Ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondununın (KİVDF) keçmiş sədri Vüqar Səfərlinin həbsi media cameyəsində yeniş diskussiyalara rəvac verib. Fondun 11 illik fəaliyyətindəkı qeyri-şəffaflıq, korrupsiya cinayətləri və bu barədə prokurorluğun yaydığı məlumat ciddi müzakirə olunur.

Jurnalistlərin və ekspertlərin əsas tənqid hədəflərindən biri uzun illər medianın kuratoru olmuş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş rəhbəri Əli Həsənovdur. KİVDF xətti ilə ayrılan dövlət maliyyəsinin xərclənməsində əsas söz sahibi olmuş cənab Hsənov çoxmilyonluq yeyintilərdə, haqsızlıqda, ədalətsizlikdə ittiham olunur. Elə prokurorluğun məlumatında da keçmiş şöbə müdiri ilə Fond rəhbəri arasında korrupsiya işbirliyindən bəhs edilir. Qeyd olunur ki, Əli Həsənovun Mətbuat prospektindəki şəxsi mülkündə yerləşdirilən KİVDF-dən ümumilikdə 812 min manat icarə haqqı alınıb...

Bəzi informasiya resursları isə keçmiş şöbə müdirinin istintaqda dindirildiyini, xaricdən Azərbaycana gətirilərək ev dustağı edildiyini yazıblar.

Keçmiş şöbə müdiri mediada və sosial şəbəkələrdə haqqındakı ittihamlara reaksiya verib. Bildirib ki, o heç bir yerdə sorğulanmayıb, onun ölkəyə gətirilməsi barədə informasiyalar da böhtandır. Həsənov bir neçə saytın adını çəkərək onları "çörəyi mənim haqqımda yalan yazmaqdan çıxan xəbər spekulyatorları" adlandırıb.

Həmin saytlardan biri - "Teleqraf" Media Qrupuna daxil olan "Axar.az"-ın rəhbəri, tanınmış jurnalist Anar Niftəliyev "Facebook" səhifəsində Əli Həsənova cavab yazıb. "Əli Həsənovdan və oxuculardan üzr istəyirəm – 25 ilə görə..." başlqlı yazıda o keçmiş şöbə müdirini sərt tənqid etməklə bərabər maraqlı məqamlara diqqət çəkib: "... Çox təəssüf edirəm ki, Əli Həsənov tam 25 ildir onun haqqında olan düşüncələrimi darmadağın etdi: az öncə Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızına göndərdiyi şantaj, hədə dolu mesajla, ardınca isə öz sosial şəbəkə hesabında yazdığı təkzib statusu ilə. Mənim təsəvvürümdə olan Əli Həsənov media nümayəndələrinə müraciət edərək, “əziz jurnalistlər”lə sözə başlamalı, ölkədə olduğunu bildirər, yanlış məlumatlara inanmamağı xahiş edərdi..."

A.Niftəliyev daha sonra Ə.Həsənova KİVDF-də baş verən korrupsiya qalmaqalı, onun mənimsəmələrdə iştirakı, habelə Həsənovların adı hallanan başqa olaylarla bağlı suallar ünvanlayıb.

Baş redaktorun qeydlərindən belə məlum olur ki, Əli Həsənov "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızına şantaj, hədə dolu mesajlar göndərib. Amma o bu barədə təfərrüata varmayıb. Camalqızı isə "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, bu barədə ümumiyyətlə heç nə danışmaq istəmir.

Əli Həsənov Anar Niftəliyevin yazdıqlarına reaksiya verməsə də, statusa geniş şərh yazaraq onu ittiham edən jurnalist Jalə Mütəllimovaya cavab verməməkdən özünü saxlaya bilməyib. "Jalə Mütəllimova, bu yazdıqlarına və mənə, ailəmə atdığın böhtanlara görə heç Allahdan qorxmursan?!", - keçmiş şöbə müdiri təəccübünü gizlədə bilməyib. J.Mütəllibova isə cavabında ona qınaq dolu suallarla cavab verib: "Hara getmişəm, hamı deyib Həsənov "dobro" versin sənə. Siz heç övladınızı məktəbə ac yola salmısınızmı? Siz oğlunuzun şalvarından qızınıza məktəb forması tikdirmisinizmi? Bunun üçün balanız utanıb qabağınızda ağlayıbmı, Əli müəllim? Mən çalışıb, işləyib faydalı olmaq istəmişəm. Niyə Əli müəllim, niyə bu ölkədə iş tapmamışam? Niyə ömrüm yalvarmaqla, sizdən yol istəməklə keçib? Mənim kimilərin günahı nə olub axı? Neyləmişdim axı? İnanmaq, peşə seçmək, əxlaqlı olmaq günahdırmı, Əli müəllim? Günahım əxlaqlı qadın, dövlətçi adam, xalqını, ailəsini sevmək idimi? Günahım odurmu ki, şərəfim var? Yaltaqlıq bacarmamaq idimi günahım? Nə idi də, axı, nə idi, günahım?..."

Əli Həsənov jurnalistlə söz güləşdirmək istəməyib və bu sualları cavabsız buraxıb.

"AzPolitika.info"