Menu

NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...

27.02.2021, 12:03
NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...

Kənardan nə qədər qüsurlu və sadəlövh təsir bağışlasa da, indi ən dəbdə olan mövzu “vurulmuş” oliqarx-məmurların oğurladıqları milyonların, hətta milyardların əllərindən alınıb, Qarabağın yenidən qurulmasına xərclənməsidir. Özü də qəribədir ki, bu mövzunu qaldıranların əhəmiyyətli bir qismi son vaxtlaradək elə həmin məmurlardan qidalananlardır...

Hər necə olsa, “varlıdan alıb kasıba verək” formasındakı bu “Robinqud” yanaşmasını və onun gerçəkləşməsinin nə dərəcədə ağlabatan olmasını bir kənara qoyaraq, “nədən əlimizlə verdiyimizi ayağımızla axtarmalıyıq” və “necə edək ki, yeni ramizlər, ziyalar, fazillər, abidlər, zakirlər və s. yetişdirməyək” kimi suallar üzərində düşünməkdə fayda var. 

Çünki artıq uzun illər boyu “yeyilən və üstündən su içilən” pulların nəinki bütövlükdə, hətta qismən də olsa geri qaytarılması kifayət qədər problemli görünür. Bunu “Beynəlxalq bank işi”, Eldar Mahmudovun ətrafında baş verənlər və digər buna bənzər nümunələr təsdiqləməkdədir.

Bəli, hakimiyyətdə ciddi kadr dəyişiklikləri baş verib - illərin aşkar korrupsionerlərini gənc və təmiz reputasiyalı gənclər əvəz edib. Onları korrupsiyalaşma səviyyəsinə görə bir-birilə müqayisə etmək belə mümkün deyil. 

Ancaq bugünkü gənc və nisbətən təmiz reputasiyalı məmurların da bir müddət sonra mahiyyət etibarilə öz sələflərinin yerini alacağını tam istisna etmək olmur. Unutmayaq ki, yeni komandada da AQTA və TƏBİB rəhbərləri kimi biznesmen-məmurlar, eləcə də köhnə dəstədən qalma Cavid Qurbanov, Elman Rüstəmov, Əhməd Əhmədzadə, Ramiz Zeynalov kimi şəxslər var.

Onlarınsa “iştahasını” heç kim əllərindən almayıb. Və əgər vaxtında yeni “köhnə qvardiya” yetişməsinin qarşısını almaq istəyiriksə, ilk növbədə dövlət, hakimiyyət bunun üçün zəruri addımlar atmalı, artıq özünü doğrultmayan idarəçilik, xüsusilə icra hakimiyəti sistemini dəyişməli, güclü nəzarət sistemilə belələrinin peyda olmasına imkan verməməlidir. 

Ən azından ona görə ki, son hadisələrin də göstərdiyi kimi, vəzifə, inhisarçılıq, korrupsiya, məmur oliqarxiyasının yaratdığı biznes imkanları hesabına varlananlar elə ilk növbədə dövlət, siyasi hakimiyyət üçün problem, təhlükə mənbəyidirlər.

Artıq hakimiyyət tərəfindən kampaniya təsəvvürü yaradan deyil, talançı keçmiş və indiki məmurlara qarşı daha sərt addımların atılması olduqca zəruridir – heç olmasa ondan ötrü ki, vəzifəyə “bir həsir, bir məmmədnəsir” gəlib, 30 ilə yaxın müddətdə gözümüzün qarşısındaca bizdən oğurladıqlarıyla milyonlara, yüz milyonlara, hətta milyardlara sahiblənən oliqarxlar - yeni Ramiz Mehdiyev, Ziya Məmmədov, Fazil Məmmədov, Əli Həsənov, Abid Şərifov, Səlim Müslümov, Heydər Əsədov və digər bu qəbildən olanların “istehsal" dayansın. 

Onu da unutmamalıyıq ki, bu şəxslər təkcə korrupsiyalaşmış idarəçilik sisteminin yox, həm də cəmiyyət olaraq, bizim məhsulumuzdurlar. Bəli, biz 8000-10000 verib oğlunu 600-700 manat maaş alan polis serjantı etmək üçün vasitəçi axtaran valideynlərin üstünlük təşkil etdiyi cəmiyyətik. 

Biz vaxtilə ən prestijli və hörmətli saydığımız Tətbiqi Riyaziyyat, Fizika, Filologoya, Tarix, Şərqşünaslıq kimi fakültələrdən az qala imtina edib, “çörəkli” ixtisaslara üstünlük verməyə başlayan, övladlarımızı məlum səbəblərdən prokuror, polis rəisi, hakim, icra başçısı, hətta su, işıq, qaz, meliorasiya idarəsi rəisi kimi görmək istəyən topluma çevrilmişik. Və belə görünür ki, o yerlərdə “çörək olmadığını” görməyənədək də dayanan deyilik. Deməli, dövlət bu bəladan qurtulmağımız üçün yuxarıda qeyd etdiyimiz və bu qəbildən olan digər vəzifələri “yağlı tikə” olmaqdan çıxarmalıdır. Bir sözlə, vəzifə hədsiz dərəcədə qanunsuz gəlirlər təmin edən vasitə statusundan məhrum edilməlidir...

Digər yandan dövlət belələrinin hələ vəzifədə olarkən tənqid edilməsinə imkan yaratmalı, mətbuatı sadəcə “gedənin arxasınca danışa biləcək” durumda qoymamalıdır... 

Ən əsas məsələ isə əksər icra başçıları da daxil olmaqla, icra orqanları rəhbərlərini qidalandıqları dövlət satınalmaları və tenderlərdən tutmuş rüşvətlə kadr, vəzifə təyinatına qədər bütün korrupsiya mənbələrindən məhrum etməkdir. Bunun üçünsə şəffaflıq, hesabatlılıq və ictimai nəzarətin təmin olunması vacibdir. Və ən nəhayət, yeni təyin olunanlar büdcə oğurluğuna, talana görə cəzanın qaçılmaz olduğunu əyani şəkildə görməlidirlər. 

Yəni “yeni yırtıcılar” yaranmasın deyə, mütləq “köhnə yırtıcılar” qanun çərçivəsində layiq olduqları cəzaları almalıdırlar. Bunun üçünsə təkcə Səlim Müslümovun həbsi kifayət deyil. “Sabiqlər” və hazırda vəzifədə olanlar arasında Müslümovdan qat-qat daha iri “balıqlar”, hətta “akulalar” var! Və onların adları hamıya bəllidir...

Cəlal Məmmədov

“AzPolitika.info”

Şərhlər

vətənindaşı 2021-02-28 16:47:28

məmur vəzifədə qocalmamalıdır, 5 və ya 10 il işləyib getməlidir--artıq işləyənləri hər addımda qınamaq lazımdır

Arif. 2021-02-27 21:24:22

Bunun yeganə yolu Özgür demişkən düzgün,ədalətli seçki keçirmək,Ceyhun qardaş balşeviklərdə varlı imkanlı adamların varını aldılar,biraz keçməmiş özləri həmin varlılardan qat qat varlı oldular,yalnız seçki biz,milləti dövləti bu yoldan qutara bilər.

Ceyhun 2021-02-27 20:55:00

Xalqın malını əlinizlə niyə yaramazlara paylayırdlnlz ki.insi ayaqkarlnlzla ala bilmirsiniz.yoxsa almaq istəmirsiniz?

Kəramət 2021-02-27 20:11:44

Əgər bunlar yaramırsa.deməli onları yetişdirən qurum ləğv olunmalıdır ki, bir daha belə yaramazları ortaya çıxaran olmasın.Kimdən şikayət edirsiniz? Bunlar YAP-ın məhsulları deyilmi?

Özgür 2021-02-27 19:32:17

bütün sistem dəyişib təmiz seçkili sistem qurulmalıdır! Hər şey seçkidən başlayır! məncə seçki nə qədər şəffaf olsa işçi o qədər məsuliyyət daşıyacaq seçicilər qarşısında.

Aborigen 2021-02-27 17:44:35

"Bəli, biz 8000-10000 verib oğlunu 600-700 manat maaş alan polis serjantı etmək üçün vasitəçi axtaran valideynlərin üstünlük təşkil etdiyi cəmiyyətik." Çox hörmətli Cəlal müəllim! Çox sevinirəm ki, nəhayət çevrənin mərkəzinə çatdınız. Bəli, günahkar bizik. Var-dövlətimizi talayan, mənəviyyatımıza təcavüz edən, bizi manqurtlaşdıran bu məmur sürüsünü biz yaratmışıq!

QAXLİ MÜƏLLİMƏ 2021-02-27 16:39:45

Hörmətli Cəlal müəllim sizin yazılarınızı müntəzəm olaraq oxuyuram.Çox dəqiq və aktual yazılar yazırsız.Bu adları çəkilən akulaların içində bizim Qaxdan olan Əhməd Əhmədzadənin də adı çəkilir.Biz Qaxlılar yaxşı bilirik Əhməd Əhmədzadə kimdir , Qaxı və Qaxlıları əllərində necə oyuncağa çeviriblər.Hələ mən Zakatalanı demirəm.İllərdir bu haqqda yazılır,yazılır ancaq hələ də bu insanlar öz yerlərindədir.Talamaqda davam edirlər.Sizcə Ziyanın yarısından qayıtmaq da xeyir deyilmı.?

A.Məmmədov 2021-02-27 15:34:31

Mən dörd il məhkəmələrdə qanunsuz işdən azad olmağımla bağlı mübarizə aparmışam, qanunsuz işdən azad olmağım barədə ölkə rəhbərliyinə 2040 dəfə müraciət etmişəm. Heç nəyə nail olmamışam. Məni niyə işdən çıxarıblar? Məhkəmədə ifadə verən Haçıbalaçıların dediklərinə görə, guya Hacıbala Abutalıbovun rüşvət almağını Azərbaycanda tək mən bilirmişəm və bunu Q.İsaqov adlı şəxsə demişəm və bu şəxs Xural qəzetində “Hacıbala bir nömrəli rüşvətxordur” məqaləsini çap etdirib və bundan sonra Azərbaycanda hamı bilib ki, Hacıbala rüşvətxordur. Bu dəli məntiqinin absurd olduğunu Azərbaycan məhkəmələrində dörd il ərzində mən sübuta yetirə bilməmişəm. Biz bu gündəyik.

Vətəndaş 2021-02-27 15:21:06

Bu milyardların talançı kadrları hamısı YAP-ın məhsullarıdır.

M.Əsgərov 2021-02-27 14:31:09

Xalq hər şeyi çox yaxşı bilir, hər şeyi, xalq bilirsə demək fəsadlarıda çox ağır olacaq, kimsə heç nəyə arxayın olmasın, düzəlmək və düzəltmək lazımdır......

.EJDER NAQILBAZ 2021-02-27 14:14:23

oqrudan oqruya halaldi,kimoqurladiqi milyardi verer....

Nazim 2021-02-27 13:47:55

zakir qaralovun azadliqda qaldigi her bir gun Azerbaycan xalqina zərbədir..

Adəm 2021-02-27 13:34:44

Hazırkılar da elə yeni təyin olunanlarda bir bezin qiragidirlar.Sadəcə olaraq həmişəki qədər pulu yoxdu dagitmaga

Müəllim 2021-02-27 13:24:15

Bçunun çox sadə yolu var......,Nəzarət sistemin natəmizlərdən təmizləmək,Vəzifələrə həqiqi ixtisas.təcrübə və staj,millilik,davraçış göstəricilərini əsas tutmaq görüşvət ,anket göztəricilərini rüşvətin qabaqlaması hallarına son vermək şərtlərinə əməletməklə təyinat həyata keçirmək!!

Mehdi 2021-02-27 13:22:21

O qədər yetisdiriblərki ,onlardan çan qurtarmaqa en azi 40 il vaxt lazimdi.Indi hal hazirda elələri əmələ gəlirki,köhnələri bumlarin yaninda min toya get.... deputatlar var ey,toyda dalini burcuda burcuda oynayirlar.Onlar bunlardan da pisdi...

miri 2021-02-27 12:58:32

Cəlal bəy, Məmləkətdə 28 ildir hökm sürən quldur-oliqarxik sistemdən sabiqleri həbs etməklə qurtulmaq mümkün deyil. ...Sistem dəyişməlidi.... Allah millətə hidayət versin. İNŞƏALLAH.

Seyid Ənhu 2021-02-27 12:50:48

Köhnə yırtıcılar köhnə qanun çərçivəsində deyil, yeni qanun çərçivəsində cəzalandırılmalıdır.Onların törətdikləri bu günki qanunlara sığmır.

Roma 2021-02-27 12:43:30

Yazının müəllifi Cəlal Məmmədov Sizinlə tam razıyam, Çox düzgün qeyd edirsiniz ki: "Yəni “yeni yırtıcılar” yaranmasın deyə, mütləq “köhnə yırtıcılar” qanun çərçivəsində layiq olduqları cəzaları almalıdırlar. Bunun üçünsə təkcə Səlim Müslümovun həbsi kifayət deyil. “Sabiqlər” və hazırda vəzifədə olanlar arasında Müslümovdan qat-qat daha iri “balıqlar”, hətta “akulalar” var! Və onların adları hamıya bəllidir..." Bəzən fikirləşirəm ki, bu insanlarda dünya malına bu qədər hərislik hardandır?, axı insanın hətta tam firəvan yaşayışı üçün belə, çox az yəni bunların var-dövlətinin 1%-dən də az vəsait tələb olunur. Hardandır bunlarda hərislik, acgözlük. Bəzilərinin şəxsən olmasa da keçmişləri haqqında bilirəm ki, çox kasıb bir ailədəndirlər, yataqxanada yaşayanları olub, maddi durumları yaxşı olmayıb və s. Birdə ki, xalqın bu ağır durumunda o yaşayışı necə özünüzə rəva bilirsiniz, necə o cah-cəlalı özünüzə yaraşdırırsınız, necə boğazınızdan keçir və s. Keçmiş maliyyə naziri Saleh Məmmədov mənə dərs deyib, çox təmiz, abırlı, təmkinli, dünya malında gözü olmayan, gözü-könlü tox bir şəxsiyyətdir. Belələrinin canı, qəlbi daim Xalqnandır...

t.ədalət 2021-02-27 12:14:10

YAP durduqca kadrlar belə olacaq.Çünki onların əksəriyyəti Moskva ilə nəfəs alır.Keçmiş sovet,indiki rus kəşfiyyatının yetirməsi,anti-türk olan bu kadrlar hələ çoxdur.Bakının İH başçılarının talan etdiyi dövlətə aid var-dövlətin miqyası ölçüyəgəlməzdir.Torpaqlar MTK-lara od qiymətinə satılır,adamlara deyirlər ki,guya fondlara köçürürlər.Günahı dövlətin üstünə yıxırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol