Menu

İran rəsmisi Pakistanı müdaxilə ilə hədələdi

16.10.2014, 16:14
İran rəsmisi Pakistanı müdaxilə ilə hədələdi

İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) komandanının canişini Hüseyn Səlami oktyabrın 16-da jurnalistlərə açıqlamasında Sistan-Bəlucistan əyalətində son günlər baş verən olaylara və Pakistanla sərhəddən danışıb.

“Media forum” saytının məlumatına görə, Səlami deyib ki, məcbur olsalar, hücumçuları hətta Pakistan ərazisində tapıb cəzalandıracaqlar: “İran heç bir ölkənin daxili işinə qarışmaq niyyətində deyil. Lakin Pakistan və digər qonşu ölkələr sərhədin təhlükəsizliyi ilə bağlı öhdəliklərinə əməl etməsələr, İran hərəkətə keçmək məcburiyyətində qalacaq.

Sərhəd təhlükəsizliyinin qorunub saxlanması qonşu ölkələr arasında müştərək bir ehtiyacdır. “Sepah” isə öz növbəsində bölgədəki düşmən qüvvələrin bütün hərəkətlərini nəzarətdə saxlayır, onları zərərsizləşdirməyə çalışır”.

Son bir həftədə İranın Sistan-Bəlucistan əyalətinin müxtəlif şəhərlərində yerli hüquq mühafizə qüvvələri bir neçə dəfə silahlı hücuma məruz qoyulub, nəticədə 16 nəfərdən çox polis öldürülüb, xeyli insan yaralanıb. İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyşül-ədl” (“Ədalət ordusu”) qrupu bəyanat yayaraq hücumların məsuliyyətini üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol