AĞIR MƏĞLUBİYYƏTİN SƏBƏBLƏRİ VƏ... - Futboldan başı çıxmayan baş məşqçi

Ötən gün qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Bakıda İspaniyaya 0:13 hesabı ilə uduzub. Təbii ki, yığmanın bu cür ağır məğlubiyyətinin obyektiv və subyektiv səbəbləri var. Amma səbəblərə keçmədən öncə qeyd etmək lazımdır ki, Azərbaycan tolerant, gender bərabərliyinin müəyyən səviyyədə təmin olunduğu ölkədir. Düzdür, islam dininə xas mentalitet özünü göstərir. Amma Azərbaycan İran kimi mühafizəkar dövlət deyil ki, bizdə qadın futbolu olmasın.

Son vaxtlar qadın və kişi idmançılar arasında bərabərliyin təmin olunması, cinsi ayrıseçkiliyin aradan qaldırılması istiqamətində böyük işlər görülür. İstər Beynəlxalq Olimpiya Komitəsi (IOC), istər FIFA, istərsə də digər nüfuzlu idman təşkilatları problemin həlli üçün kifayət qədər ciddi vəsait və əmək sərf edir. Bu yaxınlarda Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Morinin cinsi ayrıseçkilik ehtiva edən açıqlamasına görə istefa verməsi də məsələyə necə həssas yanaşılmasından xəbər verir. Odur ki, Azərbaycanda qadın futbolunun ləğvi müzakirə mövzusu belə, olmamalıdır.

Böyük hesabla uduzan təkcə Azərbaycan millisi deyil

Qayıdaq millinin dünənki ağır məğlubiyyətinə. Bəli, hesab üzücüdür və milli komandaların böyük fərqlə uduzduğu oyunlar siyahısında antirekord kimi yerini "təmin edib". Amma nəzərə alaq ki, qadın futbolunda bu cür böyük hesablara çox tez-tez rast gəlinir və ağır məğlubiyyətə düçar olan yalnız Azərbaycan millisi deyil. Təkcə hazırkı seçmə mərhələdə, Azərbaycan - İspaniya matçını çıxsaq, komandaların bir görüşdə 8 və daha çox qol buraxdığı 18 qarşılaşma qeydə alınıb. Özü də uduzanlar arasında Ukrayna, Monteneqro və Macarıstan kimi futbolu yaxşı inkaşaf etmiş yığmalar da var. Ən böyükhesablı məğlubiyyət isə qonşu Gürcüstana məxsusdur.

Danimarka - Malta - 8:0
Danimarka - Gürcüstan - 14:0
Malta – Danimarka - 0:8
Farer ddaları - Norveç - 0:13
Moldova - İspaniya - 0:9
İspaniya - Moldova - 10:0
Şotlandiya - Kipr - 8:0
Finlandiya - Albania - 8:1
İsveç - Macarıstan - 8:0
İslandiya - Latviya - 9:0
Avstriya – Qazaxıstan - 9:0
Serbiya – Şimali Makedoniya - 8:1
Fransa - Şimali Makedoniya - 11:0
Fransa - Qazaxıstan - 12:0
Litva – Belçika - 0:9
Almaniya - Monteneqro - 10:0
Ukrayna - Almaniya - 0:8
Almaniya – Ukrayna - 8:0

Bundan başqa, seçmə mərhələdə 16 dəfə 0:4, 9 dəfə 0:5, 15 dəfə 0:6, 7 dəfə 0:7 hesablı məğlubiyyətlər də qeydə alınıb.

FIFA və UEFA qadın futbolunun inkişafına daha ciddi yanaşmalıdır

Yuxarıdakı statistikadan da göründüyü kimi, qadın futbolunda böyük hesablar yetərincədir. Bu isə yığmalar arasında fərqin nə qədər ciddi olduğunun göstəricisidir. Əslində FIFA və UEFA hər il qadın futbolunun inkişafı üçün müəyyən işlər görür. Məsələn, təkcə ali futbol qurumu ötən il 211 milli assosiasiyaya 500 000 ABŞ dolları vəsait ayırıb.

AFFA-nın açıqladığı illik hesabata əsasən, Azərbaycanda bu məbləğ əsas milli komanda ilə yanaşı, U-15, U-17, U-19 və U-21 qadın liqalarına sərf olunub. Yeri gəlmişkən, 2020/2021 mövsümündə AFFA-nın təşkil etdiyi qadınlar liqasında 74 komanda iştirak edib. 500 matçın baş tutduğu liqalarda 1 250 oyunçu mübarizə aparıb.

Amma görünən odur, problem təkcə vəsait ayırmaqla həllini tapmır. Deməli, beynəlxalq təşkilatlar başqa çıxış yolları axtarmalıdır. Məsələn, milli komandaların güc nisbətini nəzərə alıb, buna uyğun formatda turnirlər təşkil etmək olar. Buna ən gözəl nümunə 2018-ci ildə təsis edilən UEFA Millətlər Liqası və ya 2021/2022 mövsümündən klublar arasında keçiriləcək Konfrans Liqasıdır. Yaxud da aşağı yaş qruplarında olduğu kimi, turnirlər seçmə, elit-raund və final mərhələsindən ibarət ola bilər. Həmçinin bir vaxtlar U-17 yığmalarının iştirak etdiyi UEFA-nın İnkişaf Turniri keçirilməlidir. Çünki Azərbaycan kimi qadın futbolu zəif olan yığmaların birbaşa güclülərlə mübarizə aparıb böyük hesabla uduzması bu komandaları inkişafa deyil, tənəzzülə aparır. Bu cür biabırçı nəticələr həmin komandalar üçün psixoloji zərbədir.

Uğursuzluğun daxili səbəbləri

Az öncə saydığımız səbəblərlə milli komandanın uğursuzluğuna, dünənki acı (biabırçı yazmırıq, çünki uduzanlar zərif cinsin nümayəndələridir - red.) məğlubiyyətinə haqq qazandırmaq fikrində deyilik. Burada daxildən qaynaqlanan çatımazlıqlar da çoxdur. İlk növbədə Premyer Liqada çıxış edən bütün klubların nəzdində qadınlardan ibarət komandalar yaradılmalıdır. Hazırda elita təmsilçilərindən "Qarabağ", "Zirə" və "Səbail"də bu cür kollektivlər yoxdur və klublar bir neçə dəfə bu amilə görə 10 000 manat məbləğində cərimələniblər.

Düzdür, 2025/2026 mövsümündən sonra bu məsələ kökündən həll olunacaq. Çünki qadınlardan ibarət komandanın olması ilə bağlı meyar sözügedən mövsümündən mütləq gerçəkləşəcək. Əks halda, klublara avrokuboklarda iştirak üçün lisenziya verilməyəcək. Lakin bunun üçün 5 il gözləmək qadın futbolundakı uçurumu daha da dərinləşdirə bilər. Elə indidən bu yöndə hərəkətə keçmək lazımdır. Ən əsas məsələ isə qadın komandaları arasında müntəzəm çempionatın təşkilidir ki, bu da AFFA və Peşəkar Futbol Liqasının üzərinə düşür. I Divizionda olduğu kimi, çempionatda iştirak etmək istəməyən komandalara cəza verilməlidir.

Futbol siyasətindən başı çıxmayan Əsgərov

İstənilən komandada uğursuzluğun əsas günahkarı baş məşqçi hesab olunur. Bu, hazırda qadınlardan ibarət millinin sükanı arxasında olan Siyasət Əsgərova da aiddir. Açığı, indiyədək heç bir nəticəsi olmayan 34 yaşlı mütəxəssisin yığmada çalışması təəccüb doğurur. Məşqçilik fəaliyyətinə 2007-ci ildə başlayan Əsgərov 2010 - 2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada fəaliyyət göstərib. 2013-cü ildən U-19-da məşqçi, U-17-də isə baş məşqçi işləyən mütəxəssisin yolu U-15 komandasından da keçib. 2019-cu ildən isə əsas yığmaya rəhbərlik edən Əsgərov burada hələ qələbə üzü görməyib – 7 məğlubiyyət.

 Siyasət Əgərov

Siyasət Əgərov

Milli komanda onun rəhbərliyi altında D qrupunda keçirdiyi 7 matçda 35 qol buraxıb və cəmi bir dəfə fərqlənib. Aydın məsələdir ki, heç kim Siyasət Əgərovdan İspaniya, Polşa və Çexiya kimi futbol ənənəsi güclü olan ölkələrə qalib gəlməyi tələb etmir. Lakin ən azından qrupumuzdakı Moldova seçməsi ilə başabaş mübarizə aparmaq, rəqibdən xal almaq lazımdır. Təəssüf ki, gənc baş məşqçi sözügedən rəqiblə ilk matçda 1:3 hesabı ilə (2-ci oyun fevralın 23-də olacaq) uduzaraq, bunu da bacarmayıb. Deməli, millidəki dəyişikliyə məşqçilər heyətindən başlamaq lazımdır.

Qalmaqallı komandadan sağlam kollektivə

2009-cu ildə “lipa” qalmaqalına görə ləğv olunan qadınlardan ibarət Azərbaycan milli komandası 10 il sonra yenidən bərpa olunub. Əvvəlki illərlə müqayisədə hazırda bu yığmaya daha çox diqqət ayrılır. Təsadüfi deyil ki, milliyə dəvət alan futbolçuların 14-ü Rusiya, Türkiyə, Rumıniya və Qazaxıstan çempionatlarında çıxış edir. Yəni, oyunçuların səviyyəsi elə də aşağı deyil. Bundan başqa, hazırda yığmanın heyətində 5 legioner var ki, bu da kişilərdən ibarət əsas millidəkindən daha çoxdur. Diqqət çəkən digər məqam sağlam kollektivin formalaşdırılmasıdır.

Əvvəlki illərdə Azərbaycanda qadın futbolu ilə bağlı kifayət qədər qalmaqallı hadisələr baş verib. Fikrimcə, təkcə yığmadakı lezbiyan futbolçular barədə xəbərləri yada salmaq kifayət edər. Yəqin ki, vaxtilə U-19 millisində çıxış etmiş kürd əsilli futbolçu Melis Sarıaltının qondarma “Kürdüstan” dövlətinə verdiyi dəstək də çoxlarının yadındadır. Bir sözlə, artıq yenilənmiş və təmizlənmiş komanda var. Bundan sonra fəaliyyət istiqamətini düzgün qurub, konkret hədəflərə doğru addımlamaq lazımdır.

Təki nəhs rəqəmlə məğlubiyyət dönüş nöqtəsi olsun...(report.az)

635x100

Şərhlər

ejder 2021-02-19 21:38:48

aye,rovnenq eyrivicdan o birileri kimi,oyunu aleydide.az qalef

Hamlet 2021-02-19 17:28:42

Bu da yeni təyin olunan nazirlər kimi təyin olunduğu sahədən bixəbədir.Gərək adamın adamı olsun! Bura Azərbaycabdır!in

Son yazılar