Gəmiqaya Holdinq Gürcüstanda 5 ulduzlu otel açıb. Xalq.az-ın məlumatına görə, Gəmiqaya Holdinq tərəfindən istifadəyə verilmiş “Divan Suites Batumi” otelinin açılışında Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Arçil Xabadze, Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri Aftandil Beridze, Gəmiqaya Holdinqin rəhbəri Rza Talıbov, eləcə də digər rəsmi qonaqlar iştrak ediblər.
Rza Talıbov Naxşıvan Müxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbovun oğludur, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
"Yeni Müsavat”ın Batumidəki qaynaqlardan əldə etdiyi xəbərə görə, rəsmi açılışı yaxın günlərdə gerçəkləşən “Divan Suites Batumi” 5 aydır istifadəyə verilib. 2014-cü ilin iyun ayından ilk qonaqlarını qəbul edən hotel şəhərin ən pristijli hotellərindən sayılır. Batumidəki qaynaqlar onu da bildirir ki, hotel “Gəmiqaya Holding”in Türkiyə iş dünyasının nəhəngi “Koç Holding”lə ortaq layihəsidir.
“Divan Suites Batumi” bu yay Batumiyə gələn zəngin turistlərin sevimli məkanı olub. Batum bulvarına yaxın mövqedə yerləşməsi, xidmətin keyfiyyətinə görə 5 ulduzlu hotel konseptinə tam cavab verməsi, eyni zamanda dünyanın bir neçə mətbəxi təqdim edilən restoranı hoteli həm yerli iş adamları, həm də xarici qonaqlar üçün cəlbedici edir. Onu da vurğulayaq ki, “Divan Suites Batumi”də qiymətlər Batumi üçün orta səviyyəli sayılır. Hotelin standart otaqlarının bir gecəlik qiyməti 145 dollardır. Bundan başqa, hoteldə 5 “kral otaqları” da var. “Kral otaqları”nın günlük qiyməti 300 dollara yaxındır. Müqayisə üçün qeyd edək ki, bu qiymətlər Azərbaycandakı 5 ulduzlu hotellərin qiymətindən təxminən 2 dəfə ucuzdur.
Qeyd edək ki, Acarıstan və Naxçıvan rəhbərləri sıx əməkdaşlığın qurulmasına dair razılığa hələ 2012-ci ilin yanvarında gəliblər. Tərəflər məhz o vaxt Batumidə iki muxtar respublika arasında əməkdaşlığın qurulması məsələlərinin geniş siyahısını müzakirə etmişdilər.Görüşdən sonra Acarıstan nümayəndəsi bildirmişdi ki, tərəflər müxtəlif istiqamətlər üzrə bir neçə işçi komissiyanın yaradılması barədə razılığa gəliblər: “Bunlar turizm, idman, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıqdır. Biz bu istiqamətlərdə sıx əməkdaşlığın qurulması barədə razılığa gəlmişik”.
Öz növbəsində, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov qeyd etmişdi ki, bu, Acarıstana ilk səfəridir və bunun nəticəsi müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulması olmalıdır.
Onu da qeyd edək ki, Vasif Talıbovun oğlu Gürcüstanda biznes quran yeganə azərbaycanlı deyil. Gürcüstan Dövlət Statistika Komitəsi xəbər verir ki, 2014-cü ilin iki rübündə ölkəyə 567 milyon dollar xarici investisiya cəlb edilib. Gürcüstan iqtisadiyyatına investisiya qoyan ölkələr sırasında ilk yeri Niderland tutur - 174 milyon dollar. İkinci yer 99,9 milyon dollarla Azərbaycan iş adamlarınındır. Üçüncü yeri 59 milyon dollarla Lüksemburq tutur. Onu da vurğulayaq ki, 2013-cü ildə Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın ümumi həcmi 942 milyon dollar olub. Ötən il də Azərbaycan iş adamları sıralamada ikinci yerdə dayanıb.
Azərbaycan iş adamları nədən vəsaitlərini daxili turizmin inkişafına deyil, qonşu Gürcüstana sərmayə yatırmasına münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, səbəb Gürcüstanda investisiya mühitinin çəkiciliyidir: “Ümumiyyətlə, Batumi son illər ciddi şəkildə inkişaf edib. Gürcüstan hökuməti Batumini turizm mərkəzi kimi inkişaf etdirmək üçün çox böyük layihələr həyata keçirib. Dövlət səviyyəsində görülən tədbirlərdən biri də turizm bölgəsinə xarici investorların cəlb edilməsi üçün bir sıra güzəştlərin tətbiq edilməsidir.
Bu güzəştlər Batumiyə geniş sərmayə yatırılmasına imkan verir. Bu da Gürcüstanı xarici ölkələrdən olan iş adamlarının investisiya qoymaları üçün arzuolunan məkana çevirir. Burada ikinci önəmli məqam da var - Gürcüstanda alıcılıq qabiliyyəti yüksəkdir. Yəni qoyulan investisiyanın rentabelli olacağına təminat böyükdür. Bu da imkan verir ki, Azərbaycan iş adamları Gürcüstan iqtisadiyyatına daha çox vəsait yönəltsinlər. Eyni zamanda Gürcüstana gediş-gəlişin rahat olması, dil baryerinin olmaması Azərbaycan iş adamları üçün bu ölkədə daha münbit şərait yaradır”.
Vüqar Bayramov onu da bildirib ki, Gürcüstanın vergi sistemində ciddi islahatlar aparılması ölkənin investisiya mühitinə olduqca müsbət təsir göstərib: “Gürcüstan Batumini xüsusi iqtisadi zona elan etdiyindən həm yerli, həm də xarici investorlar üçün vergi dərəcələri aşağıdır. Bu mühit öz biznesini inkişaf etdirmək istəyən xarici investorlar üçün son dərəcə uyğun və əlverişli olduğundan Batumiyə xarici investisiyanın axını güclüdür. Proqnozlar göstərir ki, yaxın illərdə də artım tempi davam edəcək”.
Azərbaycanda da turizmin inkişaf etdirilməsi Azərbaycan rəsmilərinin dediyinə görə, hökumətin prioritetlərindəndir. Ancaq Gürcüstandan fərqli olaraq Azərbaycanda investisiya mühiti iş adamları üçün o qədər də cəlbedici deyil. Ekspertlər bu sektorun inkişaf etməməsində rüşvət faktorunu əsas maneə sayır. Rüşvət stavkalarının yüksək olması xidmətin qiymətini elə bahalaşdırır ki, ölkəyə nəinki xarici turist axınını təmin etmək mümkün olmur, ölkə vətəndaşları belə xarici ölkələrin daha yaxşı keyfiyyətli və daha ucuz hotellərinə üz tutur.
Vaqif
AzPolitika.info





Şərhlər