Biz onun anasını ağlatdığı Bakıda sürünürük, o isə İlisuda kef edir

Seymur VERDİZADƏ

Qanunlar ədalətli cəmiyyət qurmaq, azğın insanları çərçivəyə salmaq üçündür. Qanunlar olmasa, cəmiyyətdə hərc-mərclik hökm sürər, anarxiya, özbaşınalıq ölkəni bürüyər.

Qanunu pozan adamları ona görə cəzalandırırlar ki, başqaları onun yoluyla getməsin. Cinayət cəzasız qalanda, bu, mənfi presedentə çevrilir. Cəzasız qalacağını bilən adam İspan öküzünə çevrilir. Belələrini o qədər görmüşük ki...

Şübhəsiz, Azərbaycanda qanunları ən çox vəzifəli şəxslər pozurlar. Hüquq dilində buna vəzifə səlahiyyətlərindən sui-istifadə etmək deyilir. Əvvəllər də yazmışam: Azərbaycanda ən fağır adamı da vəzifəyə təyin edəndə dönüb olur canavar. Qanunlar canavarın dişlərini tökmək üçündür.

Azərbaycan Avropaya inteqrasiya kursu seçmiş hüquqi dövlət olduğu üçün “canavarlar” özlərini meşədəki kimi azğın apara bilmirlər. Xüsusilə son 2 ildə qanunlar öz sərt üzünü onlara tez-tez göstərir. Əgər belə olmasaydı, vaxtilə icra başçısı işləmiş 7 nəfər indi məhbus həyatı yaşamazdı. Bu siyahıya bir naziri və bir nazir müavinini də əlavə edəndə, ortaya maraqlı tablo çıxır. Tablonun görünməyən tərəfi görünən tərəfindən daha cəlbedicidir. Biz daha kimlərin zindanın dəmir qapılarını aralayacağını bilmirik. Amma bunu çox istəyirik. Dövlətin malını dədəsinin malı kimi talan edən adamların hamısı cəzalandırılmalıdır. İndikilərin öz sələflərinin aqibətindən ibrət götürmələri üçün bu çox vacibdir.

İki-üç gün əvvəl oxudum: Baş nazirin sabiq müavini, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbov Qax rayonunun İlisu kəndinə köçüb. Ağıllı adamdır. Mənim kimi işə gecikməmək üçün taksidən düşüb piyada getməkdənsə, İlisuya getmək yaxşıdır. İlisu Azərbaycanın dilbər güşələrindən biridir. Pandemiyadan əvvəl İlisuda ailəlikcə gecələmək üçün 100 manatdan aşağı ev tapmaq mümkün deyildi. Hacıbala müəllim bunu bildiyi üçün vaxtilə orda gözəl bir villa inşa etdirib. İndi biz onun anasını ağladıb aradan çıxdığı Bakıda sürünürük, o isə İlisunun başı qarlı dağlarında xizək sürür...

İki-üç il əvvəl Əhməd adlı bir quşbaz mənə keçmiş İqtisadiyyat naziri Heydər Babayevin 10 min göyərçin saxladığını demişdi. Ondan bu qədər göyərçinin Heydər müəllimin nəyinə lazım olduğunu soruşanda, belə cavab vermişdi: “Ürəyi istəyəndə uçurdub zövq alır”.

Vaxtilə bu barədə yazdığım üçün onun sözlərini olduğu kimi xatırlayıram: “"Kasıbın uşaqları yavan çörək yediyi kimi, kasıb adamın quşları da quru buğda ilə qidalanır. Amma Heydər Babayev göyərçinlərinə yaxşı baxır. O, quşlarına buğda ilə yanaşı, qarğıdalı, tum da verir. Buğdanın bir kiloqramı 50 qəpik, qarğıdalı 60, yaxşı tumun kilosu 2 manatdır. Heydər müəllim birdəfəyə 30-40 ton buğda, 20 ton qarğıdalı, 20 ton tum alır".

Vəzifədən gedəndən sonra ərəb şeyxlərinə xas həyat yaşayan, ən müxtəlif əyləncələrlə başını qatan təkcə Heydər Babayev deyil. Yəqin ki, Ziya Məmmədovun Novxanıdakı bağında delfin saxladığını eşitmisiniz. O vaxt quşbaz Əhməd mənə demişdi ki, başqa bir məmur da timsah saxlayır. Əhmədin sözləridir, ömrümün axırına kimi yadımdan çıxmaz: “Onun timsahı bir quzunu birdəfəyə udur”.

Hamımızın təmiz adam kimi tanıdığımız Artur Rəsizadə isə it həvəskarıdır. Eşitdiyimə görə, Bilgəhdəki bağında cins itlər saxlayır. Bir qohumu danışırmış ki, Artur müəllimin itləri ayda 3-4 ton ət yeyir.

Taleyin ironiyasına bax: vəzifədə işlədikləri vaxt xirtdəyə kimi rüşvət və korrupsiyaya bulaşmış bu adamlar indi öz villalarında şellənirlər, onların zəlil etdiyi insanlar isə bir parça çörək tapmaq üçün zibilliklərdə eşələnirlər...

(Yenisabah)

635x100

Şərhlər

Eli 2021-03-13 01:49:04

Ne qeder ki milli şüur seviyyesinin daha da yükseldilmesi üçün konkret be emeli işler görülmür (xüsusen memur sinifi sahesinde) inandırım Sizi başqalarının varını dövletini saymaqla heç ne deyişmeyecek .Çünki üç şeyi ümumiyyetle gizletmek ümumiyyetle mümkün deyil:derd,sevgi ve pul .Hamı bilir ki kim kimdir be hansı hava ile nefes slır.Ancaq şüur yene de şüur.

Vətəndaş 2021-03-09 15:38:54

Seymur müəllim bu yırtıcıların hamısı bir kəndin "adamları"...

Fərq 2021-03-09 15:18:02

Siz nə istəyirsiz, müəllif? Sosializmə, həqiqi bərabər imkanlar cəmiyyətin prinsiplərinə qayıtmaq? Belə istəyiniz olsa idi, yenə başa düşmək olardı sizi. Deyərdik, solçudu, ideologiyası tələb edir bu cür düşünməyə və yazmağa (fəaliyyətə, təbii ki, yox, Allah eləməsin və özü qorusun belə kafiri- küfrdən! ) Yo-ox, çox astaca, ehmalca yeriyir-yazır müəllif yazılarında, sadəcə olaraq, yada hərdən salır ki,mən də varam. Siz bixəbərsiz ki, ictimai-siyasi quruluş dəyişib, iqtisadi bazada bununla bir yerdə? Bəyəm yeni quruluşa xas olan, onun bünövrəsini təşkil edən “mülkiyyət, pul mənimdir, nə istəyirəm, onu da edirəm!” bizlərə yaramır? İnsana, onun dəyərinə və sevimli heyvanına (göyərçinə - gözünü sevindirir, küt ruhunu onun uçuşu kimi pərvazlandırır (mı???), timsaha - acgözlüyü və dağıdıçılığı ilə ürəkləri qara bir daş parçasına çevirir, ondan götürülən“əxlaq dərsi” cəmiyyətə şamil edilir, nə bilim, it-pişiyə və s.)) belə fərqli münasibət bəsləyən davranışlar mövcud olan, kimlərinsə qibtə edərək “qurduğu” və insanlarımızın gur çəpik vuraraq alqışladığı icmanın əsas meyarlarından deyilmi? Yəni, milyoner-milyarderlər “orada” it-pişiyinə tonlarla “vısşiy sort” ət-yağ yedizdirmirlərini az eşidib-görmüşük? Bizimkilər hələ yaxşıdı – heyvanlarına toy-yas keçirmirlər, xüsusi qəbristanlıq tikdirmirlər. O biri tərəfdən, nə yatdıq ki, nə yuxu görək, görəcəklərimiz , teleaparıcılar demişkən, irəliləyən illərdədir. Müəllif, Balzakı oxumağınızdan bir kərəm yazmışdınız. Yəqin yadınızda olar onun ilkin kapitalın necə yaranması barədə sözləri. Kim, harada, hansı üsul ilə.Görürsüz nə yazırlar? Kapital amnistiyası! Deməyə sözünüz var?

Vetendaş 2021-03-09 11:52:22

Ay qardaş xeyri yoxdu, cezasızlıqdı. İndi vezifədə olanlarda bunların adamlarıdı

Son yazılar