"Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi fəaliyyət hesabatında ölkə həyatının bütün sahələrində baş vermiş dəyişikliklər, 2020-cu ildə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə etdiyi nailiyyətləri və perspektivləri ətraflı təhlil edilir".
"AzPolitika.info" xəbər verir ki, bunları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün Mimmi Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deyib. Millət vəkili xatırladıb ki, COVID-19 pandemiyasının bilavasitə təsiri altında dünya iqtisadiyyatında, o cümlədən, dünya enerji bazarlarında neft qiymətlərində qeyri-stabillik müşahidə olunub, bu da Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib: "Lakin son illər ərzində cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişafı istiqamətində hərtərəfli islahatlar həyata keçirilib. Regionların və sahibkarlığın inkişafının təmin edilməsi, biznes mühitinin yaxşılaşdırıması, investisiyalardan səmərəli istifadə olunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun stimullaşdırılması hesabına yüksək nəticələr əldə olunub. Eyni zamanda struktur islahatları və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi dəyişikliklər aparılıb".
S.Qurbanov, Dünya Bankının “Doing Business 2020” hesabatına əsaslanaraq, böhranlı 2020-ci ildə Azərbaycanın mövqeyini 6 pillə yaxşılaşdıraraq, 34-cü pillədən 28-ci pilləyə yüksəlməsini, növbəti dəfə dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olmasını ölkədə aparılan uğurlu islahatların nəticəsi hesab edir.
"Azərbaycan müasir çağırışlar çərçivəsində keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Bu mərhələdə də bu günə qədər olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına heç bir şübhə yoxdur", - deyə komitə sədri vurğulayıb.
Sadiq Qurbanov çıxışında daha sonra 2020-ci ildə energetika sahəsində əldə edilmiş bəzi mühüm müsbət nəticələri diqqətə çatdırıb:
"1. 2020-ci ilin 31 dekabr tarixində Trans-Adriatik Qaz Boru Kəməri vasitəsi ilə kommersiya məqsədli Azərbaycan təbii qazının təchizatına başlanılıb. Bununla da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sarsılmaz iradəsi və uzaqgörən siyasətinin nəticəsi olaraq dünyanın ən iri infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi reallığa çevrildi.
2. Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2030-cu ilə qədər elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırlması istiqamətində ötən il əhəmiyyətli addımlar atılıb və bununla bağlı işlər yenə də davam edir. Belə ki, artıq Energetika Nazirliyi və “Azərenerji” ASC 240 MVt gücündə külək enerjisi layihələrinin həyata keçirilməsi üçün müqavilələr imzalayıb. Ümumi dəyəri təqribən 300 milyon ABŞ dolları olacaq xarici sərmayə əsaslı bu layihənin həyata keçirilməsi nəticəsində tikiləcək külək elektrik stansiyası ildə, təxminən, 1 mlrd. kVt•saat elektrik enerjisi istehsal edəcək, hər il 220 milyon kub metr qaza qənaət olunmasını təmin edəcək, atmosferə 400 min tondan artıq karbon emissiyasının atılmasının qarşısını alacaq, yeni iş yerlərinin açılmasına, müasir istehsal və xidmət sahələrinin yaranmasına yol açacaq.
3. 230 MVt gücündə günəş enerjisi layihəsinin icrası üçün yaxın müddətdə müqavilənin imzalanması nəzərdə tutulur ki, bu da davam edən COVİD-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə baxmayaraq, investisiya şirkətlərinin cənab Prezident İlham Əliyevin ölkədə yaratdığı investisiya mühitinə olan etibarının, inamın bariz nümunəsidir.
4. Hüquqi mexanizmin formalaşdırılması enerji keçidinin özəl investisiya hesabına həyata keçirilməsi üçün mühümdür. Bu baxımdan, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri hazırlanması mühüm əhəmiyyət kəsb edir və məndə olan məlumata əsasən, tezliklə Milli Məclisə təqdim ediləcək. Sözsüz ki, bu qanunların qəbul edilməsi, müəyyən edilmiş hədəflərə, o cümlədən Prezident tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi müəyyənləşdirilmiş yaşıl enerji məkanının formalaşdırılmasına ciddi töhfə verəcək.
5. Ötən il ölkəmizdə əhalinin və iqtisadiyyatın enerji təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib, mühüm uğurlar əldə edilib. Məsələn, hazırda ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96,2 faizə çatdırılıb. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir".
Millət vəkili daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın rifahının yüksəldilməsi məqsədilə ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər sürətlə davam etdirilib. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi, idarəetmədə çevikliyin və səmərəliliyin təmin edilməsi istiqamətində 2020-ci ildə bir sıra layihələr həyata keçirilib. Deputat ekoloji problemlərin həllinə yönəlmiş məqsədyönlü tədbirlərin dediklərinə əyani misal olduğunu vurğulayıb.
S. Qurbanov çıxışında keçən il ölkə ərazisində su qıtlığı ilə əlaqədar yaranan problemlərə də diqqət çəkib: "Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb, su anbarları və magistral kanallar üzrə operativ iş rejimləri hazırlanaraq suyun düzgün paylanılması, sudan səmərəli və qənaətlə istifadə olunması təmin edilib. Bu məqsədlə qlobal iqlim dəyişmələri fonunda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində yaradılmış Dövlət Komissiyası çərçivəsində su ehtiyatlarının uçotu və idarəetməsində operativliyin təmin edilməsi məqsədilə Elektron su təsərrüfatı informasiya sistemi qurulub. Bununla yanaşı su ehtiyatları ilə bağlı məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə Su portalı yaradılıb.
Tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə, istilik effekti yaradan qaz tullantılarının azaldılması, atmosfer havasının mühafizəsi, ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, yaşıllıqların mühafizəsi, tullantı sularının idarə olunması, Xəzər dənizinin çirklənmədən qorunması, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və hasilatı prosesində ətraf mühitə təsirlərin azaldılması, su ehtiyatlarının, o cümlədən transsərhəd suların inteqrasiyalı idarə olunması, istehsal müəssisələrində az tullantılı ən qabaqcıl ekoloji dost texnologiyalarından istifadənin genişləndirilməsi əsas prioritet istiqamətlərdən olub.
Lakin bu o demək deyil ki, bütün problemlər həll olunub, sadəcə qeyd etmək istəyirəm ki, görülən işlər 2021 - ci il üçün böyük ümidlər yaradır. Mövcud problemləri isə yazılı formada Nazirlər Kabinetinə göndərəcəyəm".
Komitə sədri çıxışının sonunda hesabatda sadalanan müsbət nəticələri nəzərə alaraq Nazirlər Kabinetinin 2020-ci il fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb və deputat həmkarlarını onun lehinə səs verməyə çağırıb.
"AzPolitika.info"


Şərhlər
Ölkədə kadr siyasəıti regionçuluq və anti-türk siyasəti ilə davam etdikcə vəziyyət yaxşılaşmayacaq.Ölkə gəncləri aclıq və səfil həyata məhkum edilib.Sabahın isə heç bir ümidverici işığı görünmür.Ölkədə vəzifələr və iş yerləri ... arasında bölünüb.Bahalıq isə yaşamı iflic edir.Yalançı şərhlər özünü aldatmaqdır.