"SİYASİ PARTİYA QURMAĞI DÜŞÜNMÜŞDÜM, ÖZ DÖVLƏTİMİ QURDUM" - Dünyanın ən kiçik ölkələrinin qəribə tarixçələri

Dünyada xəritədə belə görünməyən çoxlu sayda kiçik və qəribə dövlətlər var. Çoxlarının bu dövlətlərin varlığından xəbəri belə yoxdur. Onlardan bir neçəsi ilə daha yaxından tanış olmağa dəyər.

Hutt River Knyazlığı - Bu, 21 aprel 1970-ci ildə Leonard Casley adlı bir cütçü tərəfindən Avstraliyadan ayrılaraq qurulan bir “mikrodövlətdir”. Qərbi Avstraliyada 75 kvadrat kilometrlik kənd təsərrüfatı sahəsində yerləşən bu dövlətin ərazisi Honq-Konqla müqayisə edilə bilər.

Elleore Krallığı - 1944-cü ildə Danimarkaya yaxın bir adada qurulan bu “mikroölkə” ildə sadəcə bir həftə “yaşayır”. Elleore Krallığının vətəndaşları buraya yalnız bir həftəlik - “dövlətin” qurulduğu tarixi qeyd etmək üçün gəlirlər. 

Bu ölkədə nədənsə məşhur "Robinzon Kruzo" əsəri qadağandır. Bununla yanaşı, Danimarka məktəblərində bu krallığın tarixi tədris olunur. Öz mahnılarını, rəqslərini və hətta "Cracket" adlı idman növlərini yaradan Elleorelilər öz vətəndaşlıqları ilə fəxr edirlər.

Seborqa Knyazlığı - Tarixi 1954-cü ilə qədər uzanan bu knyazlıq Fransa sərhədinə yaxın İtaliya ərazisində yerləşir. Heç zaman İtaliyanın bir parçası olmaq istəməyən Seborqa, 1963-cü ildə Giorgio Carbonenin rəhbərliyi vaxtında müstəqillik iddiası ilə çıxışlara başlamışdı. Sonda “müstəqillik” əldə edildi. 

Bundan sonra 1994-1996-cı illər arasında yalnız knyazlıq daxilində istifadə edilmiş və heç bir hüquqi qüvvəsi olmayan Luigino adlı pul vahidi də çap olundu. Son siyahıya alınmaya görə, bu “ölkə”nin 320 vətəndaşı var.

Saugeay Respublikası - 1947-ci ildə Fransa ilə İsveçrə arasında sərhəddə zarafatla qurulan əyalət 11 qəsəbədən ibarətdir. Hal-hazırda bu “ölkə” vətəndaşlarının özlərinə məxsus pasportları, rəsmi möhürləri və s. var. Bura məşhur turizm bölgəsidir.

Atlantium İmperatorluğu - Avstraliyanın Sidney şəhərindəki bir mənzildə Corc Cruikşank tərəfindən qurulan bir “dövlətdir”. 30 ildir ki, dövlət qurmaq xəyalı olan “Kral Corc” bunu belə izah edir: "15 yaşımda ailəm mənə “əgər dünyanın gedişatını bəyənmirsənsə, öz yolunla get” dedi. Əvvəlcə bir siyasi partiya qurmağı düşündüm. Daha sonra iki əmioğlumla öz dövlətimi qurdum”. 

Atlantium Avstraliyaya məxsusdur və müstəqil deyil. Rəsmi məlumata görə, onun dünyanın hər yerində 1200-dən çox vətəndaşı var.

La Boirie Konsulluğu  -2006-cı ildə Fransada Filip, Pascal və Sebastien adlı fransız tarixi, coğrafiyası və siyasəti ilə maraqlanan 3 dostun qurduğu "konsulluq"-dur. 7 hektarlıq ərazidə yerləşən bu turizm obyekti öz təqviminə, ayinlərinə və s. sahibdir.

Xristianiya - Son 40 ildə Xristianiyanın yerli sakinləri ilə hökumət arasında müstəqilliklə bağlı bir çox mübahisə və qarşıdurmalar olub. Bu çətin mübarizələrin sonunda "Freetown Christiania" rəsmi olaraq 2012-ci ilin iyul ayında qurulub. 

Xristianiyalılar Avropa Birliyinin qaydalarını rədd edərək öz qaydalarını tətbiq edir. O, Kopenhagenin yaxınlığında yerləşir.

Molosiya Respublikası - Nevada əyalətində yaşayan Kevin Baugh adlı ABŞ vətəndaşı,1977-ci ildə aldığı və öz respublikasını elan etdiyi 25 min kvadratmetrlik Molosia adlı ərazidə 'Prezident' olaraq yaşayır. 

Baugh Molosiya adının İspan dilində 'kiçik qayalı təpə' mənasını verən 'morro' sözündən gəldiyini bildirir. Molosiyanı ziyarət etmək üçün pasport tələb olunur və "ölkəyə" daxil olan turistlərin pasportuna "Molosiya Respublikası"nın möhrü vurulur.

Molosiyanın prezident sarayı təxmin edildiyi kimi, Kevin Baughun evidir. Molosiya əhalisi bir neçə köpək də daxil olmaqla 34 nəfərdir. Ölkədə bir pişik də var, amma prezident Kevin Baugh pişiyinə güvənmədiyi üçün ona vətəndaşlıq vermədiyini söyləyir.

Güntəkin

«AzPolitika.info»

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar