Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Kommersant” qəzetinə maraqlı müsahibə verib.
"AzPolitika" xəbər verir ki, ölkə rəhbərliyinin ən üst səviyyəsindəki fiqurlardan olan və ən məlumatlı şəxslərdən biri sayılan Patruşev son zamanlar ABŞ-la Rusiya arasında yaranan gərginlik, Ukrayna ilə sərhəddə baş verənlər və digər mövzularla bağlı fikirlərini bölüşüb.
Patruşevin bu müsahibəsinin təsadüfi olmadığı və burada deyilənlərin birbaşa ölkə başçısı Vladimir Putinin mövqeyini əks etdirdiyini nəzərə alsaq, belə qənaət yaranır ki, ABŞ-Rusiya münasibətlərinin bəlkə də tarixdə bu qədər gərgin olduğu və normallaşmasının az ümid doğurduğu dövr olmayıb.
Əvvəlcə Ukrayna ilə sərhəddə baş verənlərə dair sualı cavablandıran TŞ katibi Qərbi Ukraynanın təbii və iqtisadi resurslarına sahib çıxmaqda, onu özünün vassalına çevirməkdə günahlandırıb. Rusiyanın Donbassda baş verənlərlə əlaqədar Ukraynaya birbaşa hərbi müdaxiləsi ehtimalına gəlincə, Patruşev deyib: “Biz belə planlar bəsləmirik, yox. Lakin situasiyanı diqqətlə izləyirik. Onun inkişafından çıxış edərək, konkret tədbirlər görüləcək.”
Donbassda vəziyyətin gərginləşməsinin səbəbləri barədə danışan TŞ katibi Rusiyanın standart mövqeyini təkrarlayıb və deyib ki, baş verənlər Ukraynanın daxilindəki problemlərlə bağlıdır və hakimiyyət bununla diqqəti həmin problemlərdən yayındırmaq istəyir: “Onlar öz problemlərini Donbassın hesabına həll etmək istəyirlər, bu zaman isə ölkənin kapitalları xaricə axıdılır…”
Patruşevin xüsusi “ürək ağrısı” ilə şərh verdiyi mövzu isə ABŞ-ın yeni Prezidenti Co Baydenin Vladimir Putini “qatil” adlandırması və ABŞ-Rusiya münasibətlərinin hazırkı durumu ilə bağlı olub. TŞ katibi bu münasibətlərdə yaranmış indiki durumu “Soyuq müharibə” dövrü ilə eyniləşdirib: “Paralellər aparmaq istəməzdim, lakin 75 il əvvəl, 1946-cı ilin martında Çörçill Prezident Trumenin yanında məşhur Fulton nitqini söyləyərək, qısa müddət əvvəl anti-Hitler koalisiyasında müttəfiqi olan bizim ölkəmizi düşmən elan etmişdi. Bununla da “Soyuq müharibə”nin başlanğıcı qoyulmuşdu.”
“Siz bununla da müharibə həddində olan qarşıdurma dövrünün gəldiyini demək istəyirsiniz” sualına cavabında Patruşev deyib: “Biz bunu heç istəməzdik. Hazırda siyasi situasiya gerçəkdən də əlverişsizdir, iki ölkə arasında münasibətlər “Soyuq müharibə” bitəndən sonra ən aşağı səviyyəyə enib. SSRİ-ABŞ qarşıdurması dövründə belə buna oxşar bir şey olduğunu xatırlamıram…”
Baydenin Putinə dediyi “qatil” ifadəsinə görə üzr istəməsi perspektivinə gəlincə, Patruşev buna skeptik yanaşdığını və ABŞ rəhbərliyinin üzr istəmək kimi təcrübəsinin olmadığını qeyd edib. Buna baxmayaraq, Patruşev münasibətlərin normallaşacağına ümid etdiklərini və tarixdə belə presedentlərin olduğunu vurğulayıb. TŞ katibi onu da qeyd edib ki, əslində ABŞ-ın hazırda əsas düşməni Rusiya yox, koronavirus pandemiyasıdır. Çünki ABŞ-da pandemiya nəticəsində 560 min insan dünyasını dəyişib. Bu isə ölkənin üst-üstə iki dünya müharibəsindəki itkilərindən daha böyük rəqəmdir. Maraqlıdır ki, Patruşevin bu fikrinə qarşılıq olaraq, jurnalist Rusiyada rəsmi statistikaya görə pandemiyadan cəmi 100 min insanın öldüyü bildirilsə də, eyni zamanda əvvəlki illə müqayisədə 2020-ci ildə 500 min daha artıq insanın ölməsini göstərib və bunun pandemiya ilə əlaqədar ola biləcəyini qeyd edib. Lakin Patruşev pandemiya ilə bağlı rəsmi statistikaya inandığını deməklə kifayətlənib.
Bir sözlə, Rusiya TŞ katibi ABŞ-Rusiya münasibətlərindəki gərginliyin pik həddə yaxınlaşdığına, eləcə də Ukraynada irimiqyaslı hərbi əməliyyatların gözlənildiyinə dair iddiaların təsadüfi olmadığını və reallığı əks etdirdiyini təsdiqləmiş olub.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər