Rusiyada müxalifətçi Aleksey Navalnının böhtan ittihamı üzrə məhkəməsi başlanıb. Söhbət siyasətçinin Kremlin təbliğat videosunda danışan şəxslər barəsində "Twitter"-də yazdığı şərhlərdən gedir.
Navalnı İkinci Dünya Müharibəsi veteranına böhtan atmaqda suçlanır. Veteran ötən il konstitusiyaya dəyişikliklərə dəstək ifadə olunan təbliğat videosunda çəkilibmiş. Həmin dəyişikliklər Prezident Vladimir Putinin 2024-cü ildən sonra da daha iki müddətə vəzifədə qala bilməsinə yol açıb. Navalnı ötən ilin iyun ayında "Twitter"-də videodakı veteranı və digərlərini “vətənə utanc” və “xəyanətkarlar” adlandırıb.
Xatırladaq ki, üç gün öncə Kremlin tənqidçisi 3 il yarım həbs cəzasına məhkum edilib. O, siyasi hesab olunan mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozmaqda ittiham olunub. Hökmə görə, Navalnı artıq həbsdə keçirdiyi müddəti nəzərə almaqla 2 il 8 ay həbsdə qalacaq. Bu hökm Rusiyada kütləvi etirazlara, Qərbin sərt qınağına səbəb olub. ABŞ Prezidenti Co Bayden fevralın 4-də rəsmi Moskvanı müxalifət liderini dərhal və şərtsiz azad etməyə çağırıb.
Moskvada məhkəmə başlanan gün Avropa Birliyinin (AB) baş diplomatı da Navalnıyla bağlı danışıqlar aparır. AB-nin Xarici siyasət rəhbəri Jozep Borrelin görüşlərdə Navalnı işini, hökumətə qarşı çıxanlara divan tutulmasını qaldıracaq. O, bu gün - fevralın 5-də Xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.
“Aleksey Navalnının zəhərlənməsi, onun həbsi, son günlər minlərlə nümayişçi ilə bağlı mövqeyimiz çox aydındır”, –Borrel deyib. Xatırladaq ki, Navalnıya azadlıq tələb edən 10 mindən çox etirazçı saxlanıb. (azadliq.org)


Şərhlər