Elmə artan maraq və azalan qayğı...

Məhəmməd Talıblı

Qlobal səviyyədə tüğyan edən koronovirus pandemiyası bütün sahələrə öz damğasını vurmaqdadır. Şübhəsiz ki, mənfi təsirlərin olması nəzərdə tutulur. Lakin bütün çoxsaylı neqativ tendensiyalarla bərabər pozitiv bir məqam da özünü biruzə verdi. Bu dünyada elm olan marağın artmasına səbəb olmuşdur.

Belə ki, Elm Vəziyyəti İndeksi (State of Science Index, SOSI) adlı illik tədqiqatın əsas nəticəsinə əsasən, pandemiya fonunda elmə və alimlərə olan inam son üç il ərzində ən yüksək səviyyəni göstərmişdir. Aparılmış respondent soğrularına görə:

- 89% elmə etibar edir;

- 86% alimlərə etibar edir;

- 77% pandemiya nəticəsində elmin daha çox maliyyələşməyə ehtiyacı olduğu ilə razılaşır;

- 54% elmin gündəlik həyatı üçün çox vacib olması fikri ilə razılaşır; (pandemiyaya qədər bu rəqəm 44% olub).

- 92% bütün dünyada hesab edir ki, elmin qlobal pandemiyanı dayandırması üçün real hərəkətlərə keçməsi vaxtı çatıb və bu da insanların elmə inamının artdığını göstərir.

İnsanlar da fərqindədir ki, məhz elmin nəaliyyətləri nəticəsində dünyanı ağuşuna almış və qlobal səviyyədə insanların sərbəst davranışını iflic etmiş covid-19-u enməyin yolu da elmdən keçir. Bu soğrudan çıxarılan əsas dərs bundan ibarətdir ki, elmə və onun gələcəyinə inam artıb.

Məntiqlə elmə artan maraq fonunda ona edilən yardımların həcmi də artmalıdır ki, elmdən gözləntilər özünü doğrultsun. Bu gözləntinin özünün doğrultması isə onun maliyyələşmə həcmindən asılıdır.

Təqdiqat və araşdırmalara nəinki dövlətlər, hətta özəl sektor subyektləri belə böyük maraq göstərirlər. Şirkətlər belə özlərinin biznes strategiyalarını müəyyənləşdirən zaman təkcə gəlirlərinin artma templərini, bazar paylarını necə artırıması yollarını deyil, elmi-təqdiqat layihələrini belə hansı nisbətdə maliyyələşəcəyinə belə xüsusi önəm verirlər. Tədqiqatlar göstərir ki, öz “R&D” (tədqiqat və araşdırma) büdcələrinin 25%-dən daha çoxunu müxtəlif təyinatlı proqram təminatına ayıran şirkətlərin gəlirləri rəqiblərinə nisbətən daha yüksək templə artır. Bu şirkətlərin tədqiqat və araşdırmaların önəmini ifadə edən yanaşmanı ortaya qoyur. O zaman dövlətlərin kvaziictimai nemət sayılan təhsil və elm xərclərini təsəvvür edin...

Gəlin Azərbaycanın dövlət büdcəsindən ayrılan elm xərclərinə bir diqqət edək. Ötən ilin (2020) dövlət büdcəsində elm xərcləri 193,6 milyon manat məbləğində təsdiqlənmişdi. Lakin avqust ayındakı büdcəyə edilən əlavə və düzəlişlərlər 2020-ci ilin dövlət büdcəsində elm xərcləri 187 milyon manata endirildi.

Növbəti ilin dövlət büdcəsində yenə də küncdə qalmış sahə elm xərcləri oldu. Cari ildə - 2021-ci ilin sosialyönümlü xərc istiqamətləri içərisində elm xərclərinə cəmi 183,3 milyon manat vəsait nəzərdə tutuldu. Bu isə dövlət büdcə xərclərinin 0,6 faizi deməkdir. Hətta 100 manatlıq büdcə xərcinin 1 manatını belə elm xərclərinin maliyyələşməsinə sərf etmirik. Deməli, elmdən böyük gözləntilərimiz olmayacaq. Çünki iqtisadiyyatın qanunları burada da işləyir: hansı sahəyə nə qədər çox investisiya edirsinizsə, həmin sahədə bir o qədər də istehsal və istehlak formalaşdırısınız.

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda elm xərcləri faizlərlə deyil, dəfələrlə azlıq təşkil edir. Dünyada inkişaf etmiş ölkələrdə elm xərcləri ÜDM-nin 2-4 faizi nisbətində dəyişdiyi halda bizdə ÜDM-nin 0,5 faiz civarından yuxarı qalxmır. Beynəlxalq hesabatlar da mövqeyimizi dəqiq ifadə edirlər. “Global İnnovation İndex 2018” hesabatına əsasən Azərbaycan ÜDM-nin 3%-ni təhsilə, 0.2%-ni araşdırma və tədqiqatlara sərf etmişdir.

Deməli, Elm Vəziyyəti İndeksinin nəticələri elmə marağın artmasını göstərdiyi halda, Azərbaycanda elmə dövlət qayğısı azalır. Dünyanın getdiyi axının əksinə üzmək necə olur ki?

Elə bizdəki kimi...

Bilirəm e, cahilə elm öyrətmək elmə zülm etməkdir, amma Həzrət Əlini unutmadığımız üçün söylərik....

Elm ocaqlarını ruhsuz məkanlar halına deyil, düşüncə azadlığından bəslənən zehin iqliminin məhsulları vəziyyətinə gətirməliyik. Başqa yolumuz yoxdur! (ASTNA.biz)

635x100

Şərhlər

Oxucu 2021-01-20 19:20:16

Elmi-tədqiqat İnstitutları dövlətin strateji maraqlarına uyğun mövzularla məşğul olmalıdırlar. Sabah AMEA-nı ləğv etsələr, nə baş verəcək? Dövlətin büdcəsimi azalacaq? İnsanların həyat səviyyəsi aşağı düşəcək? Hansı bədbəxt hadisə baş verəcək? Təhsil və elm müasir tələblərə cavab vermir! Bu sahələrdə güclü islahatlar aparmaq lazımdır. Jurnalda məqalə çap etdirmək elm deyil!

Son yazılar