ABŞ-da keçirilən son prezident seçkiləri, Donald Trampın öz məğlubiyyətini qəbul etməməsi və seçkinin saxtalaşdırıldığını bildirməsi, etirazçıların Kapitoliyə hücumu və s. bu kimi hadisələr dünyada “demokratiyanın beşiyi” adlandırılan ölkənin onsuz da laxlayan imicini bir qədər də zədələdi. Artıq rəsmi Vaşinqton hansısa ölkəyə seçki saxtakarlığı, insan haqları, qanunun aliliyi, nümayişçilərə qarşı güc tətbiqi, demokratiyanın boğulması və s. məsələlərlə bağlı irad tutanda, həmin ölkələr ABŞ-ı güzgüdə özünə baxmağa çağıracaq, necə ki, artıq çağırırlar...
Lakin bütün bunlara baxmayaraq, istər-istəməz dünyanın gözü yenə də Vaşinqtonda baş verənlərə, yeni prezidentin açıqlamalarına, fərman və davranışlarına dikilib. Çünki dünyanın ən azı yaxın 4 ildəki taleyində ABŞ-ın yeni prezidentinin mövqeyi, qərarları mühüm rol oynayacaq. Odur ki, Baydenin yaxın 4 il üçün ölkəsinin əsas xarici siyasət istiqamətləri üzrə ilk çıxışı böyük maraqla izlənilib. Bayden isə həmin çıxışında əsasən Çin və Rusiya barədə xeyli danışıb. “İran problemi”ndən yan keçib, İsrail barədə isə bircə kəlmə də kəsməyib: “Biz, əvvəlki diplomatiyaya qayıdırıq və bütün müttəfiqlərimizlə münasibətləri bərpa etmək niyyətindəyik ki, müasir dövrün koronavirus pandemiyası və qlobal istiləşmə kimi qlobal çağırışlarına cavab verək. Və biz, əvvəlki kimi, bütün dünyada demokratiya və insan hüquqlarının keşiyində dayanacağıq. ABŞ bundan sonra da beynəlxalq səhnədə olmamağı özünə rəva görə bilməz. Biz, azad dünyanın lideri statusunu bərpa edəcəyik, amma qlobal nümunə göstərmək qabiliyyəti sayəsində”.
Göründüyü kimi, Bayden xarici siyasətdə əsas etibarilə Tramp dövrünün siyasətindən imtinanı elan edir. Bu isə İranla nüvə razılaşmasından tutmuş “Paris İqlim Sazişi”nə, Ümumdünya Səhiyyə Təşkilatına münasibətə qədər bir çox sahələr üzrə dəyişikliklər və xarici siyasətdə Trampın bütün izlərinin silinməsi anlamını daşıyır.
ABŞ və Qərb mətbuatında maraqla izlənən hadisələr sırasında Baydenin Donald Trampın imzaladığı fərman və qərarları az qala topa-topa ləğv etməsi ilk yerlərdə durur. Co Bayden nümayişkəranə şəkildə, mətbuat təmsilçilərinin, kameraların qarşısında özündən əvvəlki prezidentin qərarlarını öz imzası ilə ləğv edir. Məlumata görə, Bayden gündə 10-15, bəzən daha çox sayda yeni fərman imzalayaraq, Trampın fərmanlarını qüvvədən salır. Və bununla da bir növ özündən əvvəlki prezidentin ölkə üçün nə qədər ziyanlı fəaliyyətlərdə olduğunu sübut etməyə çalışır. Ancaq işin mahiyyətinə baxsaq, məsələn iqlimlə bağlı məsələdə ABŞ şirkətləri qeyri-müəyyən duruma düşüblər. İqlim razılaşmasını “şarlatanlıq” adlandıran Trampın dövründə qadağalar götürülmüşdü və şirkətlər iqlim barədə düşünmədən neft və qaz hasilatıyla məşğul idilər. İndi isə buna imkan verilməyəcək. Bu qərarların hansının ABŞ-ın maraqlarına daha çox xidmət etdiyini söyləmək çətindir, ancaq fakt ondan ibarətdir ki, ABŞ-ın hasilat şirkətləri xoşagəlməz durumla qarşılaşır, böyük sayda amerikalı işsiz qalır. Və buna bənzər nümunələr çoxdur. Yəni ki, “əvvəlki prezidentin ziyanlı qərarlarının ləğvi” kimi təqdim olunan yeni fərmanları heç də hər kəs müsbət addım kimi qiymətləndirmir. Və Trampın izlərinin hər vəchlə silinməsi naminə verilən bir çox qərarlar tənqidlə qarşılanır.
Lakin məsələ ondadır ki, özündən əvvəlki ölkə başçısının qərarlarını ləğv etmək praktikası ABŞ üçün adi haldır və Bayden bu sarıdan heç də digərlərindən seçilmir. Əksinə, onun sələfi olan Donald Tramp bu məsələdə rekordçu sayılır. Belə ki, Tramp bir gündə özündən əvvəlki prezident Barak Obamanın 30 qərarını ləğv etmişdi və bu prosesi reklam etmək sarıdan bütün digər sələflərini geridə qoymuşdu. Eyni, buna bənzər addımları Obama da özündən əvvəlki prezident Corc Buşun qərarlarına münasibətdə atmışdı.
Bir sözlə, sələfinin izlərini silmək ABŞ prezidentləri üçün adi haldır. Lakin dünyada dəyişən geosiyasi vəziyyət, pandemiya, ticarət müharibələri və s. bu “ənənəni” təkcə ABŞ deyil, digər dünya dövlətləri üçün də ciddi problemə, hətta təhlükəyə çevirir. Ayrı-ayrı ölkələr, eləcə də siyasi, iqtisadi, maliyyə mərkəzləri onsuz da mürəkkəb olan geosiyasi konfiqurasiyada ABŞ-a münasibətdə çevik addımlar atmaqda çətinlik çəkirlər.
Ancaq digər yandan Baydenin sözün əsl mənasında “anti-Tramp” siyasəti yürütməsi bir daha Azərbaycan da daxil olmaqla, ayrı-ayrı ölkə hakimiyyətlərinin okeanın o tayından, yaxud digər mərkəzlərdən mümkün qədər müstəqil siyasət yürütməsinin, ilk növbədə öz xalqının mənafelərini güdməsinin vacibliyini bir daha ortaya qoyur. Çünki tramplar, baydenlər gəldi-gedərdi, ABŞ-ın, Rusiyanın, Çinin maraqları da tez-tez dəyişə bilir, xalqımızın, dövlətimizin çıxarları isə dəyişməz olaraq qalır.
Cəlal Məmmədov
“AzPolitika.info”


Şərhlər