"Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb".

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib.

Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan, bu ilin 10 mart tarixində azad edilib.

Qeyd etmək istərdik ki, o, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.

Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zamanı sərbəst buraxılıb", - XİN rəsmisi vurğulayıb.

***

Azərbaycanda əsirlikdə olan livanlı erməni qadın geri qaytarılıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan özünün “Facebook” səhifəsində Maral Nacaryanın Beyrutdakı evinə qayıtdığını bildirib.

Məlumata görə, M. Nacaryanın əsirlikdən buraxılmasında Rusiyanın rəsmi şəxsləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan bölməsi xüsusi rol oynayıb.

Bundan başqa, M. Nacaryanın azad edilməsi ilə Avropa İnsan Haqları Məhkəməsi də məşğul olub.

Həm Livan, həm də Ermənistan vətəndaşı olan M. Nacaryanın noyabrın 10-da Laçında əsir düşdüyü bildirilir.

Erməni mənbələrinin iddiasına görə, ötən il avqustun 4-də Beyrut limanında baş verən güclü partlayışdan sonra o, bacısı ilə Ermənistana gəlib. Onlar Qarabağda yaşamaq arzusunda olduqlarını bildiriblər. İşğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma siyasəti yürüdən Ermənistan onların bu arzusunu nəzərə alıb, bacıları Şuşadakı otellərdən birində yerləşdirib. Bacılar məskunlaşacaqları yaşayış binası hazır olana qədər oteldə yaşamalıymış.Lakin müharibənin başlanması onların planını yarımçıq qoyub. Müharibə başlayandan sonra bacılar Ermənistanın Gorus şəhərinə gedib.

Erməni tərəfi M. Nacaryan və bacısının noyabrın 10-da əşyalarını götürmək üçün Şuşaya qayıdarkən itkin düşdüyü barədə məlumat yayıb.

Lakin Ermənistan M. Nacaryan haqqında hər nə qədər əzabkeş obrazı yaratmağa çalışsa da, onun dinc sakin olduğunu iddia etsə də, əslində, qadının snayper olduğu barədə məlumatlar var. M. Nacaryanın snayper kimi Qarabağda döyüşlərə qatıldığı və Azərbaycan Ordusuna qarşı vuruşduğu bildirilir.

Qeyd edək ki, vaxtilə Qarabağda əsir alınan minlərlə azərbaycanlı mülki şəxsin, qadınların, uşaqların qaytarılması ilə bağlı real heç bir iş görməyən, onların işgəncələrlə öldürülməsinə göz yuman Beynəlxalq Qırmız Xaç Komitəsinin və Rusiya rəsmilərinin terrorçu Nacaryanın buraxılması üçün bu qədər canfəşanlıq etməsi heyrət doğursa da, təəccüblü deyil. Çünki o ermənidir, müsəlman deyil... 

AzPolitika.info