevralın 17-də “Feysbuk”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayılova “Feysbuk”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyir.

Oktyabrın 9-da Binəqədi Rayon Məhkəməsində bu iddia ilə başlanan proses oktyabrın 17-da davam etdiriləcək. Xədicə İsmayılova “Media forum”a bildirib ki, Elman Türkoğlu heç bir sübut irəli sürmədən məhkəməyə müraciət edib: “İddia edir ki, guya mən onun haqqında nəsə yaymışam. Mən onun adı çəkilən bir kağız, bir sənəd də yaymamışam. Məhkəmə, MTN və prokurorluq əl-ələ verib Elman Türkoğlunun əvəzinə sübutlar düzəltməklə məşğuldur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol