Honq Konqun 50-dən çox məşhur demokratiya tərəfdarları və siyasətçiləri ötən gün həbs olunub. Bu, Çinin keçən il sərt təhlükəsizlik qanunu tətbiq etməsindən bəri ən çoxsaylı həbslərdir.
BBC xəbər verir ki, şəhərin 72 ərazisindəki səhər basqınlarında təxminən 1000 polis iştirak edib.
Tutulanlar təxirə salınmış 2020-ci il seçkiləri ərəfəsində müxalifət namizədlərini seçmək üçün qeyri-rəsmi bir "ilkin seçki" keçirməyə kömək edənlərdi. Onlar hökuməti "devirməyə" çalışmaqda günahlandırılır. Aktivistlər deyir ki, yeni qanun müxalifəti ləğv etməyi hədəfləyir.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin deyib ki, bu həbslər Çinin sabitliyini və təhlükəsizliyini pozmaq istəyən xarici qüvvələri və şəxsləri dayandırmaq üçün lazımdır.
Hadisələrə qiymət verən Beynəlxalq Əfv Təşkilatı (AI) həbslərin "quruluşa meydan oxumağa cəsarət edən hər kəsi cəzalandırmaq üçün milli təhlükəsizlik qanununun necə silahlandırıldığının ən açıq nümayişi" olduğunu deyib.
Səhər həbslərindən bir neçə saat sonra Honq Konq təhlükəsizlik katibi Con Lee, şəhər hökumətini "devirməkdə" şübhəli bilinənlərə istiqamətli əməliyyat çərçivəsində bir qrup insanın həbs olunduğunu təsdiqləyib. O, şəhərin Qanunvericilik Şurasında çıxış edərək hökumətin "təxribatçı" hərəkətlərə dözməyəcəyini söyləyib.
Yeni Milli Təhlükəsizlik Qanununa görə ittiham edilərsə, məhbuslar ömürlük həbs cəzası ala bilər.

Xatırladaq ki, keçən ilin iyul ayında müxalifət partiyalarından ibarət bir ittifaq, Honq Konq parlamenti olan Qanunvericilik Şurası (LegCo) üçün sentyabr ayında keçiriləcək seçkilərdə namizədlərindən hansının daha çox şansa sahib olduğunu görmək üçün müstəqil olaraq təşkil olunmuş ilkin seçkilər keçirib. İlkin seçkilərdə 600 mindən çox insan səs verib. Rəsmilər gecikmənin səbəbi olaraq koronavirus pandemiyası ilə bağlı narahatlıqlarını əsas gətirərək, seçkini təxirə salıblar.
Honq Konq sakinləri epidemiya dövründə hökumətin insanları qorxutmaq üçün atdığı son addımını etirazla qarşılayıb.
Həbslər beynəlxalq səviyyədə geniş şəkildə də qınanıb. ABŞ-ın yeni prezidenti Co Bayden tərəfindən yeni dövlət katibi vəzifəsinə seçilən Antoni Blinken bunu "ümumdünya hüquqlarını müdafiə edənlərə cəsarətlə hücum" adlandırıb: "Bayden-Harris rəhbərliyi Honq Konq xalqı ilə birlikdə və Pekinin demokratiyaya qarşı təzyiqinə qarşı olacaq".
Böyük Britaniyanın Xarici İşlər naziri Dominic Raab, həbslərin 1997-ci ildə ərazi təhvil verildiyi zaman İngiltərə ilə imzalanan ortaq bəyannamə çərçivəsində tətbiq olunan hüquqlara "ağır bir hücum" olduğunu deyib.
"AzPolitika.info"


Şərhlər