“PARKLANMAYA NƏZARƏT EDƏNLƏR O QƏDƏR GÜCLÜDÜR Kİ...” – BNA cərimə yazmaq sistemini qurmağa 6 milyon xərcləyib, amma...

Qısa bir araşdrıma ilə müəyyən etmək olur ki, nəinki inkişaf etmiş ölkələrdə, elə MDB məkanına daxil olan ölkələrin əksərində, böyük şəhərlərdə parklama ilə bağlı məsələlər çoxdan həllini tapıb.

Bu ölkələrin əksəriyyəti, nəinki böyük parklama ərazilərini, hətta küçələrdə, evlərin və müxtəlif inzibati binaların ətrafında olan parklama yerlərini vahid bir informasiya sistemində birləşdirib, pullu və pulsuz olanları fərqləndiriblər. Məlumatlandırma və monitorinq sistemləri qurublar. Bizdə vəziyyət necədir?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, uzun müddət keçməsinə baxmayaraq, ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Ekspert xatırladır ki, Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinə (BNA) parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydaları müəyyən etmək tapşırılıb.

"Ötən müddət ərzində Bakı şəhərində bir xeyli parklanma yerləri müəyyən edilib. Lakin vahid bir sistem ortada yoxdur. Qəribə də olsa, indiyədək əksər parklanma yerlərindən yığılan pulların BNA-ya aidiyyatı yoxdur. Ümumiyyətlə , BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir "X" şirkətinin kontrolundadır", - deyə O.Gündüz vurğulayıb.

Ekspert səbəb kimi hökumətin saat hesabı parklama tariflərini 4 ildir ki, müəyyən edə bilmədiyini göstərib: "BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı parklanma yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Hökumət, göründüyü kimi, uzun müddətdir ki, bu problemi həll etmək istəmir. Elə yerlər var ki, səhər kim tez yuxudan dursa, parklanma yerlərinin idarəedicisi o hesab olunur. Bəzən müşahidə etmək olur ki, kimsə dövlətə məxsus olan ərazilərə şlaqbaum yerləşdirir".

Osman Gündüz hesab edir ki, bütün parklanma yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək, bununla bağlı bir mobil tətbiq hazırlamaq və normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb. "Görünür, hazırda parklamaya kimlər nəzarət edirsə, hökumətə təsir imkanları yetərincə güclüdür ki, BNA rəhbəri Vüsal müəllim 4 ildir ki, qanunvericiliklə ona verilən səlahiyyəti icra edə bilmir", - deyə ekspet qeyd edib.

O.Güdüz bir maraqlı məsələyə də diqqəti çəkir: "BNA parklamanın tariflərini həll edə bilməsə, normal bir informasiya sistemi qura bilməsə də, qanunsuz parklama ilə bağlı videomüşahidə sistemini, yəni cərimə sistemini həll edə bilib. Bu məqsədlə BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 000 000 manat ödəyib. Son zamanlar Prezident Administrasiyası tərəfindən dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Ümid edək cari ildə, nəhayət ki, bu problem də öz həllini tapacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

turan 2021-04-09 12:06:43

Bəs necə olur ki, cərimə sistemini yarada bilir..belə şeyləri yaxşı bacarırlar,gün ərzində qeyri qanuni yığılan pulların da böyük hissəsi BNA-da oturanların cibinə gedir

RT 2021-04-09 01:57:51

Anarxiya )((

Sürücü 2021-04-08 20:46:36

Siatem yaratmadan,məsələni insanların rahatlığını da nəzrə almaqla həll etmdən cərimə sistemindən istifadə edərək sürücü ovuna çıxmaq hansı qanunla rənzimlənir.Bu qeyri-qanuni deyilmi?Niyə bu hal əhalinin böyük hissəsini narahat etdiyini bu hakimiyyət görməzdən gəlir və cərimələnməyin qanunsuz və yüksək olmasına diqqət etmir.Axı heç kəs müvafiq şərait yaradılsa qayda pozmağa meyilli olmaz.Şəhərin insanların çox istifadə etdiyi sahələrdə,marketlər,iri ticarət mərkəzləri,müraciət edilən dövlət müəssisələri yanında dayanacaqlar təşkil edilmir,əksinə bu məkanların yanında nişan qoyaraq insanları cərimə edorlər.Bu necə qanunidir?

Son yazılar