Bu gün, yanvarın 18-də Azərbaycanda koronavirusa qarşı vaksinləşmə prosesi başladılıb.

Bakı Sağlamlıq Mərkəzində keçirilən vaksinləşmə prosesində ilk olaraq Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev vaksin olunub.

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB sədri Ramin Bayramlı peyvənd edilib.

Qeyd edək ki, Azərbaycan Çin istehsalı "Sinovac" şirkətinin vaksinlərini alıb. Dünya ölkələrində olduğu kimi Azərbaycanda da peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.

COVİD-19 xəstəliyi əleyhinə vaksinləşmə ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

1-ci mərhələ

- Səhiyyə işçiləri;

65 yaşdan yuxarı şəxslər;

Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ 

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

***

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulacaq.

"Report" xəbər verir ki, nazir bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biridir.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də gün ərzində vaksinasiya olunacaqlar.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.