Menu

Girovların azad olunması üçün müraciətlər ünvanlanıb

14.10.2014, 16:05
Girovların azad olunması üçün müraciətlər ünvanlanıb

Məlum olduğu kimi, Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib.

Aidiyyəti dövlət orqanlarının beynəlxalq təşkilatlarla apardığı gərgin danışıqlar nəticəsində Həsən Həsənovun cəsədi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfdən alınıb.

Bu fikirlər Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda qeyd edilib. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir.

Hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və onlarla qeyri-insani rəftar edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədilə baş nazirin müavini Əli Həsənov bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşə, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad əl-Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlayıb. Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə kömək göstərməyə çağırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol