Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Ruslan Əmirov fevralın 8-də məhkəmə qarşısına çıxarılıb. O, 2020-ci il iyulun 15-də Bakıda keçirilmiş orduya dəstək yürüşüylə əlaqədar cinayət işi üzrə mühakimə olunur. Onun işinə Səbail Rayon Məhkəməsində baxılır.
Bu cinayət işi üzrə ümumilikdə 37 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 36-sının işi bir icraatdadır. R.Əmirov isə həmin 36 nəfərin işi üzrə istintaq yekunlaşanda saxlandığına görə onun işi üzrə istintaq ayrıca aparıldı. Hazırda məhkəmə qarşısına da tək çıxarılıb.
R.Əmirova qarşı da əvvəl bu iş üzrə həbs olunanlara verilmiş ittihamlar irəli sürülüb. O, CM-in 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
R.Əmirov haqqında cinayət işində 22 nəfər də zərərçəkmiş qismində tanınıb. Onların iyulun 14-dən 15-nə keçən gecə ziyan çəkdiyi iddia olunur. Zərərçəkmişlər sırasında polislər və digər dövlət orqanlarının işçiləri var.
Fevralın 8-də məhkəməyə 22 nəfər zərərçəkmişdən yalnız biri gəlmişdi. R.Əmirov buna etiraz edib, zərərçəkmişlərin hamısının məhkəmədə iştirak etməsini istəyib. O bildirib ki, yürüş zamanı heç bir cinayət törətməyib, qanunsuz hərəkəti olmayıb. Digər zərərçəkmişlər də gəlsin, onun harada, hansı cinayəti törətdiklərini konkret faktlarla göstərsin.
Məhkəmə prosesi fevralın 10-na davam edəcək.
"AzPolitika.info"


Şərhlər