Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən bir il ötür. Fevralın 9-da gerçəkləşən bu seçkilərdə 4 dairə (həmin dairələrdə nəticələr ləğv edilib) istisna olunmaqla bütün qaliblər artıq bir ildir qanunvericilik sahəsində fəaliyyət göstərirlər.
Hələ 2019-cu ildə parlamentin tərkibi vaxtından əvvəl buraxılarkən təklif müəllifi olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi bunu Prezidentin sürətli islahatlar kursu ilə izah etmişdi. Hakim partiya yetkililərinin fikrincə, ovaxtkı tərkib Prezidentin islahatları ilə ayaqlaşa bilmirdi.
Bəs bu, VI çağırış Milli Məclisin fəaliyyəti əvvəlkilərdən fərqlənirmi?

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Turan" agentliyinə bildirib ki, bu bir ildə, digər sahələr kimi, parlamentin fəaliyyətində də koronavirus pandemiyası çox ciddi çətinliklər yaradıb: "Yəni, parlament fəaliyyətə başlayandan pandemiya da fəaliyyətə başladı. Bir ilimiz pandemiya ilə mübarizə şəraitində keçdi. Amma buna baxmayaraq, bu ekstremal şəraitdə də Milli Məclis öz işini qurub, davam etdirib və ilboyu həyatımızın müxtəlif sahələri ilə bağlı çox ciddi qanunlar qəbul edib".
Deputat hesab edir ki, yeni parlamentin tərkibi kifayət qədər peşəkardır: "Bir çox dəyişikliklər var. Mən dörd il parlamentdə olmamışdım. Bu seçkilərdə isə baxıram ki, xeyli gənclər gəliblər və kifayət qədər peşəkarlıqla öz işini görürlər. Bu, parlamentin işinə yaxşı təsir edir. İlk dəfə olaraq Azərbaycan müxalifətinin bir nümayəndəsi – partiyamızın (Vətəndaş Həmrəyliyi Partiyası) sədr müavini Fəzail İbrahimli həm də parlament sədrinin müavini seçilib. Bəzi komissiyaların sədri və müavinləri müxalifət nümayəndələridir".
S.Rüstəmxanlı qeyd edib ki, koronavirus pandemiyasına baxmayaraq, parlament beynəlxalq qurumlarla normal əlaqələr qurur: "İş gedir, həm canlı, həm də onlayn qaydada görüşlər keçirilir. Bir sözlə, mən bir millət vəkili kimi parlamentin fəaliyyətindən çox razıyam". Deputat əlavə edib ki, 44 günlük müharibə zamanı deputatlar həm yerli, həm də beynəlxalq miqyasda ölkənin mövqeyini ən fəal şəkildə müdafiə ediblər.
"AzPolitika.info"


Şərhlər
Heç kim öz ayranına turş deməz. .....məclis də həmçinin.
Gəl razı olma.Havayı yerdən maaş alırtsan',bir yandan xidməti maşın.i biri yandan toxunulmazklq! Bəs ölkəyə,xalqa veyrin nə olub? Millətin hansı dərdinə dərnam etmisiniz?dtsl