Menu

Beynəlxalq təşkilatlar Xədicə İsmayılla bağlı bəyanat yaydı

17.10.2014, 14:48
Beynəlxalq təşkilatlar Xədicə İsmayılla bağlı bəyanat yaydı

Beynəlxalq hüquq müdafiə təşkilatları koalisiyası İGPA jurnalist Xədicə İsmayılova ilə bağlı bəyanat yayıb.

“Turan”ın məlumatına görə, bəyanatı bu təşkilatlar imzalayıb: “Artikl 19”, Jurnalistləri Müdafiə Komitəsi, Senzura İndeksi, Avropa Jurnalistlər Federasiyası, “Freedom House”, “Freedom Now”, İnsan Haqları Evi Fondu, Mediaya Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Beynəlxalq PEN-klub və “Sərhədsiz Reportyorlar”.

Bəyanatda Xədicə İsmayılovanın ölkədən çıxmasına qoyulan qadağanın aradan qaldırılması, jurnalistə qarşı məhkəmə çəkişmələrinə son qoyulması tələb olunur: “Vətəndaş cəmiyyətinə qarşı görünməmiş hücumların fonunda Xədicə İsmayılovanın həbsi qaçılmaz görünür və hakimiyyətin ölkədəki bütün tənqidi səsləri susdurmaq niyyətini təsdiqləyir”.

Bəyanatda beynəlxalq birlik, xüsusən Avropa Şurası və bu şuraya üzv olan dövlətlər Xədicə İsmayılovaya qarşı siyasi motivli cinayət işini pisləməyə çağırılır.

İPGA üzvləri bildirirlər ki, Azərbaycanda siyasi məhbuslar məsələsini qaldıranlar hakimiyyətin hədəfinə çevrilir. Bəyanatda deyilir ki, bu cür repressiyalar beynəlxalq insan hüquqları standartları ilə bir araya sığmır.

Bu arada “Amnesty İnternational” təşkilatı da Azərbaycan hakimiyyətini Xədicə İsmayılovaya qarşı təzyiq və təqiblərə son qoymağa çağırıb. Təşkilatın bəyanatında bildirilib ki, hakimiyyət jurnalistin ölkədən çıxması barədə qadağanı ləğv etməli, onun fəaliyyətinə və hüquqlarının müdafiəsinə şərait yaratmalıdır. “Amnesty İnternational” təşkilatı da hesab edir ki, Xədicə İsmayılovanı siyasi motivli ittihamlar əsasında həbs təhlükəsi gözləyir.

Bu il fevralın 17-də Xədicə İsmayılova “Feysbuk” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona 2011-ci ildə hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin ötürdüyünü deyir. Həmin materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Oktyabrın 12-də Xədicə İsmayılova Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb. Oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Xədicə İsmayılovanın hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaqı aparılan cinayət işi ilə bağlıdır: “Onun qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, həmçinin aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Bu səbəbdən də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub”.

Xədicə İsmayılova fevralın 17-də “Feysbuk”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayılova “Feysbuk”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyir.

Oktyabrın 9-da Binəqədi Rayon Məhkəməsində bu iddia ilə proses başlanıb. Proses oktyabrın 23-də davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol