ÖTƏN İLİN SEÇİLƏN QADINLARI - Qadın liderlərin uğur hekayələri

Hər il Beynəlxalq Qadınlar Günü yaxınlaşdıqda qadınların siyasətdən təhsilə, maliyyədən incəsənətə qədər bir çox fərqli sahədəki uğurlarına diqqət artmağa başlayır. Biz də öz növbəmizdə bu ənənəni davam etdirərək, dünyanın lider xanımlarından bir neçəsinin ötənilki uğur hekayəsinə qısa nəzər salaq.

Keçən il ABŞ-da prezident seçkilərində ən çox danışılan isimlərdən biri məhz Kamala Harris idi. Çünki Kamala Harris artıq ABŞ tarixində ilk qaradərili, Cənubi Asiyalı və ilk qadın vitse-prezident statusuna sahibdir. Harris, hələ 13 yaşında bacısı Maya ilə birlikdə mənzillərin qarşısında uşaqların çəmənlikdə oynamasına qoyulmuş qadağaya etiraz olaraq nümayiş keçirmişdi. Harris hər zaman qanun çərçivəsində hüquq axtaran güclü bir qadın modeli olaraq fərqlənirdi.

Yeni vəzifə ilə ilkə imza atan daha bir isim Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yeni rəhbəri, Nigeriya nümayəndəsi, 66 yaşlı Nqozi Okonco-İvealadır (Ngozi Okonjo-Iweala). ÜTT-nin ilk qadın və afrikalı rəhbəri olan Iweala, 1 martda vəzifəsinin icrasına başlayıb və 31 avqust 2025-ci ilə qədər vəzifədə qalacaq. N.Okonco-İveala 1976-cı ildə Harvard Universitetindən məzun olub və Massaçusets Texnologiya İnstitutunda "fəlsəfə doktoru" elmi adını alıb. Bir müddət sonra Nigeriya maliyyə naziri və xarici işləri naziri vəzifələrində də ilk xanım olan diplomat, 25 il ərzində Dünya Bankında müxtəlif vəzifələrdə çalışıb.

“İlin adamı” statusunu almış türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi olan Özləm Türeci də dünyada yeniliyə imza atmış qadınlar arasındadır. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri olan Türeci, 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir.

"Casinda Ardern bütün dünyaya həqiqi liderlik, həmrəylik, sevgi və güclü şəxsiyyət nümunəsi göstərməkdədir" başlığı ilə illərdir ki, istər dünya mediasında, istərsə də siyasi arenada populyar olan daha bir siyasi lider Casinda Arderndir. Ardern, Yeni Zelandiyanın Hamilton şəhərində anadan olub. Son 12 ildə bir nümayəndə olaraq uşaqların, qadınların və hər bir Yeni Zelandiya vətəndaşının hüquqlarının güclü bir müdafiəçisi olmuşdur. 2017-ci ildən bəri Yeni Zelandiyanın Baş naziridir. Ölkəsində Covid-19 epidemiyasına qarşı həyata keçirdiyi tədbirlərin adekvat və effektli olması Arderni dünyada güclü qadın lider olaraq daha çox tanıtdı.

Qeyd edək ki, ölkədə koronavirus epidemiyası başlayandan bu günə cəmi 2399 yoluxma qeydə alınıb və digər ölkələrdə minlərlə insanın virusdan öldüyü halda, Yeni Zelandiyada yalnız 26 nəfər həyatını itirib. Bunun da başlıca səbəbi vaxtında atılan addım olub - ilk yoluxma qeydə alınan kimi Ardern ölkədə 7 günlük karantin elan etmişdi.

"Nomaland" filmi ilə ən yaxşı film və ən yaxşı dram rejissoru adına Qızıl Kürə qazanan Chloe Zhao, mükafatı alan ilk Asiya qadını olaraq tarixə düşdü. Film sənayesindəki azsaylı qadın rejissorlardan biri olan Zhao, gücünü kino sənayesindən alaraq bu sahədə çalışmaq istəyən gənclər üçün nümunə oldu.

Sanna Marin, Finlandiyada Baş naziri vəzifəsinə 10 dekabr 2019-cu ildə başlayıb. Marin, beş partiya liderinin hamısının qadınlardan ibarət olduğu koalisiya hökumətinə rəhbərlik edir. Finlandiyanın üçüncü qadın və ən gənc Baş naziri olan Marin, ilk dəfə 2015-ci ildə Sosial Demokrat Partiyasının üzvü olaraq Finlandiya parlamentinə daxil olub. Marin, Covid-19 epidemiyasının ilk dalğasında ölümcül virusa qarşı idarəetmə təzi ilə fərqlənmişdi. "İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi çağımızın ən böyük problemlərindən biridir. Bunların həlli üçün güclü bir siyasi iradə və qətiyyət tələb olunur", - deyən Marin ətraf mühit məsələlərinə həssaslığı ilə tanınır.

Güntəkin

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar