Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdindəki müalicə klinikasının kardiologiya şöbəsinin müdiri Cavid Həmişəyevi qətlə yetirənlərin məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının prosesi izləyən müxbirinin verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində qətli törətməkdə şübhəli bilinən şəxslərə hökm oxunub.
Məhkəmənin qərarı ilə Türkan Ağayevaya 14 il, Yasin Ərəbovla Koroğlu Məmmədovun hər birinə 15 il həbs cəzası verilib. Qeyd edək ki, dövlət ittihamçısı K.Məmədovun ömürlük həbs edilməsini tələb etmişdi.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun meyiti ötən il mayın 25-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında aşkarlanıb.
C.Həmişəyev Tibb Universitetinin tərkibində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri işləyib. Onun qətlə yetirildiyi ev də yaşadığı mənzil olmayıb. Həkim bu mənzili dostları ilə birlikdə kirayələyib.
Araşdırmalar zamanı məlum olub ki, C.Həmişəyev həmin mənzildə tez-tez qadınlarla görüşüb. Budəfəki görüş isə acı sonluqla nəticələnib. C.Həmişəyevin meyiti evdə aşkarlanıb, onun şəxsi əşyaları, hətta paltarları da evdə tapılmayıb.
Hüquq-mühafizə orqanları C.Həmişəyevə məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığını müəyyənləşdirib. Elə gecə saat 2 radələrində də avtomobil paytaxtın 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.
Maşında olan Türkan Ağayeva, Yasin Ərəbov və Koroğlu Məmmədov saxlanılıblar. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.


Şərhlər