“MALAYZİYAYA BÖYÜK EHTİMALLA ANCAQ PEYVƏND OLUNAN TURİSTLƏR BURAXILACAQ” - "Malayziya və Azərbaycan COVİD-19-a qarşı birgə mübarizə aparır"

COVID-19 pandemiyası beynəlxalq münasibətlər və iqtisadi əlaqələr, dünya miqyasında iqtisadi inkişaf məsələləri ilə əlaqədar yeni reallıq, çağırışlar, çətinliklər yaradıb. Bu çağırışlara adekvat cavab verilməsi, çətinliklərin öhdəsindən gəlinməsi, belə mürəkkəb şərtlərdə ölkələr arasında iqtisadi və siyasi əməkdaşlığın perspektivləri hazırda qlobal gündəliyin əsas müzakirə mövzularıdır.

Dünyanın dinamik inkişaf etməkdə olan ölkələri və iqtisadiyyatlarından biri olan Malayziyanın təcrübəsi bu baxımdan maraq doğurur. Malayziya Azərbaycanın etibarlı müttəfiqləri sırasında yer alır və son illər ölkələrimiz arasında iqtisadi layihələr siyasi əməkdaşlıq üçün yeni üfüqlər açıb.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan bin Yusofun "AzPolitika.info" saytına müsahibəsində məhz bu mövzularla bağlı, xüsusən, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərdən çıxış yolları barədə sualları cavablandırıb.

- Cənab Səfir, bildiyimə görə siyasi sahədə ölkələrimiz arasında ikitərəfli yaxşı əlaqələr mövcuddur. Bu əlaqələri daha da genişləndirmək üçün yüksək səviyyəli səfərlərə, görüşlərə ehtiyac var. Amma məlum pandemiya səbəbindən görüşlər, səfərlər təxirə salınıb. Amma buna baxmayaraq, artıq yüksək səviyyəli səfərlərin aktivləşdiyini görürük. Necə düşünürsünüz, cari ildə ölkə rəhbərliyi səviyyəsində səfərlər gözlənilirmi?

- Bəli, mən də ölkələrimiz arasında hər zaman yaxşı əlaqələrin olması ilə bağlı dediklərinizlə razıyam. 5 aprel 1993-cü ildə Malayziya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulduğu gündən etibarən bu ölkələr arasında daima sıx münasibətlər olub və olmaqda davam edir. Malayziya Baş nazirinin 2014 və 2019-cu illər ərzində Azərbaycana etdiyi səfərlər zamanla möhkəmlənən qardaşlıq əlaqələrimizin sübutudur.

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, mövcud vəziyyəti qəbul etməyə və ona uyğunlaşmağa çalışmalıyıq. Pandemiya Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsindəki səylərimizə mane olmayıb. Əksinə, bizi bu pandemiyaya qarşı birləşmək üçün ortaq bir hədəfə yaxınlaşdırıb. Malayziya Azərbaycanın rəhbərlik etdiyi təşəbbüsləri mövcud bütün platformalarda dəstəkləməyə davam edir. Buna misal olaraq 4 may 2020-ci ildə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn Zirvə görüşündə Malayziyanın Baş naziri Muhyiddin Yassinin iştirakını göstərmək olar. Əlavə olaraq, Malayziya 3 dekabr 2020-ci il tarixində dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin (UNGA) xüsusi sessiyasında da fəal iştirak edib. Malayziya 1-5 mart 2021-ci il tarixlərində keçirilən Qoşulmama Hərəkatlarının onlayn Beynəlxalq Model Simulyasiya Təliminin başa çatması münasibəti ilə Azərbaycanı təbrik edib. Malayziya Azərbaycanın təşəbbüsü ilə keçirilən bu onlayn simulyasiya təlimini dəstəkləməkdən və fəal iştirak etdiyindən qürur duyur. Pandemiyaya baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq mövcud problem və maneələri aşmaq üçün saysız-hesabsız yol və yeniliklərin olduğunu göstərdi. 

Malayziya və Azərbaycan COVİD-19-a qarşı birgə mübarizə aparır . Səfərlərə gəlincə, hazırda dünyada COVID-19 peyvəndinin tətbiqinə yeni başlandığı üçün, yüksək səviyyəli səfərlərin bu il reallaşacağını söyləmək hələ tez olardı. Buna baxmayaraq, Malayziya çətin günlərin geridə qalacağı ümidindədir və  Azərbaycan Prezidentinin Malayziyaya ilk səfərini səbirsizliklə gözləyir.

- Malayziya Asiyada iqtisadi cəhətdən ən yaxşı inkişaf edən ölkələrdən hesab olunur. Hər iki ölkənin iqtisadi-ticari sahədə əlaqələri genişləndirmək üçün potensialı var. İqtisadi əlaqələri genişləndirmək üçün sizcə nələr vacibdir, nə kimi tövsiyələriniz var? Mən burada qeyri-neft sektorunu nəzərdə tuturam...

- Fərqli coğrafi mövqe ölkələrimiz arasında idxal və ixrac xidmətləri üçün problem olduğunu sübut edir. Buna baxmayaraq, bu, ölkəmizin ticari-iqtisadi münasibətlərdə fəal iştirakına mane olmur. 2020-ci ildə Malayziya 129.50 milyon ABŞ dolları həcmi ilə Azərbaycanın 27-ci ən böyük ticarət tərəfdaşı və 23-cü ən böyük ixrac və idxal mənbəyi olub. Malayziya tərəfindən xam neftin alınması hesabına Azərbaycanın Malayziyaya ixracatı əhəmiyyətli dərəcədə artaraq 60.658 milyon ABŞ dollarına çatıb. Malayziyadan Azərbaycana idxal dəyəri - Azərbaycana gətirilən maşın, avadanlıq və ehtiyat hissələrindən ibarət məhsullar 68.843 milyon ABŞ dolları təşkil edib. Sualınızın ikinci hissəsinə gəlincə, həm Malayziya, həm də Azərbaycan, həqiqətən də, hər iki ölkənin iqtisadi sahələrinin əhatə dairəsini və ölçüsünü genişləndirmək üçün mövcud potensialı araşdırıla bilən zəngin mənbələrə sahibdirlər. Biznes, təhsil, alternativ maliyyə, kiçik və orta müəssisələr (KOM), informasiya texnologiyaları və multimedia ilə yanaşı insan kapitalının inkişafı kimi digər qeyri-neft sektorlarında iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaratmaq üçün bir çox proqram həyata keçirilə bilər.

- Azərbaycanda Malayziya şirkətləri hansı sahələrdə fəaliyyət göstərir və ümumiyyətlə ölkənizin sərmayəçiləri hansı sahələrə və nə qədər sərmayə yatırıb? Məsələn, Malayziyanın PETRONAS şirkəti Azərbaycana nə qədər sərmayə ayırıb?

- Bu günə qədər Malayziya ilə Azərbaycan arasındakı əsas ticarət hələ də neft və qaz sənayesini əhatə edir, çünki hər iki ölkə əməkdaşlığın digər vacib sahələrini araşdırma mərhələsindədir. Malayziya Milli Neft Şirkəti (PETRONAS) 2015-ci ildən etibarən təxminən 5 milyard ABŞ dolları təşkil edən investisiya dəyəri ilə Azərbaycanın enerji sektorunda fəal iştirak edir. Bu, sürətli inkişaf edən bir ölkə və bölgədəki mühüm iqtisadi mərkəz kimi Azərbaycan iqtisadiyyatındakı böyük potensialın bir sübutudur. COVID-19 pandemiyasının dünya iqtisadiyyatına təsir etdiyi doğrudur və bu təsiri azaltmaq üçün Malayziya hökuməti bu çətin dövrdə maraqlı tərəflərimizi dəstəkləməyə sadiqdir. Bu səbəbdən Malayziya hökuməti iqtisadi bərpa üçün hərtərəfli və vahid bir yanaşma kimi Milli İqtisadi Bərpa Planını (PENJANA) təqdim edib. Milli İqtisadi Bərpa Planını insanları gücləndirmək, iş yerlərini inkişaf etdirmək və iqtisadiyyatı stimullaşdırmaq üçün 3 strateji əsas sahəyə diqqət yetirməyi hədəfləyir. COVID-19-un təsirini azaltmaq istiqamətində, Malayziya hökuməti cəmiyyətə və müəssisələrə pandemiyaya qarşı kömək üçün 73,8 milyard ABŞ dolları dəyərində stimul paketini nağd vəsaitdən tutmuş maaş subsidiyaları və kredit moratoriyasına qədər, təqdim edib. 2021-ci il üçün Malayziya milli iqtisadiyyatı dəstəkləmək və COVID-19 ilə mübarizə aparmaq üçün maliyyə xərclərini 2,5 faiz artıraraq, 77,94 milyard ABŞ dollarına çatdırıb.

Malayziya hökuməti ictimai, səhiyyə, yaşayış və iqtisadi davamlılığı tarazlaşdırmaq məqsədilə ölkəyə iş girişinin təsdiqlənməsini sürətləndirərək, işgüzar səyahətçilərin hərəkətini asanlaşdırmaq üçün 2 oktyabr 2020-ci il tarixindən etibarən Tək Pəncərə Mərkəzi (OSC) yaradıb. OSC Malayziyada işləmək və ya işgüzar səyahətçilərə imkan yaradaraq ölkə iqtisadiyyatını bərpa etmək və genişləndirmək üçün kritik bir rol oynayır.

- Cənab Səfir, Asiyanın görməli-gəzməli yerlərindən hesab edilən Malayziya turizm sahəsində də geniş imkanlara malikdir. Hətta 2019-cu ildə turizmlə bağlı əsas hədəfi ekoturizm, incəsənət və mədəniyyət olan “Visit Malaysia 2020” kampaniyasına da start verilmişdi. Covid-19 səbəbindən bütün dünyada turizm sektoru dayandı. Bu il necə, “Visit Malaysia 2021” kampaniyasına start verilibmi? Yeri gəlmişkən, Türkiyə aprel ayında turizm mövsümünü açacağını elan edib. Hətta ölkənin mədəniyyət və turizm naziri də ilk növbədə Avropa ölkələrindən turistləri görmək istədiyini açıqlayıb...

- Başlanğıcda Malayziya “Visit Malaysia 2020” proqramı çərçivəsində 30 milyon turist gəlişini hədəfə almışdı. Amma pandemiya ölkənin turizm sektoruna ciddi şəkildə təsir etdi və bu sektor 24.6 milyard ABŞ dolları məbləğində zərər gördü. 2019-cu ildə Malayziyanın turizm sənayesi Malayziya ÜDM-nin 15.9 faizi və ya 59.1 milyard ABŞ dolları qazanmışdı və bu sahəyə 3.6 milyon işçi cəlb etmişdi. Zərərçəkən turizm sektorunu bərpa etmək üçün Malayziyanın Baş naziri 23 dekabr 2020-ci ildə 10 illik Milli Turizm Siyasətini - MTS (DPN) həyata keçirməyə başlayıb. Bu siyasət Malayziyanı dünyanın ən ekoturizm məkanı sırasına qoymağa çalışır və bunu tarazlaşdırmaq üçün üzərinə öhdəlik götürür. Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərində (USDG) göstərilən 17 hədəfə uyğun olaraq, MTS Malayziya üçün gələcək fəlakətlərə hazır, davamlı və əhatəli turizm sektoru qurmaq məqsədilə bir yol xəritəsi rolunu oynayacaq. MTS proqramı çərçivəsində Malayziya dövlət və özəl sektor arasında əməkdaşlığı artıraraq daha çox yerli və xarici investor cəlb etmək üçün Xüsusi Turizm İnvestisiya Bölgələrini yaradacaq. 19 fevral 2021-ci ildən başlayaraq turizm, incəsənət və mədəniyyət fəaliyyətlərinin standart əməliyyat prosedurlarının (SOP) COVID-19 məhdudiyyətlərində daha rahat icrasına icazə verilir. Hal-hazırda Malayziyada turizm sektoru ölkə əhalisinin daxili səyahətlərinə yönəlib. Malayziyalıların yerli turizm sektorunu və bizneslərini dəstəkləmək üçün birlikdə olduqlarından qürur duyuram. COVID-19 məhdudiyyətləri tətbiq olunduğundan bəri malayziyalılar ölkənin cənnət bölgəsini araşdırmaq üçün ümummilli səyahət edərlər.

- Demək istəyirsiniz ki, Malayziya turistlər üçün sərhəd qapılarını hələ açmayacaq?

- Hazırda Malayziyada peyvəndləmə prosesi gedir. Bu günə kimi 200 mindən çox insana peyvənd vurulub və 4,5 milyon insan peyvənd olması üçün qeydiyyatdadır. Bu proses başa çatdıqdan sonra xarici turistlərin girişinə icazə verilə bilər. Malayziyaya bğyük ehtimalla ancaq peyvənd olunan turistlər buraxılacaq. Bilirsiniz ki, artıq virusun müxlətif ştammı meydana gəlib və bu, hamımızı ehtiyatlı tədbirlərə əl atmağa sövq edir.

- Bəs, Siz özünüz necə, peyvənd vurdurmusunuzmu?

- Bəli, bu yaxınlarda yerli xəstəxanalardan birində peyvənd vurdurdum. Fürsətdən istifadə edərək, ölkədə fəaliyyət göstərən xarici diplomatların təhlükəsizliyini təmin etmək üçün göstərdiyi xoş jestə və təşəbbüsə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Peyvəndi vətəndə deyil, burada etmək imkanı olduğundan şadam.

- Turizmdən söz düşmüşkən, bu sahədə qarşılıqlı əlaqələri genişləndirmək üçün öncə nələri etmək vacibdir?

- Turizm sektorları yavaş-yavaş bərpa olunduğu müddətdə insanların COVID-19 Peyvənd Pasportundan istifadə edərək rahatlıqla səyahət etməsi üçün hər bir ölkədə COVID-19 peyvəndləmə proqramının müvəffəqiyyətlə həyata keçirilməsini təşkil etmək vacibdir. Eyni zamanda insanlar arasında biliyin və əldə edilən uğurlu təcrübələrin virtual mübadiləsinə, eləcə də mədəni əlaqələrin yaradılmasına fokuslanmaq lazımdır. Malayziya sənayelər arasındakı şəbəkənin gücləndirilməsində yüksək texnologiya inkişafının mühüm əhəmiyyət kəsb etdiyinə önəm verir və turizm sənayesində biznes və iş imkanları yaradacaq yeni innovativ alt sektorlara şərait yaradır. Bunları diqqətə alaraq, texnologiya əsaslı turizm və bu sahəyə qoyulan investisiyalar daima diqqətdə saxlanılır və Malayziya Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndirir.

Laçın SƏMLA

"AzPolitika.info"

635x100

Şərhlər

David 2021-03-14 07:22:13

Azərbaycan və Malayziya əlaqələri son illər yüksək inkişaf fazasına keçib və hər iki ölkənin maraqlarına xidmət edir

Akif 2021-03-13 20:06:26

Təəssüf ki bizdə beynəlxalq səviyyəli jurnalist az yetişir. Heç olmasa Türkiyədən öyrənsinlər müsəlman ölkənin səfirinin yanına necə geyinib getmək lazımdır...

buzovnali 2021-03-12 19:49:18

Malayziyaya səyahət və ya saqqal daraği?!

Son yazılar