Azərbaycanın 2015-ci ildə dövlət büdcəsinin gəlirlərinin 19 milyard 438 milyon manat, xərclərinin isə 21 milyard 100 manat həcmində proqnozlaşdırıldığı açıqlandı.
2015-ci il dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7 faiz, xərcləri isə 1 milyard 37 milyon manat və yaxud 5,2 faiz çoxdur.
Gələn il büdcənin doldurulması üçün Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin planları cüzi artırılır.
Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1 faiz çoxdur. 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 590 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2014-cü ilin proqnozu ilə müqayisədə isə 80 milyon manat və ya 5,3 faiz çoxdur. Yəni, Vergilər və Gömrüyün planı birlikdə 90 milyon manat artırılır.
2014-cü ildə Vergilər Nazirliyinin planı 11%, Gömrük Komitəsinin planı isə 9,4% artırılmışdı.
2015-ci il üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin plan öhdəliyi isə 2 milyon manat artırılaraq 7 milyon manata çatdırılır.
Bunlardan başqa, büdcənin gəlirlərinin formalaşmasında büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən daxilolmalar da rol oynayır. 2015-ci ildə büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən dövlət büdcəsinə 300 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur. Bu da 2014-cü ilin proqnozundan 100 milyon manat azdır.
Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin planının artırılması hesabına gəlirlər 92 milyon manat artmış görünsə də, büdcənin gəlirlərinin formalaşmasında büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən daxilolmaların 100 milyon manat azalması ilə büdcənin Neft Fondsuz cəmi gəlirləri 8 milyon manat azalacaqdır.
Bəs gəlirlər azaldığı halda gələn ilin büdcəsi necə artır? Əlbəttə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfert hesabına! 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manat transfert nəzərdə tutulur ki, bu da cari ilin proqnozuna nisbətən 1 milyard 51 milyon manat və ya 11,3 faiz çoxdur.
NEFT SEKTORUNDAN YIĞILACAQ VERGİ 502 MİLYON AZALACAQ
Əlavə edək ki, Vergilər Nazirliyinin planının cüzi artırılmasının səbəbi, neft sektorundan yığılacaq vergilərin azalacağının gözlənilməsi ilə bağlıdır. Belə ki, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard 812 milyon manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyyar 300 milyon manatının və ya 32,3 faizinin isə neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır. 2014-cü ildə bu proqnoz müvafiq olaraq 4,3 milyard manat və 2,8 milyard manat idi. Göründüyü kimi, qeyri-neft sektorundan daxilolmanın 512 milyon manat artacağı, neft sektorundan isə 502 milyon manat azalacağı gözlənilir. Qeyri-neft sektoru üzrə artırılan 512 milyon manatlıq vergi yığımının böyük bir hissəsini özəl sektor ödəməli olacaqdır.
Qeyd edək ki, Azərbaycanda neft hasilatı azalmaqla bərabər, dünya bazarlarında neftin qiyməti də aşağı düşür.

Şərhlər