2015-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin göstəriciləri açıqlanmışdır.
“Marja” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 milyard 100 milyon manat proqnozlaşdırılır.
Nominal ifadədə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7% çoxdur.
Dövlət büdcəsinin kəsiri 1 milyard 662 milyon manat nəzərdə tutulur.
Kəsirin maliyyələşmə mənbələri (1 milyard 662 milyon manat) və Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan transfert (10 milyard 388 milyon manat) nəzərə alınmaqla, 2015-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 1 milyard 956,5 milyon manat və ya 10,2 faiz, 2014-cü illə müqayisədə isə 1 milyard 37 milyon manat və yaxud 5,2 faiz çoxdur.
“Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisini yüksəltmək, vergi daxilolmalarının yığım əmsalını artırmaq, vergi borclarının ləğv edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlışdırılması istiqamətində işləri növbəti illərdə də davam etdirmək prioritet vəzifələrdəndir”,- 2015 -ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.
İCMAL BÜDCƏ AZALIR
Azərbaycan Respublikasının 2015-ci il icmal büdcəsinin gəlirləri 20 milyard 716,8 mln. manat, xərcləri 25 milyard 911 milyon manat proqnozlaşdırılır. 2014-cü illə müqayisədə icmal büdcəsinin gəlirləri 1 milyard 269,1 milyon manat və ya 5,8% az, xərcləri isə 1 milyard 467,1 milyon manat və ya 6,0 faiz çox nəzərdə tutulmuşdur. İcmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3 milyard 56,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 milyon manat və ya 4,4 faiz çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 milyon manat və ya 18,1 faiz çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri 12 milyard 304,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 1 milyard 13 milyon manat və ya 9,0 faiz çoxdur.
VERGİLƏRİN ÖHDƏLİYİ CÜZİ ARTIR
2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmalar cari ilin proqnozu ilə müqayisədə 8,1 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 28,7 faiz artacaqdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard 812 mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və ya 32,3 faizi isə neft sektorunun payına düşür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə daxilolmaların proqnozu 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 448 milyon manat və ya 6,7 faiz, cari ilin proqnozu ilə müqayisədə isə 10 milyon manat və ya 0,1 faiz çoxdur. Qeyri- neft sektoru üzrə isə artım 2013-cü il üzrə faktiki icra göstəricisi ilə müqayisədə 1 milyard 48,1 milyon manat və ya 27,8 faiz, cari ilin proqnozu ilə müqayisədə 512 milyon manat və ya 11,9 faiz çoxdur.
NEFT FONDUNDAN BÜDCƏYƏ 10,4 MİLYARD KÖÇÜRÜLƏCƏK
2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388, milyon manat transfert nəzərdə tutulur ki, bu da cari ilin proqnozuna nisbətən 1 milyard 51 milyon manat və ya 11,3 faiz çoxdur.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən dövlət büdcəsinə 7 milyon manat manat daxilolmanın təmin ediləcəyi gözlənilir ki, bu da 2014-cü ilin proqnozundan 2 milyon manat və ya 40,0 faiz çoxdur. 2015-ci ildə büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən dövlət büdcəsinə 300 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
2015-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 8,2 faiz olmaqla, natural ifadədə 1 milyard 590 milyon manat təşkil edəcəkdir ki, bu da 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 206,8 milyon manat və ya 14,9 faiz, 2014-cü ilin proqnozu ilə müqayisədə isə 80 milyon manat və ya 5,3 faiz çoxdur. 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 4,0 faiz səviyyəsində olacaqdır.
“2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən real büdcə gəlirləri nəzərə alınmaqla hazırlanmışdır. Dövlət büdcəsi xərclərinin strukturuna uyğun olaraq cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclərin optimal hədlərinə nail olunmuş, qarşıda duran vəzifələrin həlli üçün maliyyə təminatı formalaşdırılmışdır. Sosial siyasətin davam etdirilməsi, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin, hərbi qulluqçuların, müharibə əlilləri və şəhid ailələrinin rifahının və yaşayış səviyyəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulması prioritet hədəflər hesab edilməklə, onların maliyyə təminatı üçün tələb olunan məbləğdə vəsait 2015-ci il dövlət büdcəsinin xərclərində nəzərə alınmışdır”,- büdcə layihəsində qeyd olunur.



Şərhlər