NƏDƏN QORXURAM?...

Ələmdar Məmmədov, 

təqaüddə olan baş ədliyyə müşaviri

44 günlük müharibə zamanı yaşlı erməni qadının əsgərlərimizə “Öz evinizə xoş gəldiniz” deməsi, müharibə bitdikdən sonra Xankəndində bir “yazıq” erməninin bizim əsgərlərə yaxınlaşaraq, “qardaş” deyə müraciətini televiziya ekranlarında izləyəndə sevinmədim, əksinə, xəyal məni keçmişlərə apardı. “Yenə təkrar olacaqmı”, - deyə öz-özümə sual etdim.

Həyatımın və əmək fəaliyyətimin çox hissəsinin keçdiyi sovet dövrünü - qanunun sərt üzü sanki bizlərə, humanistliyi erməni və ruslar üçün yazılmış sovet dövrünü - eyni əmələ görə bizdə insanların həbs edilməsi, erməni və rusların bəraət almasını acı düşüncələrlə xatırladım. Bunun səbəbi nə idi? Tarixə baş vuraraq cavabını tapmağa çalışdım.

Bir neçə misalla fikrimi izah etmək istəyirəm. 1958-ci ildə Gəncə-Şəmkir yolunun kənarında huşsuz vəziyyətdə, təcavüzə məruz qalmış rus millətindən olan 19 yaşlı qızı yoldan keçən sürücü təsadüfən görür və onu təcili xəstəxanaya çatdırır. Tezliklə gənc qızın şəxsiyyəti məlum olur. Tələbə qızın atası hərbi hissələrdən birinin komandiri, polkovnik rütbəli zabit idi. Qız Bakıdan evlərinə gələrkən dəmiryolu vağzalında “Moskviç” markalı maşının sürücüsünə evlərinin ünvanını deyib maşına əyləşir və arxada bir nəfərin də oturduğunu görür. Həmin iki şəxs maşını Şəmkir istiqamətinə sürərək yoldan bir qədər kənarda saxlayıb növbəli şəkildə qıza təcavüz edib, soyuq havada yarımçılpaq vəziyyətdə qoyub, hadisə yerindən uzaqlaşırlar. Qız ifadəsində həmin şəxsləri üzdən tanımadığını, lakin qafqaz ləhcəsi ilə danışdıqlarını, onlardan birinin üzünü cırdığını göstərirdi. Hadisə barədə Daxili İşlər naziri MK-nın Birinci katibi İmam Mustafayevə məlumat verir. Günorta saatlarında Sov.İKP MK-nın I katibi N.Xruşşov İ.Mustafayevə zəng edərək, kəskin formada rus millətindən olan qızın zorlanması ilə əlaqədar cinayətin tezliklə açılmasını tələb edir. Respublika prokuroru və DİN-nin rəhbərliyi ilə istintaq əməliyyat qrupu yaradılır. Moskvadan xüsusi əməliyyat qrupu gəlir. Gəncədə və ətraf rayonlarda “Moskviç” markalı maşını olanların hamısı istintaqa cəlb olunur. Onlarla adam müxtəlif maddələrlə - narkotik maddə saxlamaqdan tutmuş odlu və soyuq silah saxlamağa qədər, həbs olunur. Bir çox insanlar milisə müqavimət və xırda xuliqanlığa görə saxlanılır. Tanınma keçirilərkən qız heç kimi tanımır. Moskvadan təzyiqlər hər gün artırdı. Nəhayət, 10 gündən sonra cinayəti işlətmiş adamlar tapılır. Bunlar erməni millətindən olan insanlar idi. Onlardan birinə ölüm cəzası verilir və hökm icra olunur. Bir çox azərbaycanlı isə narkotik maddə, soyuq və odlu silah saxlama maddələri ilə məhkum edilirlər. Zorlama, əlbəttə, ağır cinayət olmaqla, iyrənc əməldir və cinayətkarlar hər cür cəzaya layiqdirlər. Lakin SSRİ kimi nəhəng dövlətdə bir ildə yüzlərlə belə cinayət hadisələri baş verirdi. Məgər bütün hallarda Respublika rəhbərliyi təhdid olunub, ölkə rəhbərliyi məsələyə qarışırdımı?

Qızın polkovnik atası İ.Mustafayevə ünvanladığı məktubda azərbaycanlılar barədə pis fikirdə olduğuna görə üzr istəmişdi...

İkinci misalı görkəmli hüquqşünas İdris Əsgərova istinad edərək yazıram. Çörək zavodundan mağazalara avtomobillə çörək daşıyan Arturyan soyadlı bir ekspeditor hər reysdə bir-iki çörək oğurlayırmış. Növbəti reysdən oğurladığı çörəyi mağazada satarkən yaxalanmış və araşdırma zamanı məlum olmuşdur ki, Arturyan ümumilikdə 50-yə yaxın çörək oğurlamışdır. Material prokurorluqda yoxlanılır və dəyərin az olması və Arturyanın işdən çıxarılması nəzərə alınmaqla, barəsində cinayət işi başlanması rədd edilir. Qərardan narazı olan Arturyan Moskvada SSRİ rəhbərlərindən biri olan A.Mikoyanın qəbuluna düşür. A.Mikoyan onun ərizəsinə aşağıdakı məzmunda dərkənar qoyur: “Hörmətli M.C.Bağırov! Arturyan mənə məsələni danışdı. Hesab edirəm onun heç bir günahı yoxdur. Onun işə bərpa edilməsi haqqında göstəriş vemənizi xahiş edirəm” (Həmin vaxtlar SSRİ ALİ Soveti Rəyasət Heyətinin 7 avqust 1947-ci il tarixli fərmanı qüvvədə idi və 3-5 çörək oğurluğuna görə azərbaycanlılar bir qayda olaraq məhkum edilirdi). Bu məsəslə ilə əlaqədar Respublika prokuroru Ə.Əliyev, Bakı şəhər prokuroru Ramazanov və rayon prokuroru İ.Əsgərov M.C.Bağırovun yanına dəvət olunur. M.C.Bağırovun göstərişi ilə cinayət işi başlanılır və Arturyan məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum edilir və A.Mikoyana cavab verilir ki, Arturyan cinayətkar imiş. Göründüyü kimi, adi bir çörək oğrusundan ötrü erməni olduğuna görə ölkə rəhbərlərindən birisi müdafiəyə qalxmışdı... 

Biz ermənilərlə qonşuluqda yaşamağa məhkum edilmişik. Qorxduğum odur ki, illər ötər, ürəyimiz yumşalar və yenə də qanunun sərt üzünü özümüzə, humanist tərəfini bugünkü düşmənlərimizə göstərərik. Təsəllim odur ki, bugünkü qəhrəman gəncliyimiz bizim yol verdiyimiz səhvlərə imkan verməz. 

Belə təsəvvür yaranmasın ki, həmin dövrdə millətini qoruyanlar olmayıb.Əsla! 

İki misal gətirəcəyəm. 50-60-cı illərdə SSRİ Baş Prokurorluğu hər iki-üç ildə bir dəfə respublika prokurorluqlarına xüsusi istintaq qrupları göndərirdi. Həmin istintaq qrupları respublikaların prokurorluq işçiləri haqqında SSRİ Prokurorluğuna daxil olmuş məlumatları, respublika prokurorluğunda olan şikayətləri yoxlayır və əsas tapdıqda cinayət işi başlayaraq istintaq aparırdılar. Belə yoxlamalar Qazaxıstan, Orta Asiya respublikaları və Azərbaycanda daha qərəzli olurdu. 1962-ci ilin sonunda belə bir istintaq qrupu Bakıya gələrək respublikanın prokurorluq işçiləri haqqında növbəti yoxlamaya başladı. Bu yoxlama xüsusi canfəşanlığı ilə seçilirdi. Təsadüfi deyil ki, onlarla prokurorluq işçisi haqqında cinayət işi başlayaraq bir şoxlarını, o cümlədən, Bakı şəhəri Oktyabr rayon prokuroru N.Əhmədovu, həmin rayon prokurorluğunun müstəntiqi Ə.Əliyevi rüşvətxorluqda, Salyan rayon prokuroru Həmid Abbasovu maddi sübutları mənimsəmədə ittiham edərək həbs etmişdilər (Ümumilikdə ondan çox hüquq-mühafizə əməkdaşı həbs olunmuşdu.). Cinayət işləri üzrə ittihamnamələr SSRİ Baş Prokurorunun müavini tərəfindən təsdiq olunaraq, aidiyyəti üzrə baxılması üçün Azərbaycan SSR Ali Məhkəməsinə göndərilir. Ali Məhkəmənin sədri Abdulla İbrahimovun səyi, ittifaq miqyasındakı nüfuzu və vətənpərvərliyi nəticəsində məhkəmə baxılan işlər üzrə demək olar ki, bütün müqəssirlər haqqında bəraət hökmü çıxarır (Həmin dövrdə həbs olunanlardan biri, 70-ci illərin sonu, 80-ci illərin əvvəlində Masallıda vəkillik fəaliyyəti ilə məşğul olan Həmid Abbasov tez-tez bu hadisəni xatırlayırdı.).

1988-ci ildə Azərbaycan rəhbərliyinin xahişi və Mixail Qorbaçovun göstərişi ilə “əliyevçilər”lə bağlı Azərbaycana 200 nəfərə yaxın əməliyyat istintaq qrupu göndərilmişdi. Məqsəd hansı yolla olursa-olsun Heydər Əliyevə və onun yaxın ətrafına qarşı ifadələr almaq, təqsirləndirici materiallar toplamaq idi. Həbs olunanlar hamısı Şüvəlanda yerləşən istintaq təcridxanasında ayrıca korpusda saxlanılırdılar və onlara qarşı əməliyyat-istintaq qrupu tərəfindən hər cür işgəncə və amansızlıq tətbiq edilirdi.

Bu məsələni bilən Respublika prokuroru İlyas İsmayılov həmin faktlar əsasında cinayət işi başlamış və bununla da istintaq-əməliyyat qrupunun, necə deyərlər, “köpünü almış”, onları pat vəziyyətinə salmışdı. Tabe prokurorun yuxarı prokurorluğun əməkdaşları haqqında cinayət işi başlaması SSRİ miqyasında görünməmiş hadisə idi...

635x100

Şərhlər

Sərdar Şəmsiyev 2021-01-17 11:50:18

Fərq adlı dostumuza cavab yazmaq istəyirəm. Dostum, Ələmdar müəllim burada bizim prokurorluq və polis orqanlarımızın fəaliyyətinin hərtərəfli təhlilini aparmır ki. O sıravi insanlarımızın şüurundakı, qəlbindəki, hətta özümüzə də səbəbi bir sirri-xuda olan unutqanlığımızıın, səbəbsiz mərhəmət və ürəyiyumşaqlıq hisslərimizin, humanizmimizin yenidən başımıza bəla aça biləcəyindən yazır. Prokurorluq və polis orqanlarımızda işləyənlərin heç də hamısının sudan çıxmış ağ qaşıq olmadıqlarını hamı bilir və xalq bunu həqiqətən də görür. Lakin biz unutmamalıyıq ki, ağır cinayətlər istintaq olunarkən çox vaxt məlum olmayan, gizli qalan cinayətlər də üzə çıxır və bunu bizim orqanların niyə üzə çıxarmamalarını da bu orqanların fəaliyyətsizliyi kimi anlamaq doğru deyildir. Sizin yazdığınız fikirdən belə anlaşılır ki, siz bizim hüquq mühafizə orqanlarının bu cinayətləri daha əvvəl ifşa etməmələrini onların bacarıqsızlığı və ya korrupsiyaya bulaşmaları ilə izah edirsiniz. Əlbəttə bu da var, amma hər şeyi qara rəngdə görmək də doğru deyil. Cəmiyyət bütövlükdə həbsxana da deyil və insanların hər addımını təqib etmək də olmaz və mümkün də deyil. Təsəvvür edin, Avropa ölkələrinin əksəriyyətində ata və ya ana tərbiyə məqsədi ilə uğağına bir sillə vurmağa görə (bu hüquq mühafizə orqanlarına məlum olarsa) cinayət məsuliyyətinə cəlb edilirlər... və indi özünüzün (özümüzün) hərəkətlərimizə fikir verək... Belə çıxır ki, bu qayda ilə bizi hər birimiz dəfələrlə məhkum oluna bilərik və əksəriyyətimiz residivist sayıla bilərik... Amma bizim tərbiyə, əxlaq və mənəviyyata baxın, elə həmin Avropa və hətta Rusiyanınkına da baxın. Bəzən insanı bir sillə ilə böyük bir cinayəti törətməkdən çəkindirmək olar. Ələmdar müəllim bizim şüurumüza məhz həmin silləni vurmaqla bizi özümüzə qarşı ağır cinayət işləməkdən çəkindirmək istəyir.

Nurqələm HÜQUQ müəlliminə 2021-01-17 11:22:39

Azərbaycanlılar və Azərbaycana qarşı Ermənistan və erməni faşizminin 33 illik hərbi cinayətlərinə qarşı Avropa İnsan Hüquqlarından Azərbaycan Ali Məhkəməsinə qədər iddia və mühakimələr aparılmayıb? Bir çox müzakirələr sırasında bu özü bivec münasibət deyilmi???

AMIN 2021-01-16 19:12:16

Siz deyən təmiz prokurorlar keçən əsrdə qaldı.

Ramazan SİRACOĞLU 2021-01-16 17:33:25

Hörmətli Ələmdar müəllim, çox maraqlı, rəvan və axıcı üslubda yazdığınız yazılarınızı böyük həvəslə oxuyuram. Lütfən, tez-tez yazın. Ayrıca, “azpolitika.info” kollektivinə də Sizin kimi böyük təcrübəsi olan görkəmli ziyalımızın yazılarını yayınladığına görə təşəkkür edirəm.

Vüqar 2021-01-16 07:10:55

Ermənilərlə yenidən qarışmaq olmaz. Özümüz deyirik ki, ermənilər hələ Rusiyada az qala hər sahəni ələ keciriblər. Ermənilərin əsrlərlə sınanmış ələ kecirtmə üzrə hərəkət alqoritmi var.

R T 2021-01-16 04:41:54

Ay milllet bilin Rusda Ermeni de eynidir

Allahqulu 2021-01-16 02:12:23

Bir çox azərbaycanlı bu gün də yalançı narkotik ittihamları ilə həbs olunur. Bunu ki, rus eləmir. Prokurorluğun xəmiri pis yoğrulub. İlyas İsmayılov, İsmət Qayıbov kimi oğullar çox az və nadir tapılan şəxslərdəndir

Eli 2021-01-16 00:21:10

Mence son 100 ya 200 ilin yox ancaq 32 iln hadiselerin götürüb rus siyasetinin dövletinin kime teref olduğunu ve Azerbaycanın başına getirilen müsubetlerin -Qarabağ,20Yanvar,Xocslı ves hadiseler bşzim qan yaddaşımıza keçirilmeli be gelecek nesiller bu ruhda terbiyye olunmalıdırlar .İndi dövr deyişib Bizi de midafie eden gücler ve dövletler var deye cildini deyişib Sülhmeramlı kimi düşüb ortaya.Ancaw bu xınz o xınadan deyil.

Eli 2021-01-16 00:19:55

Yaşlı nesil gözel bilir ki, SSRİ döneminde respublikz ,tayon,şeher seviyyesinde bezifeye teyin etmede esas amiller hansılar idi.Rus ermeni be milletlerden dimi mensubiyyet tebii ki xristian olmalı rus dikinde temiz danışıb yazmalı heyat yoldaşları da bı milletlerden olmalı idi.Adi bir fakt deyim .70 il sövey döneminde bir nefer olsun milliyetce azerbaycanlı ne Sovey ittifaqı Marşalı ne de SSRİ Elmler Akademiyasını heqiqi üzvü olmadı

Eli 2021-01-16 00:07:54

Mence son 100 ya 200 ilin yox ancaq 32 iln hadiselerin götürüb rus siyasetinin dövletinin kime teref olduğunu ve Azerbaycanın başına getirilen müsubetlerin -Qarabağ,20 Yanvar, Xocslı ves hadiseler bşzim qan yaddaşımıza keçirilmeli be gelecek nesiller bu ruhda terbiyye olunmalıdırlar .İndi dövr deyişib Bizi de midafie eden gücler ve dövletler var deye cildini deyişib Sülhmeramlı kimi düşüb ortaya.Ancaw bu xınz o xınadan deyil.

Eli 2021-01-15 23:56:29

Mence Elemdat müellimin toxunduğu meselelere bizim hörmetli ziyalılarımız -xüsusen hüqüqşünaslar tarixçiler politoloqlar cocioloqlar diger şexsler öz fikir ve tekiliflerini bildirib xalqımızı maariflendirmek ayıq olmağa milli meselelerde bir daha sehv etmemeye çağırın tövsiyye vermeleri pis olmaz

Eli 2021-01-15 23:44:58

Elemdar müellimin yazıları hemişe ibretamiz konkret heyatı faktlara esaslanan yazılar olur.Ancaq bezi şerhçilere ele gelir ki cemiyyetin onların şerhine çox ehtiyacı var ve yazılan her bir yazını haqq nahaqq tenqid ve teftiş etmek lazımdır.Menc Azpolitika şerh yazmaq üçun şerait yaratmawda meqsedi ictimai fikri öyrenib işini lazım bilse ona uyğun qursun bu sıbyektiv menim fikrimdir.Mence bezi yazıları xüsusen bu yazını böyük müzakireye çıxartmaq lazımdır Çox vacib be aktual mövzudır.

Rahib-Masallı 2021-01-15 22:03:05

Unutqanlığımız mütləq olacaq.

Fərq 2021-01-15 19:36:00

Birdə, bu “rus” məsələsinə. Tanışlarımdan biri danışırdı ki, o zamanki Ali Sovetə seçkilərdə bir qadın İlyas İsmayılova qarşı odlu-alovlu çıxışlar edirmiş. Səbəbi: onun oğlu və bir neçə tanışı Moskvada bir RUS qızını zorlayaraq altıncı mərtəbədən yerə atıblar. Təbii ki, cinayət işi açılıb, bu ana tez qaçıb Moskvaya ki, İlyas müəllim (o zaman SSSR-i prokurorluğunda işləyirdi) onun oğluna kömək etsin. Anadı, başa düşmək olar. Ancaq belə düşüncə tərzini qəbul etmək mümkündürmü? Təfərrüatı yadımda deyil, ancaq seçki zamanı qadın Tovuzun küçələrinə düşüb, bağırırmış:”Nə edib bu İlyas xalqa? Bir RUS qızına görə oğlum güdaza getdi”. Və bu fikri şişirdənlərdə çox olub... Gəlin, bu RUS məsələsinə belə yanaşmayaq. Bir zamanlar, nə az, nə çox 12-13-cü əsrdən azı 17-ci əsrə qədər türklər (monqol-tatarlar, bizlər) bu cografiyanın hökmran xalqı olub, o cümlədən RUSlara da az qan uddurmayıblar. Yaxın keçmişdə və bu gün bir başqa mənzərədi. Tarixin hökmü. Çərxi-fələk çarxı. Sadəcə olaraq, ibrət və düzgün nətiçələr çıxarmaq. MÜTLƏQ MƏNADA REALLIQLARI NƏZƏRƏ ALMAQLA.

Fərq 2021-01-15 19:22:52

Ələmdar müəllimin yazıları oxunaqlı olur. Adətən. Lakin bir sual rahatlıq vermir bəzən. Heç kimi, onların işini qaralamaq istəmədən: bu yazılardan belə məntiq yaranır ki, Az-n prokurorluq işçiləri başdan ayağa ağdan-ağ, təmizdən-təmizdilər. İnanaq. Bəs onda xalqın içində niyə tam əks fikir hökm sürür? Haradandı bu? Xalqın gözü tərəzidir, yoxsa kor? Kim maddi cəhətdən əziyyət çəkən prokuror görüb? Məqalədə ki misallarla bağlı: axı özünüz yazırsınız ki “tələbə qızın atası hərbi hissələrdən birinin komandiri, polkovnik rütbəli zabit idi”. Polkovnik rütbəsini SSRİ Ali Soveti təsdiq edirdi, polkovniklər sayla idi,o, bu gündü, daş atırsan, gedir generala dəyir. Üstəgəl, o polkovnik Az-da yox, Ermənistanda işləsə belə Xruşov həmin reaksiyanı verərdi onun şikayətinə. Əmin ola bilərsiniz. Sonra yazırsız: “Bir çox azərbaycanlı isə narkotik maddə, soyuq və odlu silah saxlama maddələri ilə məhkum edilirlər”. Əsas var idisə, niyə əməllərinə görə hadisədən əvvəl təqib olunmurdular. Harada idi milis-prokurorluq? Yox idisə - nə ilə məşğul olub “tər-təmiz” Az-n milis-prokurorluq-məhkəməsi? Moskvanın “təziqindən” qorxmaq bəraət qazandırır bəyəm? Yoxsa onların əməllərini ağırlaşdıran amil kimi qəbul edilməlidir?

Son yazılar